Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Ukraynanın ən böyük özəl poçt şirkəti “Nova Poçta” bildirib ki, onun çeşidləmə mərkəzləri gecə saatlarında Rusiyanın zərbələri nəticəsində dağıdılıb. Bundan başqa, Sevastopol qubernatorunun məlumatına görə, Krımda dron hücumu nəticəsində yaşayış binasına ziyan dəyib və dörd nəfər yaralanıb.
Serbiyanın energetika naziri Dubravka Dedoviç Handanoviç cümə günü bildirib ki, ölkə Rusiyaya məxsus NIS neft şirkəti üçün ABŞ-dən sentyabrın 30-dək sanksiyalardan müvəqqəti istisna əldə edib.
Handanoviç bu barədə "Instagram" hesabındakı paylaşımında məlumat verib. O bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) NIS-in fəaliyyətini sentyabrın sonunadək davam etdirməsinə icazə verən yeni lisenziya verib.
Qeyd edək ki, NIS Rusiyanın "Qazprom Neft" şirkətinin nəzarətində olan əsas enerji şirkətlərindən biridir və ABŞ-nin Rusiyanın enerji sektoruna qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində məhdudiyyətlərlə üzləşib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, orduya Rusiyaya qarşı uzaqmənzilli dron hücumlarının sayını hazırkı gündəlik təxminən 300-dən 1000-ə çatdırmaq barədə göstəriş verib.
"Daha çox olmalıdır. Konkret məqsəd var və biz bu tapşırığı yerinə yetirəcəyik", – deyə Zelenski axşam müraciətində bildirib.
Qeyd edək ki, Ukrayna lideri daha əvvəl də Rusiyanın genişmiqyaslı dron hücumlarına cavab olaraq uzaqmənzilli pilotsuz aparatların istehsalını və istifadəsini artırmağın vacibliyini vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna son bir neçə gün ərzində Moskvada keçirilən görüşlərlə bağlı Birləşmiş Ştatlardan məlumat alıb.
Dövlət başçısının bu açıqlaması Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiya rəsmiləri ilə görüşlər keçirmək üçün Moskvaya səfər etməsindən sonraya təsadüf edir.
Kreml Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin sentyabr ayında yeni danışıqlar raundu keçirə biləcəyi ilə bağlı Kiyevin gözləntilərini şərh etməkdən imtina edib.
Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bu barədə mediada yayılan məlumatlardan xəbərdar olduğunu bildirib, lakin hər hansı konkret məlumat verə bilməyəcəyini deyib.
Ukrayna Prezident Ofisinin rəhbəri bildirib ki, Ukrayna, Rusiya və ABŞ nümayəndələri gələn ay görüşə bilər. Kiyev bu prosesdə Vaşinqtonun iştirakının vacibliyini xüsusi vurğulayır.
Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə son üçtərəfli danışıqlar fevral ayında keçirilib. Həmin vaxtdan bəri Rusiya və Ukrayna nümayəndələri ABŞ tərəfi ilə yalnız ayrı-ayrılıqda müzakirələr aparıblar.
Rəsmi Moskva Ukrayna ilə sülh danışıqlarının təxirə salındığını və hazırda müzakirə masasında yeni təkliflərin olmadığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov Kiyevin sülhə səmimi şəkildə can atmadığını iddia edib və buna görə də Rusiyanın cəbhə xəttində hərbi əməliyyatları davam etdirdiyini deyib.
ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabi və Cenevrədə keçirilən danışıqların son mərhələsi Vaşinqtonun diqqətini İran müharibəsinə yönəltməsi səbəbindən dayandırılıb.
Peskov əlavə edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin bu həftə Moskvaya səfərinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının keçirilməsi planlaşdırılmır.
BMT-nin nüvə nəzarəti orqanı bildirib ki, bu həftənin əvvəlində Rusiyanın nəzarətində olan Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyasına üç dron hücumu olub.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) qeyd edib ki, avqustun 25-də stansiyanın soyutma hovuzunun yaxınlığında baş verən dron hücumu nəticəsində iki əməkdaş yaralanıb.
Agentliyin məlumatına görə, avqustun 26-da daha iki dron işlənmiş nüvə yanacağı anbarına və enerji bloklarındakı püskürtmə qurğusuna zərbə endirib.
BAEA bildirib ki, radiasiya səviyyəsi normada qalıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya mülki gəmiləri atıcı silahlar, elektron müharibə sistemləri və hərbçilərlə təmin etməyi nəzərdən keçirir.
Zelenski bildirib ki, Moskva bu addımı Ukraynanın Novorossiysk limanındakı Rusiya Qara Dəniz Donanmasına məxsus gəmilərə zərbə endirməsi fonunda atmaq istəyir.
O əlavə edib ki, Rusiya ballistik raketlərin istehsalını artırmağı planlaşdırır. Ukrayna rəhbəri ölkələri Moskvaya bu raketlər üçün komponentlərin tədarükünü dayandırmağa çağırıb.
