İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ iyunda imzalanan aralıq saziş üzrə öhdəliklərini yerinə yetirərsə, rəsmi Tehran da qarşılıq verəcək. Pezeşkian bu açıqlamanı Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində verib.
Açıqlama ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni zərbələr endirilə biləcəyi barədə xəbərdarlığından sonra verilib.
ABŞ və İran həftələr sonra ilk dəfə bir-birinə qarşı birbaşa zərbələr endirib. Bu isə gərginliyin yenidən hərbi qarşıdurmaya çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
İran Vaşinqtonun Larak adasına zərbəsinə cavab olaraq İordaniyadakı ABŞ-nin iki hərbi bazasına raket zərbələri endirdiyini açıqlayıb. ABŞ isə Larakdakı hücumun İranın dəniz minaları yerləşdirməyə hazırlaşdığı bildirilən qurğulara qarşı olduğunu bildirib.
Donald Tramp İranın hücumları davam etdirəcəyi təqdirdə ABŞ-nin cavab verəcəyini bildirib.
“Biz onlara cavab olaraq sərt zərbə endirəcəyik”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında yeni zərbələrin genişmiqyaslı müharibənin başlanması demək olmadığını bildirib. O, eyni zamanda ABŞ-nin əlavə tədbirlər görə biləcəyini qeyd edib.
“Bu, zərbə endirməyəcəyimiz demək deyil. Gözləyək və bundan sonra nə baş verəcəyini görək”, – deyə Tramp qeyd edib.
O, İranı uğursuz dövlət adlandırıb və ölkənin iqtisadiyyatının, eləcə də hərbi imkanlarının zəiflədiyini söyləyib.
“Reuters” agentliyinə müsahibə verən İran rəsmisi qarşılıqlı zərbələri məhdud qarşıdurma kimi qiymətləndirib. O bildirib ki, İran yenidən hücuma məruz qalacağı təqdirdə sərt cavab verəcək.
Hörmüz boğazı ilə bağlı gərginlik artır
Son qarşıdurma iyulun sonundan bəri ABŞ və İran arasında ilk birbaşa hərbi toqquşma olub. Bundan əvvəl həftələr ərzində əsas diqqət sanksiyalar, blokadalar və iqtisadi tədbirlər üzərində cəmlənmişdi.
Hörmüz boğazı gərginliyin əsas mərkəzidir. Dünyanın neft və qaz daşımalarının təxminən beşdə biri bu su yolundan keçir. Münaqişə başlayandan sonra boğazda nəqliyyatın həcmi kəskin azalıb.
Vaşinqton bildirib ki, Larak adasına endirilən zərbə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) boğaza raket və dəniz minaları yerləşdirməyə hazırlaşan qüvvələrinə qarşı həyata keçirilib.
ABŞ Mərkəzi Komandanlığı əməliyyatı məhdud və dəqiq zərbə kimi qiymətləndirib. Qurum bildirib ki, hədəf SEPAH-ın minalama bölmələrindən gələn yaxın təhlükə olub.
İran dövlət mediası hücum nəticəsində SEPAH-ın Dəniz Qüvvələrinin üzvləri də daxil olmaqla bir neçə nəfərin öldüyünü açıqlayıb.
İqtisadi təzyiqlər davam edir
Hərbi addımlarla yanaşı, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiq siyasətini də davam etdirir.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İrana qarşı sanksiyalar və bu ölkə ilə əməkdaşlıq edən xarici şirkətlərə tətbiq olunan məhdudiyyətlər Tehrana iqtisadi təzyiqi artırır.
Bessent bildirib ki, İran iqtisadiyyatdakı vəziyyətlə bağlı ciddi çətinliklərlə üzləşir. Onun sözlərinə görə, Tehranın hərbi cavabı tətbiq olunan sanksiyaların təsiri ilə bağlıdır.
Vaşinqton İrana qarşı əlavə ikinci dərəcəli sanksiyaların tətbiq oluna biləcəyini açıqlayıb. Bu tədbirlərin İranla əlaqəli bank və maliyyə qurumlarına da şamil edilə biləcəyi bildirilib.
Tehran danışıqların mümkün olduğunu bildirir
Gərginliyin artmasına baxmayaraq, İran Prezidenti Məsud Pezeşkian Tehranın danışıqlar yolu ilə razılaşmanı dəstəklədiyini bildirib.
İranın “Tasnim” agentliyinin məlumatına görə, Pezeşkian deyib ki, müharibənin davam etməsi heç kimin maraqlarına uyğun deyil.
“Biz hesab edirik ki, müharibənin davam etməsi nə bizim, nə regionun, nə də bəşəriyyətin maraqlarına uyğundur”, – deyə Pezeşkian qeyd edib.
Bununla yanaşı, ABŞ və İran arasında nüvə proqramı, regional hərbi fəaliyyət və Hörmüz boğazının gələcək statusu ilə bağlı fikir ayrılıqları qalır.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın