Ukraynanın hədəf aldığı Rusiya enerji obyektləri

Ukraynanın hədəf aldığı Rusiya enerji obyektləri
Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın dron hücumundan sonra neft emalı zavodunun üzərindən tüstü qalxır. Rusiya, 18 iyun 2026-cı il.
Reuters

Ukrayna Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli dron hücumlarını artırıb. Rəsmi Kiyev bildirir ki, məqsəd Rusiyanın hərbi əməliyyatlarını maliyyələşdirən neft və yanacaq gəlirlərini azaltmaqdır.

Son hücum Rusiyanın dördüncü ən böyük neft emalı zavodu olan “NORSI” müəssisəsinə edilib. “Lukoyl” şirkətinə məxsus zavod dron hücumundan sonra, avqustun 26-da neft emalını dayandırıb.

Zavod ildə təxminən 15 milyon ton neft emal edir və Rusiyanın əsas benzin istehsalçılarından biri hesab olunur.

Son həftələrdə Ukraynaya aid edilən dron hücumları Rusiyanın bir sıra neft emalı zavodlarına, qaz emalı və neft-kimya müəssisələrinə ziyan vurub. Hücumlar nəticəsində bəzi obyektlərdə yanğınlar baş verib, istehsal prosesində müvəqqəti fasilələr yaranıb.

“NORSI” və digər neft zavodları hədəfdədir

Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb. Müəssisənin illik neft emalı gücü 5 milyon tondan çoxdur.

Krasnodar vilayətindəki Afipski neft emalı zavodunda isə avqustun 25-də dron hücumundan sonra yanğın baş verib. Müəssisə ildə 9 milyon tondan çox neft emal etmək gücünə malikdir.

Perm şəhərində yerləşən Rusiyanın yeddinci ən böyük neft emalı zavodu da avqustun 21-dəki hücumdan sonra işini dayandırıb. Hücum nəticəsində əsas qurğular zədələnib və yanğın baş verib. Zavod 2024-cü ildə 12,6 milyon ton neft emal edib.

Tatarıstanda “Tatneft” şirkətinə məxsus “TANECO” zavodu da hücumların hədəfi olub. Ukrayna qüvvələrinin avqustun 10-da və 19-da müəssisəyə zərbələr endirdiyi bildirilir. Zavod ötən il 17 milyon ton xam neft emal edib.

Başqırdıstanda, Ufa yaxınlığında yerləşən neft emalı zavoduna isə avqustun 19-da dron hücumu edilib. Regional hakimiyyət orqanları hücum nəticəsində müəssisəyə cüzi ziyan dəydiyini açıqlayıb.

Neft-kimya və qaz obyektləri də vurulur

Ukraynanın hücumları yalnız neft emalı zavodları ilə məhdudlaşmır. “Reuters”in məlumatına görə, “Novatek” şirkətinin Baltik dənizindəki Ust-Luqa limanında yerləşən qaz kondensatı emalı kompleksi avqustun 14-də dron hücumu nəticəsində zərər görüb.

Orenburq vilayətindəki Orsk neft emalı zavodu da avqustun 11-də baş verən yanğından sonra fəaliyyətini dayandırıb. Təmir işlərinin altı aya qədər davam edə biləcəyi bildirilir.

Qərbi Sibirin Tobolsk şəhərində yerləşən “Sibur” şirkətinin “Zapsibneftekhim” neft-kimya kompleksi də avqustun 10-da hücuma məruz qalıb. Müəssisə Rusiyanın ən böyük neft-kimya zavodlarından biridir.

Krasnodar vilayətindəki “İlsk” neft emalı zavoduna avqustun 8-də edilən hücum nəticəsində beş nəfər yaralanıb, müəssisədə yanğın baş verib.

Bundan əvvəl Yaroslavl, Volqoqrad, Saratov, Ryazan, Sizran, Omsk və Moskvadakı neft emalı zavodlarının da dron hücumları nəticəsində zərər gördüyü bildirilib.

Məqsəd Rusiyanın hərbi imkanlarını zəiflətməkdir

Ukrayna rəsmiləri bildirirlər ki, bu hücumların məqsədi Rusiyanın hərbi logistikasını zəiflətmək və enerji ixracından əldə etdiyi gəlirləri azaltmaqdır.

Rusiya isə hücumları pisləyir və mümkün zərəri azaltmaq üçün təmir işlərini sürətləndirdiyini, hava hücumundan müdafiə tədbirlərini gücləndirdiyini bildirir. Rəsmi Moskva adətən zərərin miqyası barədə ətraflı məlumat açıqlamasa da, regional rəsmilər bəzi obyektlərdə yanğınların baş verdiyini və fəaliyyətin dayandırıldığını təsdiqləyirlər.

Dron imkanlarının genişlənməsi Ukraynaya cəbhə xəttindən yüzlərlə, bəzi hallarda isə minlərlə kilometr uzaqda yerləşən strateji obyektlərə zərbələr endirməyə imkan verir.

Beləliklə, enerji infrastrukturu müharibənin əsas hədəflərindən birinə çevrilib, hücumların coğrafiyası isə Rusiyanın sənaye mərkəzlərinə qədər genişlənib.

Teqlər