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Saratov vilayətində yerləşən “Engels” hərbi aerodromuna zərbə endirib və “Tu-95MS” strateji bombardmançı təyyarəsini hədəfə alıb.
Kiyevin Təhlükəsizlik Xidməti bildirib ki, hücum zamanı sursat, həmçinin yanacaq və sürtkü materiallarının saxlanıldığı anbar da vurulub.
Bu, qurumun son aylarda strateji bombardmançı təyyarəyə qarşı həyata keçirdiyi ikinci hücumdur. İyulun 17-də baş verən hücum zamanı daha bir “Tu-95MS” ciddi zədələnib və onun quyruq hissəsi tamamilə qopub.
Ukraynanın kənd təsərrüfatı naziri bildirib ki, Rusiyanın ölkədəki ərzaq anbarlarına hücumları saxlama tutumunun təxminən 90 faizinin məhv olmasına səbəb olub.
"Bu günə olan məlumata görə, pərakəndə ticarətdə ərzaq təchizatı zəncirinin təxminən 90 faizi pozulub. Lakin bu, ukraynalıların ərzaqsız qalacağı anlamına gəlmir", – "Ukrinform" agentliyi Taras Vısotskinin sözlərini sitat gətirib.
O əlavə edib ki, istehsal sahələrindən birbaşa pərakəndə satış şəbəkələrinə tədarük də daxil olmaqla, alternativ təchizat yolları nəzərdən keçirilir.
Finlandiya Silahlı Qüvvələrindən bildirilib ki, İsveç 2026-cı ilin sonunadək Finlandiyada qırıcı təyyarələr və hərbi gəmilər yerləşdirəcək.
"İsveçin hərbi texnikası hava müşahidəsini gücləndirərək Finlandiya ordusunun işini rahatladır və lazım gəldikdə öz resurslarını pozuntuların qarşısını almağa yönəltməyə imkan verir", – deyə Finlandiya hərbi idarəsindən bildirilib.
NATO-nun ən yeni iki üzvü olan qonşu ölkələr artıq sıx müdafiə əməkdaşlığı həyata keçirirlər. Finlandiyanın Rusiya ilə 1340 kilometr uzunluğunda şərq sərhədi var.
"İsveç təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Finlandiyanın müraciətinə cavab verib", – İsveçin müdafiə naziri Pol Jonson bildirib.
Nazir əlavə edib ki, razılaşmaya əsasən, İsveç Silahlı Qüvvələri ehtiyac yarandıqda Finlandiya ərazisinin pozulmasının qarşısının alınmasına kömək göstərə bilər.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, Baltik dənizi sahilində yerləşən ölkələr artan hibrid təhdidlərə qarşı operativ reaksiya imkanlarını artırmaq üçün birgə dron müdafiəsi üzrə işçi qrupu yaratmağı planlaşdırır.
Moskvanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Baltik dənizində, o cümlədən NATO üzvü olan səkkiz ölkənin və Rusiyanın yerləşdiyi regionda sualtı kabellərə və kritik qaz kəmərlərinə zərər vuran çoxsaylı təxribatlar qeydə alınıb.
Dobrindt Almaniyanın şimalındakı Flensburq şəhərində baltikyanı ölkələrin nümayəndələri ilə görüşdən əvvəl bildirib ki, əsas məqsəd operativ məlumat mübadiləsini təmin edəcək işçi qrupunun yaradılmasıdır.
"Dövlətlər hər gün Avropa İttifaqı daxilində demokratiyaya, təhlükəsizliyə və iqtisadi gücə hücum etməyə, onları zəiflətməyə çalışırlar", – deyə nazir görüşün məqsədləri ilə bağlı bəyanatında bildirib.
O xəbərdarlıq edib ki, bu cür hücumlar "yaxın aylarda yeni miqyas ala bilər". Nazir əlavə edib ki, hibrid təhdidlər "hər an və hər yerdə mövcuddur".
İş materiallarına əsasən, Ukrayna Sərhəd Xidmətinin Kiyevdə yerləşən briqadasının keçmiş komandiri ölkənin şimal-şərqindəki Xarkov istiqamətində dronların alınması üçün ayrılmış 12 milyon qrivnadan (təxminən 269 min dollar) çox vəsaiti mənimsəməkdə şübhəli bilinir.
Ukrayna Təhlükəsizlik Xidməti həmin rəsmini və daha üç nəfəri 580 dronun heç birinin təyinat yerinə çatmadığı müəyyən edildikdən sonra saxlayıb. İstintaqın məlumatına görə, silah tədarükü ilə əlaqəli müqavilələr saxta olub.

Rusiyanın "Fontanka" qəzetinin adı açıqlanmayan müstəntiqlərə istinadən verdiyi məlumata görə, cümə axşamı Sankt-Peterburqda rusiyalı polkovnik-leytenantın ölümünə səbəb olan avtomobilə bombanı 24 yaşlı qadının yerləşdirdiyindən şübhələnilir.
Sankt-Peterburqda fəaliyyət göstərən qəzet bildirib ki, qadının cümə axşamı – partlayışla eyni gündə təyyarə ilə Rusiyanı tərk etdiyi, bombanı isə bundan bir gün əvvəl quraşdırdığı ehtimal olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Engels aviabazasında Rusiyaya məxsus “Tu-95MS” raketdaşıyan təyyarəni vurub.
Zelenski “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, bu təyyarələr Ukraynaya qarşı zərbələrdə istifadə olunur. Onun sözlərinə görə, hücum Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” bölməsi tərəfindən həyata keçirilib.
Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayevin məlumatına görə, Moskvanın şimal-şərqində yerləşən neft emalı zavoduna dron hücumu nəticəsində bir nəfər ölüb, 27 nəfər yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər saatlarında zavoda zərbə endirildiyini təsdiqləyib.
Rusiyanın “Slavneft” neft şirkətinə məxsus zavod bu il artıq səkkizinci dəfə hücuma məruz qalıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqının dörd xarici işlər nazirinin dondurulmuş Rusiya aktivlərindən Ukraynanın müdafiəsini dəstəkləmək üçün istifadəsi ilə bağlı təşəbbüsü irəli sürmək səylərini alqışlayıb.
Sibiqa “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Ukraynanın və Avropanın Rusiya təhdidindən müdafiəsi üçün əlavə xərclərin yalnız avropalı vergi ödəyicilərinin deyil, Rusiya aktivlərinin hesabına qarşılanması “ədalətli və məntiqlidir”.
Avqustun 28-də İsveç, Niderland, Polşa və İspaniyanın xarici işlər nazirləri Aİ-yə dondurulmuş Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə imkanlarını araşdırmaq çağırışı ilə məktub imzalayıblar.
Məktubda qeyd olunub: “Hazırda Rusiya aktivlərinin Ukraynanın xeyrinə daha geniş istifadəsi məsələsinə yenidən baxmağın vaxtıdır”.
Moskva vilayətinin Pavlovski Posad şəhərində səhər saatlarında dron zərbəsi nəticəsində ərzaq mağazasına ziyan dəyib. Bu barədə vilayətin qubernatoru Andrey Vorobyov “Telegram” kanalında bildirib.
Vorobyovun sözlərinə görə, hücum zamanı yaxınlıqdakı tibb mərkəzinin 46 pəncərəsi də sınıb.
O əlavə edib ki, pəncərələrin bərpası və ərazinin təmizlənməsi işləri aparılır.

Ukraynanın ən böyük özəl poçt şirkəti “Nova Poçta” bildirib ki, Kiyev və ölkənin şimal-şərqində yerləşən Sumı şəhərindəki çeşidləmə mərkəzləri Rusiyanın zərbələri nəticəsində dağıdılıb.
Şirkətin “Telegram” kanalında verdiyi məlumata görə, Sumı terminalına dörd idarəolunan aviasiya bombası düşüb və nəticədə üç yük maşını zədələnib.
“Nova Poçta” hücumlar zamanı heç bir əməkdaşının xəsarət almadığını bildirib.
Şirkətin obyektləri 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumundan sonra dəfələrlə hücuma məruz qalıb.

“The Kyiv Independent”in rəsmilərə istinadən yaydığı məlumata görə, Kiyevdə 24 saat ərzində 13 dəfə hava həyəcanı siqnalı verilib. Bu, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı hücumunun başlanmasından sonra bir gündə qeydə alınan ən yüksək göstərici olub.
Ukraynanın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Kiyevdə avqustun 27-də təxminən 15 saat hava həyəcanı rejimi tətbiq edilib.
Sevastopol qubernatoru Mixail Razvojayevin məlumatına görə, Sevastopol şəhərində dronların beşmərtəbəli yaşayış binasına zərbəsi nəticəsində dörd nəfər yaralanıb.
Razvojayev bildirib ki, dronların qalıqları bir otelə, uşaq bağçasına və 10-dan çox avtomobilə də ziyan vurub.
Onun sözlərinə görə, bir neçə neft məhsulu anbarının yaxınlığındakı otluq sahə də yanıb, lakin anbarlara zərər dəyməyib. Yanğınlar daha sonra söndürülüb.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Naurunun etirazına baxmayaraq, Sakit Okean adaları ölkələrinin liderləri Çinin raket sınağı ilə bağlı narahatlıqları ifadə ediblər. Sakit Okean Adaları Forumunun illik sammitində liderlər Çinin regionda keçirdiyi raket sınağı ilə bağlı narahatlıqlarını bildiriblər.
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın