Nepalda sel fəlakətində ölənlərin sayı 162-yə çatıb

Nepalda sel fəlakətində ölənlərin sayı 162-yə çatıb
Nepalın Nuvakot rayonunda sel sonrası palçıqla örtülən ərazilərin dron görüntüsü. 27 avqust 2026-cı il.
Reuters

Çin sərhədi yaxınlığındakı Himalay bölgəsində baş verən güclü sel və torpaq sürüşməsi nəticəsində azı 162 nəfər ölüb, yüzlərlə insan itkin düşüb.

Nepal və Çin rəsmiləri fəlakətin tam miqyasının hələ müəyyən edilmədiyini və ölənlərin sayının arta biləcəyini bildiriblər.

Yüzlərlə insan itkin düşüb

Nepal turizm rəsmilərinin məlumatına görə, itkin düşən 579 turistdən 400-dən çoxunun xarici vətəndaş olduğu bildirilir.

Nepal turizm qurumunun sözçüsü Sunil Şarma “Associated Press” agentliyinə bildirib ki, itkin turistlər arasında ABŞ-dən 47, Avstraliyadan 34, Britaniyadan 33 və Kanadadan 24 vətəndaş var.

Fəlakət Nepalın Rasuva rayonunda, Timure və Syapru Besi şəhərləri yaxınlığında baş verib. Bölgədə evlər, yollar və su elektrik obyektləri zərər görüb.

Rəsmilər bildiriblər ki, mürəkkəb relyef və güclü su axınları xilasetmə işlərini çətinləşdirir. Bu səbəbdən bəzi ərazilərə helikopterlərlə çatmaq mümkün olmayıb.

Baş verən sel nəticəsində evləri və yolu palçıq örtüb. Nuvakot, Nepal, 26 avqust 2026-cı il.
Anewz
Zəlzələnin uçquna səbəb olduğu ehtimal edilir

Nepalın xarici işlər naziri Şişir Xanəl bildirib ki, ilkin məlumatlara görə, selə səbəb olan uçqun zəlzələ nəticəsində baş vermiş ola bilər.

Lakin hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.

Dağıdıcı daşqınlardan əvvəl Nepal-Çin sərhədi yaxınlığındakı vadiləri göstərən peyk görüntüsü. 25 avqust 2026-cı il.
Reuters
Çin xilasetmə əməliyyatlarına başlayıb

Çinin dövlət mediasının məlumatına görə, torpaq sürüşməsi Tibetdəki Gironq sərhəd-keçid məntəqəsində fəsadlara səbəb olub. Nəticədə ərazidə yollar, rabitə və elektrik infrastrukturu zədələnib.

Çinin dövlət televiziyası fəlakət zonasına azı 574 xilasedicinin cəlb edildiyini bildirib.

İnfrastruktura böyük ziyan dəyib

Nepalın Energetika Nazirliyi bildirib ki, su elektrik layihələrinə dəyən zərər nəticəsində 430 meqavatlıq elektrik istehsal gücü fəaliyyətdən çıxıb. Bu, ölkənin ümumi su elektrik gücünün 12 faizindən çoxudur.

Yerli rəsmilər Bhote Koşi çayı boyunca yaşayan sakinləri təhlükəsiz ərazilərə köçməyə çağırıblar.

Baş verən güclü sel zamanı sağ qalan şəxs daha təhlükəsiz əraziyə aparılır. Nuvakot,  Nepal, 26 avqust 2026-cı il.
 
Hindistan humanitar dəstək təklif edib

Hindistanın Baş naziri Narendra Modi bildirib ki, Yeni Dehli Nepala bütün mümkün humanitar yardımı göstərməyə hazırdır. Hindistan və Nepalın xilasedici qrupları əməliyyatları əlaqələndirir.

Bölgədə əvvəllər də oxşar fəlakətlər baş verib. Ötən il Bhote Koşi çayında baş verən daşqın nəticəsində 9 nəfər ölüb, 24 nəfər itkin düşüb. Daşqın Nepal və Çini birləşdirən körpünü də dağıdıb.  

Teqlər