Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, ittifaq Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı sanksiyaların icrasına nəzarəti sərtləşdirəcək. Aİ xarici işlər nazirləri Ukraynanın müxtəlif şəhərlərinə Rusiyanın yeni zərbələrindən sonra görüş keçiriblər.
Rusiya Almaniyanın ötən ay Leypsiq hava limanında dron hücumu cəhdi ilə bağlı ittihamlarını qəti şəkildə rədd edib və onları “tamamilə uydurma” adlandırıb.
Moskva bu ittihamlarla bağlı Almaniyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi “Telegram” kanalında bildirib ki, Almaniya diplomatına Berlində iki Rusiya qurumunun bağlanması qərarının “uydurma bəhanə” əsasında qəbul edildiyi və bunun nəsillər boyu qurulan Rusiya-Almaniya münasibətlərinin tamamilə dağıdılması istiqamətində növbəti addım kimi qiymətləndirildiyi çatdırılıb.
Nazirlik əlavə edib ki, Almaniya hakimiyyətinin addımlarına “sərt cavab veriləcək”.
Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti gücləndirməyi və Ukraynaya dəstəyi artırmağı planlaşdırır.
Kallas İrlandiyada keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra bildirib ki, ittifaq sanksiyaların icrasını sərtləşdirmək üçün yeni təkliflər hazırlayır və əlavə sanksiyalar tətbiq etməyə davam edəcək.
“Avropanı qorxutmaq cəhdləri uğursuz olacaq”, – deyə Kallas qeyd edib.

Kallas bildirib ki, Rusiya ordusunun keçmiş hərbçiləri üçün Aİ-yə giriş qadağası tətbiq edilməsi və rusiyalı turistlər üçün viza məhdudiyyətlərinin sərtləşdirilməsi təklifi Avropa ölkələrinin nazirləri arasında geniş dəstək qazanıb.
Aİ-nin ali diplomatı qeyd edib ki, üzv ölkələr Rusiyanın davam edən hücumlarına qarşı müqavimət göstərməsi üçün Ukraynaya əlavə dəstək verməyə də söz veriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Almaniyanın Leypsiq şəhərindəki hava limanında ötən ay baş vermiş dron hücumu cəhdi ilə bağlı Almaniya kansleri Fridrix Merzlə danışıb.
Zelenski “X” sosial şəbəkəsindəki paylaşımında bildirib: “Bu, Rusiyanın növbəti eskalasiyasıdır və Almaniyanın buna cavab verməsi vacibdir.”
Almaniya mediasının məlumatına görə, istintaq orqanları Leypsiq/Halle hava limanında baş tutmayan dron hücumuna cəhddə şübhəli bilinən iki şəxsin kimliyini müəyyənləşdirib.
Şübhəlilərdən birinin Rusiya əsilli, Latviya pasportu olan şəxs olduğu bildirilir. Onun Rusiya kəşfiyyatı ilə əlaqələrinin olduğu və hücumun logistikasını təşkil etdiyi, eləcə də təlimatlar verdiyi iddia olunur. Məlumata görə, həmin şəxs iyulun sonunda Berlinə uçub, daha sonra icarəyə götürdüyü avtomobillə Leypsiqə gedib və hücum cəhdindən iki gün əvvəl Almaniyanı tərk edib.
İkinci şübhəlinin isə həm Belarus, həm də Rusiya vətəndaşlığı olan şəxs olduğu bildirilir. Onun Minskdə aldığı İtaliya turist vizası ilə Almaniyaya daxil olduğu ehtimal edilir.
Almaniyanın baş prokuroru və Rusiya hökuməti yayılan məlumatlarla bağlı hələlik açıqlama verməyib.
“Reuters”in əldə etdiyi məlumata görə, Ukrayna ICAO-ya üzv ölkələri Rusiya hava məkanından istifadə etməməyə çağırıb.
Bu çağırış Prezident Volodimir Zelenskinin aviaşirkətləri və sığorta şirkətlərini Ukrayna dronlarının fəaliyyəti səbəbindən Rusiya hava məkanının təhlükəli olduğu və faktiki olaraq bağlandığı barədə xəbərdar etməsindən sonra gəlib.
Rusiyanın nəqliyyat naziri Andrey Nikitin Moskvanın yaranan məhdudiyyətlərin mülki aviasiyaya ciddi təsir göstərməsinə imkan verməyəcəyini bildirib. Bununla yanaşı, “Flightradar24” məlumatları çərşənbə günü Moskvanın əsas hava limanında problemlər və bəzi reyslərin ləğv edildiyini göstərib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Almaniyanın Leypsiq/Halle hava limanında baş vermiş dron insidenti ilə bağlı Rusiyaya qarşı təzyiqləri artıracağını və yeni sanksiyalar tətbiq ediləcəyini bildirib.
Almaniya hadisədə Moskvanı günahlandıraraq bunu Rusiyanın hibrid müharibəsinin bir hissəsi kimi qiymətləndirib. Rusiya isə ittihamları rədd edib.
Fon der Lyayen bildirib ki, Avropa və NATO Rusiya Ukraynadakı müharibəni dayandırana qədər Moskvaya təzyiqləri artırmağa davam edəcək.
Aİ rəsmilərinin sözlərinə görə, yeni tədbirlər Rusiyanın hərbi sənayesini və “kölgə donanması” adlandırılan strukturlarını hədəfə ala bilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, taxıl böhranı daha da dərinləşməzdən əvvəl Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyini davamlı şəkildə təmin etmək üçün mexanizm yaradılmalıdır.
Bu həftənin əvvəlində Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Qara dəniz vasitəsilə taxıl daşınmasının təhlükəsizliyini təmin etmək üçün plan hazırlandığını və bu məsələ ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxladıqlarını bildirib.
Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər. Yuri Uşakov Putinin Türkiyə Prezidenti ilə Qara dənizdəki vəziyyəti müzakirə etdiyini bildirib.
Ərdoğanın ofisi tərəfindən yayımlanan stenoqrama əsasən, Qırğızıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Türkiyə lideri taxıl böhranının yenidən gündəmə gəldiyini və problem daha da dərinləşmədən tədbir görülməli olduğunu qeyd edib.
“Qara dənizdə bütün mülki dəniz daşımalarının təhlükəsizliyi bizim üçün vacibdir. Tərəflər arasındakı döyüşlər mülki şəxslərin təhlükəsizliyini və ticarət fəaliyyətini təhdid edəcək həddə çatmamalıdır”, – deyə Ərdoğan bildirib.
O əlavə edib: “Biz bu məsələni həll etməliyik”.
Böyük Britaniya “Citibank”ı 4,7 milyon funt-sterlinq (6,35 milyon dollar) məbləğində cərimələyib. Buna səbəb ABŞ bankının London filialında baş verən səhvlər nəticəsində vəsaitlərin Rusiya ilə əlaqələrinə görə Britaniya hökumətinin sanksiya tətbiq etdiyi şəxslər üçün əlçatan olmasıdır.
Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi İdarəsi (OFSI) bildirib ki, bank ölkənin sanksiya rejimini pozan bir sıra əməliyyatlara imkan yaradıb. Bu əməliyyatların əksəriyyəti 2022-ci ilin fevral-noyabr ayları arasında baş verib.
OFSI qeyd edib ki, bank pozuntuların böyük hissəsi barədə özü məlumat verib. “Citi”nin nümayəndəsi isə araşdırmanın başa çatmasını müsbət qarşıladıqlarını bildirib və bankın sanksiyalara riayət olunmasına çox ciddi yanaşdığını vurğulayıb.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, ötən gecə ölkənin bir sıra şəhər və rayonları Rusiya zərbələrinin hədəfi olub. Hücumların qısa xülasəsi belədir:
Kiyev Vilayət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Kiyevin qərbində yerləşən Buça rayonunda zərbələr nəticəsində yaranan yanğınlar zamanı anbar, yaşayış evləri və avtomobillər zərər görüb.
Daha sonra “Reuters” agentliyinin şahidlərə istinadən yaydığı məlumata görə, Ukraynanın paytaxtının mərkəzində bir neçə partlayış səsi eşidilib. Milli Universitet binasının yaxınlığından tüstü qalxdığı müşahidə olunub.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, Qara dəniz sahilində yerləşən liman şəhəri Odessaya gecə boyu endirilən Rusiya zərbələri nəticəsində çoxmərtəbəli yaşayış binalarının bir neçə bloku zədələnib. Həmçinin biznes mərkəzində yanğın baş verib.

Ukraynanın cənubundakı Dnepropetrovsk vilayətinin Nikopol şəhərinin atəşə tutulma nəticəsində 45 yaşlı kişi yaralanıb.
Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, yanğınsöndürənlər ticarət obyektində və çoxmərtəbəli yaşayış binasında baş verən yanğınları söndürüblər. Qurum həmçinin Krıvoy Roq şəhərində Rusiya hücumu nəticəsində uşaq bağçası və mağazanın zərər gördüyünü bildirib.

Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, yanğınsöndürənlər Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərinin kənarındakı sənaye zonasına endirilən zərbələr nəticəsində binada baş verən güclü yanğını söndürüblər.

Qurumun məlumatına görə, Ukraynanın cənub-şərqində yerləşən Donetsk şəhərinə Rusiya hücumu nəticəsində azı dörd nəfər yaralanıb. İki yaşayış binası və yeddi fərdi ev zərər görüb.
Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, xilasedicilər yanğınları söndürsələr də, sonradan bir neçə dəfə sığınacaqlara keçməli olublar.

Qurumun məlumatına görə, Ukraynanın şərqində yerləşən Kramatorsk şəhərinə endirilən Rusiya zərbəsi nəticəsində üç yaşayış binası, təhsil müəssisəsi və mağaza zərər görüb.
Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin iddialarını rədd edərək bildirib ki, Kiyevin mülki aviasiyanın fəaliyyətinə ciddi zərər vurmaq cəhdlərinə baxmayaraq, buna imkan verməyəcək. Bu barədə Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib.
Zelenski aviaşirkətləri və sığorta şirkətlərini xəbərdar edərək deyib ki, Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyəti Rusiya hava məkanını istifadə üçün təhlükəli hala gətirib və bu məkan faktiki olaraq bağlanıb.
Nikitin bildirib: “Əlbəttə ki, biz buna hazırlaşırıq və bütün bu təhdidləri nəzərə alırıq. Biz uçuş təhlükəsizliyi və hava limanlarının təhlükəsizliyi tələblərini daim təkmilləşdiririk. Bütün bunlarla bağlı həll yollarımız var”.
Şahidlərin verdiyi məlumata görə, Ukraynanın paytaxtı Kiyevin mərkəzində azı üç güclü partlayış baş verib.
Şəhər rəhbərliyi bundan əvvəl PUA təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edib və hava hücumundan müdafiə bölmələrinin hücumun qarşısını aldığını bildirib. Milli universitet binasının yaxınlığındakı ərazidən qara tüstü qalxdığı müşahidə olunub.
Sakin raket hücumu nəticəsində zərər görmüş ərazidə dayanıb. Kiyev vilayəti, Ukrayna, 1 sentyabr 2026-cı il.
Kiyev Vilayət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Rusiya hücumları nəticəsində üç nəfər yaralanıb. O, həmçinin Kiyevin qərbində yerləşən Buça rayonunda evlərin, avtomobillərin və anbarın zərər gördüyünü qeyd edib.
Tkaçenko əlavə edib ki, hava həyəcanı siqnalları hələ də davam edir.
