Moskva və Kiyev arasında növbəti əsir mübadiləsi: 10 nəfər azad edildi

Moskva və Kiyev arasında növbəti əsir mübadiləsi: 10 nəfər azad edildi
Rusiya hava zərbəsi nəticəsində Donetsk vilayətinin cəbhə şəhəri Kramatorskda yerləşən yaşayış binasında yanğın və tüstü yüksəlir. Ukrayna, 25 avqust 2026-cı il.
Reuters

Moskvanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova Rusiya və Ukraynanın Belarus ərazisində hər tərəfdən 10 olmaqla ümumilikdə 20 hərbi əsiri dəyişdirdiyini bildirib. 

⦿ 21:25 | YENİLƏNİB

Rusiya Ukraynanın İzmail limanında yük gəmisinə zərbə endirdiyini iddia edir

Reuters

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Rusiya qüvvələri Ukrayna ordusunun təchizatında istifadə olunan yük gəmisini İzmail limanında vurub.

Nazirliyin məlumatına görə, dron hücumu zamanı yanacaq anbarları və liman infrastrukturu da hədəfə alınıb.

“Reuters” bu iddiaları müstəqil şəkildə təsdiqləyə bilməyib.

İzmail limanına Rumıniyanın Plauru kəndindən baxış. Rumıniya, 5 sentyabr 2023-cü il.

⦿ 20:17 | SON DƏQİQƏ

Putin danışıqlar dalana dirəndiyi üçün Ukraynada müharibəni gərginləşdirir

Reuters

Sülh danışıqlarının dalana dirənməsi fonunda Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni gərginləşdirmək istiqamətində addımlar atdığı bildirilir.

Məlumata görə, bu, münaqişəyə son qoymaq üçün aparılan diplomatik səylərin artan çətinliklərlə üzləşdiyi və danışıqlarda aydın irəliləyişin əldə olunmadığı bir vaxta təsadüf edir. 

⦿ 19:45 | YENİLƏNİB

MSC dron hücumları səbəbindən Rusiyanın Qara dəniz xidmətini dayandırıb

 

“MSC” (“Mediterranean Shipping Company”) Qara dənizdə artan təhlükəsizlik narahatlıqları fonunda Rusiyanın Qara dəniz limanlarına xidmətlərini dayandırdığını bildirib.

Şirkət qərarın dron hücumlarından sonra verildiyini açıqlayıb. MSC müştərilərinə göndərdiyi bildirişdə Rusiya limanı Novorossiyskə gedən “MSC ULSAN III” konteyner gəmisinin dron hücumuna məruz qalmasından sonra yeni sifarişlərin qəbulunu dayandırdığını bildirib.

Şirkət vəziyyəti izlədiyini və xidmətlər bərpa olunana qədər müştərilərə alternativ daşınma imkanlarını nəzərdən keçirməyi tövsiyə etdiyini qeyd edib. 

Konteynerlər ABŞ-nin Kaliforniya ştatının Lonq Biç şəhərindəki Los-Anceles limanında dayanmış MSC gəmisinin üzərindədir. ABŞ, 10 mart 2026-cı il.
Reuters

⦿ 19:25 | YENİLƏNİB

ABŞ almaz idxalı ilə bağlı Rusiyaya aid lisenziyanın müddətini uzadıb

Reuters

ABŞ Rusiyaya qarşı sanksiyalara baxmayaraq, müəyyən kateqoriyalı almazların idxalı ilə bağlı əməliyyatlara icazə verən baş lisenziyanın müddətini daha bir il uzadıb.

Sentyabrın 1-də başa çatmalı olan lisenziyanın qüvvədə olma müddəti 2027-ci il sentyabrın 1-dək uzadılıb.

⦿ 19:10 | YENİLƏNİB

Tramp MKİ direktorunun Moskva səfərinin nəticə verə biləcəyini bildirib

Reuters

ABŞ Prezidenti Donald Tramp radio müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliffin çərşənbə axşamı Moskvaya səfərinin nəticə verə biləcəyini bildirib.

Ukraynadakı müharibəyə toxunan Tramp “Glenn Beck Program”ına müsahibəsində deyib: “İndi bundan nəsə nəticə çıxa bilər. Biz bu müharibəyə son qoymaq üçün çox ciddi çalışırıq”.

MKİ rəhbərinin Moskva səfərinin Rusiyanın NATO-ya qarşı mümkün addımlarını və ya İrana qarşı sanksiyaları müzakirə etmək məqsədi daşıyıb-daşımadığı ilə bağlı suala Tramp belə cavab verib: “Bunların heç biri. Bilirsiniz, onun səfəri bir növ adi xarakter daşıyır”.

Kreml bildirib ki, Ratkliff Moskvada Rusiya kəşfiyyat rəsmiləri ilə görüşüb, lakin Prezident Vladimir Putinlə görüş keçirməyib.

MKİ direktorunun Rusiya paytaxtına məlum olan son səfəri Ratkliffin sələfi Uilyam Bernsin 2021-ci ilin noyabrında, Ukraynada müharibə başlamazdan üç ay əvvəl Putinlə görüş keçirdiyi vaxt baş tutmuşdu.

⦿ 19:00 | YENİLƏNİB

Tambovda "Wildberries" anbarı Ukrayna zərbəsi nəticəsində tamamilə məhv edilib

Reuters

Rusiyanın mərkəzində yerləşən Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov bildirib ki, Ukraynanın dron zərbəsi nəticəsində Rusiyanın elektron ticarət nəhəngi “Wildberries” şirkətinin istifadə etdiyi anbar tamamilə məhv edilib.Onun sözlərinə görə, gecə saatlarında baş verən hücum nəticəsində iki nəfər xəsarət alıb.

Ukrayna iyulun ortalarından etibarən “Wildberries” obyektlərini hədəf alır. Son günlərdə isə strategiyasını genişləndirərək şirkətin əsas rəqibi olan “Ozon”un anbarlarına da zərbələr endirib.

“Reuters”in peyk görüntülərinin təhlilinə əsasən, “Wildberries” və “Ozon” şirkətlərinə məxsus 20-dən çox anbar hücuma məruz qalıb. Nəticədə ən azı 1,9 milyon kvadratmetr anbar sahəsinə yanğın səbəbindən ciddi ziyan dəyib.

Ukraynanın Rusiyanın “Wildberries” və “Ozon” elektron ticarət şirkətlərinin istifadə etdiyi anbarlara zərbələrini göstərən xəritə. 
Reuters

⦿ 18:45 | YENİLƏNİB

Ukraynanın avtobusa zərbəsi nəticəsində 9 nəfər həlak olub

Reuters

Rusiyanın nəzarətində olan Ukraynanın şərqindəki Luqansk vilayətində avtobusa endirilən zərbə nəticəsində 9 nəfər həlak olub. Bu barədə regionun Rusiya tərəfindən təyin edilmiş qubernatoru Leonid Paseçnik bildirib.

Paseçnikin sözlərinə görə, zərbə zamanı avtobus Lisiçansk şəhərindən Kadiyevka şəhərinə doğru hərəkət edib. O, hadisənin detalları ilə bağlı əlavə məlumat verməyib.

⦿ 18:15 | YENİLƏNİB

Slovakiyada dron zavoduna hücum planlaşdıran şübhəlilər Latviya və Ukrayna vətəndaşlarıdır

Reuters

Slovakiya Prokurorluğunun bildirdiyinə görə, çərşənbə axşamı ölkənin şərqindəki dron zavodunu yandırmaq qəsdi ilə bağlı həbs edilən şübhəlilərdən ikisi Latviya, üçüncüsü isə Ukrayna vətəndaşıdır.

Buna qədər "The Kyiv Independent" qəzeti anonimlik şərti ilə danışan şirkət nümayəndəsinə istinadən hədəf alınan obyektin Preşov şəhərində Ukraynanın "Skyeton" firmasına məxsus zavod olduğunu xəbər vermişdi.

⦿ 17:05 | YENİLƏNİB

Ukrayna Donetsk cəbhəsinini gücləndirir 

Source

Ukrayna Rusiyanın əsas təzyiq zonası olan şərqdəki Donetsk cəbhəsini tanınmış komandirlərin rəhbərlik etdiyi iki bölmə ilə gücləndirəcək. Bu barədə Prezident Volodimir Zelenski çərşənbə günü bildirib.

"Azov" Korpusunun komandiri Denis Prokopenko və Üçüncü Ordu Korpusuna komandanlıq edən Andriy Biletski yeni yaradılmış bölmələrə rəhbərlik edəcəklər. Zelenski bu barədə "Telegram"da məlumat verib.

Denis Prokopenko kimdir?

35 yaşlı briqada generalı Prokopenko Ukrayna Silahlı Qüvvələrinə 2014-cü ildə mülki könüllü kimi qoşulub. O, 2022-ci ildə Mariupol liman şəhərinin müdafiəsinə rəhbərlik etdikdən sonra məşhurlaşıb. Prokopenko 2022-ci il mayın 20-də Rusiya hərbçilərinə təslim olub və Rusiyada əsirlikdə saxlanılıb.

2022-ci ilin sentyabrında Prokopenko əsir mübadiləsi çərçivəsində azad edilərək razılaşmaya əsasən Türkiyəyə göndərilib. O, 2023-cü ilin iyulunda Ukraynaya qayıdıb.
Kreml Prokopenkonu və onun xidmət etdiyi "Azov" briqadasını neo-nasist baxışlarına malik olmaqda ittiham edib. Prokopenko bu iddiaları təkzib edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Denis Prokopenko ilə əl sıxır. İstanbul, Türkiyə, 8 iyul 2023-cü il.

Reuters

⦿ 16:49 | YENİLƏNİB

Slovakiyada dron zavoduna hücum cəhdinin hədəfi ukraynalı istehsalçı olub

 

Çərşənbə axşamı Slovakiyanın şərqində yerləşən dron zavoduna hücum planlaşdırdıqları şübhəsi ilə saxlanılan üç xarici vətəndaş Ukraynaya məxsus “Skyeton” şirkətinin Preşov şəhərindəki müəssisəsini hədəf alıb. Bu barədə şirkət nümayəndəsi Ukraynanın “The Kyiv Independent” nəşrinə açıqlama verib.

Təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən nümayəndə bildirib: “Ruslar müntəzəm olaraq həm Ukraynadakı istehsal obyektlərimizə, həm də nüfuzumuza hücum etməyə çalışırlar”.

Ukraynanın “Skyeton” dron istehsalçısı uzaqmənzilli döyüş dronlarının istehsalına başlamaq məqsədilə 2024-cü ildə Preşovdakı zavoda 3,5 milyon dollar sərmayə yatırıb.

⦿ 16:30 | YENİLƏNİB

Dunay limanında ləngimələr Ukraynanın taxıl ixracını zəiflədir

Reuters

Treyderlər və analitiklərin çərşənbə günü bildirdiyinə görə, Ukrayna limanlarına daxil olaraq ixrac üçün taxıl yükləmək məqsədilə Dunayın Sulina kanalı yaxınlığında 70-ə qədər gəmi gözləyir. Loçman çatışmazlığı və digər yüklərə üstünlük verilməsi uzunmüddətli ləngimələrə səbəb olur.

Rusiyanın hücumları Ukraynanın taxıl ixracının 90 faizini həyata keçirən Qara dəniz limanlarını faktiki olaraq blokladıqdan sonra bəzi daşımalar ötürücülük qabiliyyəti daha aşağı olan Dunay çayı limanlarına yönəldilib.

Taxıl yükləri yanacaq kimi daha yüksək prioritetli daşımalarla limanlara giriş uğrunda rəqabət aparır və bu, ixrac prosesini ləngidir. Bütün liman əməliyyatlarının dayandırılmasına səbəb olan tez-tez hava həyəcanı siqnalları da vəziyyəti çətinləşdirir.

Ukrayna dünyanın ən böyük taxıl ixracatçılarından biridir və onun tədarüklərindəki fasilələr qlobal bazarlarda qiymətlərin artmasına səbəb ola bilər. 

⦿ 16:15 | YENİLƏNİB

Ermənistan ehtimal olunan səfərbərlikdən yayınan rusiyalıların ölkəyə girişinə mane olmayacağını bildirib

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkəsinin ehtimal olunan səfərbərlikdən yayınan rusiyalıların Ermənistana daxil olmasına mane olmayacağını bildirib.

Rusiyanın “Dojd” telekanalına müsahibəsi zamanı Simonyandan cəbhəyə göndərilməkdən yayınmağa çalışan rusiyalıların Ermənistana qəbul edilib-edilməyəcəyi soruşulub.

“Sərhəddə heç kim heç kimdən bura niyə gəldiyini soruşmayacaq”, — Simonyan cavab verib.

“Ermənistan onların gəlişinə heç bir halda mane olmayacaq və ehtiyac yaranarsa, biz kömək göstərəcəyik”, — o əlavə edib.

⦿ 15:59 | YENİLƏNİB

Ukrayna "Starlink"ə əlavə çıxış əldə etməyə çalışdığı bir vaxtda İlon Maska ali dövlət təltifi verib

Reuters

Dünyanın ən varlı şəxsi İlon Maska Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən ölkənin ali dövlət təltiflərindən biri olan “Azadlıq” ordeni təqdim edilib.

Ukrayna Silahlı Qüvvələri 2022-ci ildə müharibənin başlanmasından bəri döyüş meydanında rabitənin təmin edilməsi və dronların idarə olunması üçün Maskın “Starlink” peyk internet xidmətindən istifadə edir.

Trilyonçuya bu təltifin verilməsi qərarı Ukraynanın “Starlink” xidmətindən istifadəsini genişləndirməyə çalışdığı bir vaxtda açıqlanıb. Çərşənbə günü yayımlanan prezident fərmanında Mask insan həyatının və azadlığının qorunmasına verdiyi mühüm şəxsi töhfələrə, eləcə də Ukrayna və ABŞ xalqları arasında münasibətlərin inkişafına verdiyi dəstəyə görə təqdir olunub.

“Tesla” və “SpaceX” şirkətlərinin baş direktoru İlon Mask. Paris, Fransa, 16 iyun 2023-cü il.
Reuters

Mask 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından qısa müddət sonra Ukrayna ərazisində “Starlink” peyk internet xidmətini aktivləşdirib.

Keçmiş müdafiə naziri Mixaylo Fedorovun müraciətindən sonra Mask bu il Rusiyanın “boz bazar” vasitəsilə əldə etdiyi minlərlə “Starlink” terminalını söndürməyə razılaşıb. Bu addımın Moskvanın qüvvələri üçün çətinliklər yaratdığı bildirilib.

⦿ 15:45 | YENİLƏNİB

Macarıstanın yeni hökuməti Rusiyanı "təhdid" kimi təsnif edib

Anadolu

Macarıstanın yeni hökuməti Rusiyanı rəsmi olaraq ölkəsi, Avropa və qlobal nizam üçün təhdid kimi qiymətləndirib.

Bu mövqe keçmiş Baş nazir Viktor Orbanın dövründə Moskva ilə daha yaxın münasibətlərə əsaslanan xarici siyasətdən kəskin dönüş kimi qiymətləndirilir.

Hökumətin BMT Baş Assambleyasına hazırladığı sənəddə Rusiyanın hərbi təcavüzü pislənib və Ukraynanın suverenliyi ilə ərazi bütövlüyünə dəstək ifadə olunub.

Peter Madyar Macarıstanın Sekeşfehervar şəhərində keçirilən partiya mitinqində çıxış edir. Macarıstan, 26 iyul 2025.

⦿ 15:39 | YENİLƏNİB

Peskov: "Ukrayna müharibədə şübhəsiz ki, uduzur" 

Reuters

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın vəzifəsindən kənarlaşdırılmış müdafiə naziri Mixaylo Fedorovun Kiyevin Rusiya ilə müharibədə tədricən uduzduğu barədə açıqlamasına münasibət bildirərək deyib ki, Ukrayna bu müharibədə “şübhəsiz ki, uduzur”.

Kiyevin rəsmi mövqeyindən fərqli açıqlama verən Fedorov çərşənbə axşamı bildirib: “Düşünürəm ki, hazırda gələcək istiqamətimizi müəyyən edəcək dönüş nöqtəsindəyik, lakin görünür, biz tədricən, yavaş-yavaş uduzuruq”.

Kreml həmçinin bildirib ki, ABŞ-Rusiya münasibətlərindəki dərin böhranın aradan qaldırılacağını demək hələ tezdir. 

Kremlin sözçüsü Dmitri Peskov. Moskva, Rusiya, 18 noyabr 2025.
Reuters

⦿ 15:30 | YENİLƏNİB

Ukrayna hərbçiləri Rusiyanın neft emalı zavoduna zərbə endirildiyini bildirir

Reuetrs

Ukrayna Baş Qərargahının məlumatına görə, Kiyev qüvvələri gecə saatlarında Rusiyanın Nijni Novqorod vilayətində yerləşən “Lukoyl” şirkətinə məxsus NORSI neft emalı zavoduna zərbə endirib.

Baş Qərargah “Telegram” messencerində bildirib ki, zərbə nəticəsində obyekt ərazisində yanğın baş verib. Hazırda dəymiş ziyanın miqyası qiymətləndirilir. 

⦿ 15:16 | YENİLƏNİB

Moskva və Kiyev arasında əsir mübadiləsi olub

Reuters

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova Rusiya və Ukraynanın hər tərəfdən 10 hərbi əsiri dəyişdirdiyini bildirib.

O, Rusiyanın “Zvezda” telekanalına açıqlamasında mübadilənin Belarus ərazisində baş tutduğunu deyib. Lantratova əlavə edib ki, azad edilən rusiyalı hərbçilər çərşənbə günü daha sonra ölkəyə qayıdacaqlar.

2022-ci ilin fevralında münaqişənin genişmiqyaslı mərhələsi başlayandan bəri Moskva və Kiyev arasında minlərlə hərbi əsirin mübadiləsi həyata keçirilib. 

⦿ 15:00 | YENİLƏNİB

Rusiyanın hücumu nəticəsində Ukraynanın elektrik stansiyasına ciddi ziyan dəyib

Reuters

Ukraynanın cənubundakı Xerson şəhərində yerləşən istilik-elektrik stansiyası Rusiyanın idarəolunan aviasiya bombası ilə endirdiyi zərbə nəticəsində ciddi zədələnib. Bu barədə stansiyanın sahibi olan Ukraynanın “Naftoqaz” enerji şirkəti məlumat yayıb.

⦿ 14:46 | YENİLƏNİB

Rusiyanın taxıl terminalının bərpası 4 aya qədər çəkə bilər

Reuters

Rusiyanın Novorossiysk limanındakı NKHP taxıl terminalının bərpası bir aydan dörd aya qədər davam edə bilər. Bu barədə şirkət maliyyə hesabatında bildirib.

Dron hücumu nəticəsində zərər görən terminalda fəaliyyət avqustun 12-dən dayandırılıb. Şirkətin məlumatına görə, zədələnmiş infrastrukturun texniki qiymətləndirilməsi və bərpa işlərinin həcminin müəyyənləşdirilməsi davam edir.

Ukrayna hücumundan sonra zədələnmiş taxıl konveyerinin peyk görüntüsü. Novorossiysk, Rusiya, 12 avqust 2026-cı il.
Reuters

⦿ 14:40 | YENİLƏNİB

FT: Rusiya bankirləri Aİ sanksiyalarından milyonlar qazanıblar

“Financial Times”ın (FT) məlumatına görə, Avropada fəaliyyət göstərən son böyük Rusiya bankının rəhbərləri Aİ sanksiyaları səbəbindən Avropada ilişib qalan ucuz qiymətli “Gazprom” istiqrazlarını alaraq və Rusiyada onları tam dəyərində dəyişdirərək 10,5 milyon dollardan (9 milyon avro) çox qazanc əldə edə bilərdilər.

Nəşrin əldə etdiyi sənədlərə görə, “Gazprombank”ın Lüksemburqdakı bölməsinin dörd yüksək vəzifəli əməkdaşı 50-dən çox əməliyyatı maliyyələşdirmək üçün bankdan milyonlarla avro məbləğində şəxsi kreditlər alıb.

FT yazır ki, əməliyyatlar Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hücumundan sonra tətbiq edilən sanksiyalar fonunda yaranmış bazar vəziyyətindən istifadə etməyə imkan verib.

⦿ 14:34 | YENİLƏNİB

Kreml: Putin MKİ rəhbəri ilə görüşməyib

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri zamanı onunla görüşməyib. Bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın dövlət xəbər agentliyi TASS-a bildirib.

“Putinlə heç bir görüş planlaşdırılmayıb”, – Peskov deyib.

Peskov “The Washington Post” qəzetinə ayrıca bildirib ki, Retkliffin səfəri xüsusi xidmət orqanları arasında təmaslarla bağlı olub, lakin əlavə məlumat verməyib.

⦿ 14:14 | YENİLƏNİB

Ukrayna Rusiyanın döyüş itkiləri ilə bağlı yenilənmiş məlumat yayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibə başlayandan bəri verdiyini iddia etdiyi itkilərlə bağlı yeni məlumat yayıb.

 

⦿ 11:47 | YENİLƏNİB

Ukrayna gecə ərzində 134 dronun məhv edildiyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, gecə ərzində ölkəyə hücum edən 162 drondan 134-ü vurulub və ya zərərsizləşdirilib.

⦿ 11:38 | YENİLƏNİB

Rusiya gecə ərzində 426 dronun vurulduğunu açıqlayıb

Reuters

Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində 426 dron vurulub. Rusiya xəbər agentliklərinin məlumatına görə, bu rəqəmə Rusiyanın nəzarət etdiyi Ukrayna əraziləri də daxildir.

⦿ 11:34 | YENİLƏNİB

Zelenski Ukrayna müharibəsinin başa çatmasında Çinin roluna ümid etdiyini bildirib

Anadolu

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Rusiya ilə müharibənin başa çatdırılmasında Çinin köməyinə ümid edir.

Zelenski bu açıqlamanı Çin Prezidenti Si Cinpinin Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etməsindən sonra verib. Bu tarix ölkənin Sovet İttifaqından müstəqilliyini elan etməsinin 35-ci ildönümünə təsadüf edir.

“Ən mühüm milli bayramımız münasibətilə Ukraynanı təbrik etdiyi üçün Çin lideri Si Cinpinə təşəkkür edirəm”, – Zelenski bildirib.

O əlavə edib ki, Kiyev Pekinlə münasibətlərə yüksək qiymət verir və bu əlaqələr 35 ildən artıq müddətdə xalqların dəyərlərinə qarşılıqlı hörmət və tanınma əsasında formalaşıb.

Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında. Kiyev, Ukrayna, 24 avqust 2026-cı il.
Reuters

⦿ 07:50 | YENİLƏNİB

Rusiyada “Wildberries” anbarına dron hücumu olub

Reuters

Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov bildirib ki, Rusiyanın Tambov vilayətində yerləşən “Wildberries” anbarında dron hücumundan sonra yanğın baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

⦿ 07:42 | YENİLƏNİB

Rusiya və Ukrayna böyük əsir mübadiləsini müzakirə edir

Reuters

Rusiya və Ukrayna yeni, “kifayət qədər böyük” hərbi əsir mübadiləsi ilə bağlı müzakirələr aparır. Rusiyanın TASS xəbər agentliyi bu barədə Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Yana Lantratovaya istinadən məlumat yayıb.

Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı hücumundan sonra minlərlə hərbi əsir dəyişdirilib.

May ayında əldə olunan razılaşmaya əsasən, daha 1000 nəfərin qarşılıqlı mübadiləsi Rusiya və Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarının əsas nəticələrindən biri olub.

Əsir mübadiləsi zamanı azad edilən Rusiya hərbçiləri. Belarus, 19 avqust 2026-cı il.
Reuters

Teqlər