Rusiya Almaniyaya xəbərdarlıq edərək bildirib ki, Moskvanın ötən ay Leypsiq/Halle hava limanında baş vermiş PUA hücumu cəhdinə görə günahlandırılmasına və buna cavab olaraq Rusiyanın Bonn şəhərindəki konsulluğunun müvəqqəti bağlanmasına cavab veriləcək.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskvanın səfiri vasitəsilə Berlinə bu ittihamların əsassız hesab edildiyi barədə məlumat verilib.
Nazirliyin bəyanatında qeyd olunub: “Almaniya tərəfinin elan etdiyi tədbirlər Rusiya-Almaniya münasibətlərində misli görünməmiş eskalasiyadır və nəticəsiz qalmayacaq”.
Polis əməkdaşı dron insidentindən sonra Leypsiq/Halle hava limanında qoruyucu geyimdə işləyir. Şkedits, Almaniya, 5 avqust 2026-cı il.
Qeyd edək ki, avqustun 4-də Leypsiq/Halle hava limanında Ukrayna yük təyyarələrinin yaxınlığında partlayıcı qurğu daşıdığı ehtimal edilən pilotsuz uçuş aparatı aşkar edilmişdi.
Almaniyalı müstəntiqlər hesab edirlər ki, detonatordakı nasazlıq səbəbindən aparat partlamayıb.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Avropa İttifaqı yaxın həftələrdə Rusiya vətəndaşlarına qarşı əlavə sanksiyaların tətbiqi istiqamətində iş aparacaq.
Nazirin bu açıqlaması Almaniya hökumətinin çərşənbə axşamı Leypsiq/Halle hava limanında ötən ay baş vermiş PUA hücumu cəhdinin arxasında Rusiyanın dayandığı qənaətinə gəldiyini açıqlamasından sonra səslənib. Berlin hadisəyə cavab olaraq bir sıra tədbirlər görəcəyini bildirib.
Aleksandr Dobrindt və Yohann Vadeful mətbuat konfransında. Berlin, Almaniya, 1 sentyabr 2026-cı il.
Ukraynanın elektrik ötürücü sistemi operatoru “Ukrenerqo” çərşənbə günü bildirib ki, Rusiya gecə saatlarında ölkənin cənubundakı Odessa vilayətində enerji infrastrukturuna kütləvi raket və PUA hücumu həyata keçirib.
“Ukrenerqo”nun “Telegram” kanalında yaydığı məlumata görə, Odessa vilayətində çox sayda istehlakçı elektrik enerjisindən məhrum olub. Qurum, həmçinin daha dörd vilayətdə yeni elektrik kəsintilərinin tətbiq edildiyini bildirib.
Rusiyanın dron zərbəsi nəticəsində zədələnmiş yaşayış binasının qarşısından quş uçur. Odessa, Ukrayna, 2 sentyabr 2026-cı il.
Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris ötən ay Leypsiq/Halle hava limanında baş vermiş PUA hücumu cəhdinə görə Rusiyanın Fransadakı səfirliyinin nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırır.
“Etirazımı bildirmək üçün Rusiyanın Parisdəki müvəqqəti işlər vəkilini XİN-ə çağırmışam”, – deyə Barro Aİ xarici işlər nazirlərinin İrlandiyada keçirilən görüşü zamanı bildirib. O əlavə edib ki, Avropa səviyyəsində də, xüsusilə Rusiyanın “kölgə donanması”na qarşı yeni sanksiyalar qəbul edilməlidir.
Almaniya hökuməti çərşənbə axşamı bildirib ki, ötən ay Leypsiq/Halle hava limanında baş vermiş PUA hücumu cəhdinin arxasında Rusiyanın dayandığı qənaətinə gəlib. Berlin buna cavab olaraq bir sıra tədbirlər görməyi, o cümlədən konsulluğun və Berlindəki Rusiya Mədəniyyət Mərkəzinin bağlanmasını nəzərdən keçirir.
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Parisdə çıxış edir. Fransa, 27 avqust 2026-cı il.
Şərqi Almaniyada bir çox insan Almaniya Demokratik Respublikası (ADR) dövründə sovet qoşunları ilə onilliklər boyu davam edən birgəyaşayışın təsiri ilə Rusiyaya qarşı daha yumşaq mövqeyini qoruyub saxlayır. Bu fikir ayrılığı rəy sorğularına görə, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının ilk dəfə əyalət səviyyəsində hakimiyyətə gələ biləcəyi Saksoniya-Anhaltda keçiriləcək seçkilər ərəfəsində əsas müzakirə mövzularından birinə çevrilib.
AfD Almaniyanın Ukraynaya dəstəyini dayandırmasını, Moskva ilə iqtisadi və enerji əlaqələrinin bərpasını, həmçinin Rusiya ilə daha sıx mədəni əlaqələrin saxlanılmasını istəyir. Partiyanın bu mövqeyinə dəstək Şərqi Almaniyada davam edən iqtisadi və sosial narazılıqlarla da əlaqələndirilir. Belə ki, işsizlik səviyyəsi azalsa da, bölgədə rifah göstəriciləri hələ də Qərbi Almaniyadakı səviyyədən xeyli aşağıdır.
Bir çox sakin milli siyasi elitalar tərəfindən diqqətdən kənarda qaldıqlarını və ya haqsız şəkildə damğalandıqlarını düşünür. Onlar, həmçinin Almaniyanın birləşməsindən sonra əldə etdikləri sosial-iqtisadi vəziyyəti qoruyub saxlamaqla bağlı narahatlıq keçirirlər.
Bu səbəbdən bəzi seçicilər üçün ticarət əlaqələrinin bərpası və ucuz Rusiya enerjisinə çıxış iqtisadi sabitliyin yenidən təmin olunması yolu kimi görünür. Bu amil isə Moskva ilə daha yaxın münasibətlər vəd edən partiyaların mövqeyini gücləndirir.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Almaniyanın Leypsiq şəhərində qarşısı alınan hücum dövlət dəstəkli terrorizmin bütün əlamətlərini daşıyır. O əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı hücumlarını gücləndirdiyi bir vaxtda Avropa gələcək mümkün addımların əlaqələndirilməsini artırmalıdır.
Almaniya hökuməti çərşənbə axşamı bildirib ki, ötən ay baş vermiş PUA hücumu cəhdinin arxasında Rusiyanın dayandığı qənaətinə gəlib.
İrlandiyada Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü öncəsi jurnalistlərə açıqlama verən Kallas Rusiyanın hərbi sənaye kompleksinə qarşı 1600 sanksiya mövqeyi üzərində işlərin davam etdiyini bildirib. O əlavə edib ki, bəlkə də siyahıya yeni adlar daxil ediləcək.
Ukrayna Prezidenti Volodimir Zelenski aviaşirkətləri və sığorta şirkətlərini xəbərdar edərək bildirib ki, Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyəti Rusiya hava məkanını istifadəyə yararsız hala gətirib və bu məkan faktiki olaraq bağlanıb.
“Bu gün Rusiya hava məkanından istifadə edən bütün aviaşirkətlərə, bütün sığorta şirkətlərinə və hələ də Rusiyanın əsas hava limanlarından istifadə edən hər kəsə xəbərdarlıq etmək istəyirik: Rusiya səması getdikcə daha təhlükəli olur”, – deyə Zelenski axşam videomüraciətində bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Moldovanın Kişinyov şəhərində çıxış edib. 27 avqust 2026-cı il.
O qeyd edib ki, Ukrayna mülki aviasiya üçün heç bir təhlükə yaratmır, lakin Rusiya səmasında PUA-lar olacaq və bundan lazımi nəticələr çıxarılmalıdır.
“Rusiya hakimiyyəti bunu lazımi səviyyədə açıqlamasa da, Rusiya hava məkanı faktiki olaraq bağlanacaq. Rusiyanın başladığı müharibə onun öz hava məkanını bağlayır”, – deyə Zelenski əlavə edib.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Rusiya gecə saatlarında Kiyev vilayətinin Buça rayonunda üç anbara zərbə endirib. Hücum nəticəsində yanğınlar baş verib.
Qurum “Telegram” kanalında bildirib ki, xilasedicilər yanğını söndürərkən əlavə zərbələrə məruz qalıb. Daha sonra yanğının nəzarət altına alındığı qeyd edilib.
“Reuters” agentliyinin şahidlərə istinadən yaydığı məlumata görə, çərşənbə günü səhər Ukraynanın paytaxtı Kiyevdə də partlayış səsləri eşidilib.

Yanğınsöndürən zərbə endirilən anbarda baş verən yanğını söndürür. Kiyev vilayəti, Ukrayna, 2 sentyabr 2026-cı il.

Yanğınsöndürənlər zərbə endirilən anbarda baş verən yanğını söndürürlər. Kiyev vilayəti, Ukrayna, 2 sentyabr 2026-cı il.
“Reuters” agentliyinin məlumatına görə, Rusiya və Ukraynanın bir-birinin taxıl ixracı obyektlərinə hücumları davam etdirdiyi bir vaxtda Moskva Qara dəniz taxıl sazişinin yenidən bərpası üçün heç bir əsas görmür. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko çərşənbə günü Vladivostokda keçirilən forumun kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.
“Bir razılaşma var idi... Lakin onun mühüm hissəsi icra olunmadı. Qərbin mövqeyində hər hansı dəyişiklik görürsünüzmü? Mən görmürəm”, – deyə Qruşko bildirib.
Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Brüsseldə. Brüssel, Belçika, 12 yanvar 2022-ci il.
Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci ilin iyulunda əldə olunan Qara dəniz Taxıl Təşəbbüsü müharibə şəraitinə baxmayaraq, təxminən 33 milyon metrik ton Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracına imkan verib. Rusiya ərzaq və gübrə ixracına tətbiq olunan məhdudiyyətlərdən şikayət edərək 2023-cü ildə sazişdən çıxıb.
Türkiyə Qara dəniz vasitəsilə taxıl daşınmasının təhlükəsizliyini təmin etmək üçün yeni plan hazırlayıb və bu məqsədlə həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayıb.
Həm Rusiya, həm də Ukrayna dünyanın əsas taxıl ixracatçıları sırasında yer alır. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tərəflərin qarşılıqlı hücumları qlobal buğda qiymətlərinin artmasına səbəb olub.
Fövqəladə hallar xidmətinin əməkdaşları gecə saatlarında dron hücumu nəticəsində Kiyev vilayətinin Vışneve şəhərində başlayan yanğını söndürüblər.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, hücum nəticəsində iki fərdi ev tamamilə dağılıb. İlkin məlumata görə, ölən olmayıb.

Yanğınsöndürənlər Rusiyanın dron hücumu etdiyi ərazidə işləyirlər. Vışneve, Ukrayna, 2 sentyabr 2026-cı il.

Yanğınsöndürənlər Rusiyanın dron hücumu etdiyi ərazidə işləyirlər. Vışneve, Ukrayna, 2 sentyabr 2026-cı il.
Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa şəhərinə endirilən zərbə nəticəsində üç nəfər, o cümlədən bir uşaq həlak olub. Bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Lisak “Telegram” kanalında məlumat verib. Lisak bildirib ki, hücum zamanı yaşayış binaları və infrastruktur obyektləri də zərər görüb.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Rusiya şirkəti “Rosatom” və “Qazaxıstan Atom Elektrik Stansiyaları” şirkəti Balxaş Atom Elektrik Stansiyasında iki enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalayıb. Stansiyanın ümumi gücü 2,4 giqavat olacaq.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Naurunun etirazına baxmayaraq, Sakit Okean adaları ölkələrinin liderləri Çinin raket sınağı ilə bağlı narahatlıqları ifadə ediblər. Sakit Okean Adaları Forumunun illik sammitində liderlər Çinin regionda keçirdiyi raket sınağı ilə bağlı narahatlıqlarını bildiriblər.
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın