Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas çərşənbə axşamı deyib ki, 10-dan çox üzv ölkə Livan ordusuna dəstək məqsədi daşıyan Aİ missiyasına şəxsi heyət və digər imkanlar təqdim etməyə hazırdır.
Təklif olunan missiyanın məqsədi Livan ordusunu gücləndirmək və xüsusilə Beyrutun "Hizbullah"ı tərk-silah etmək təzyiqi ilə üzləşdiyi bir vaxtda hökumətin ölkə ərazisində nəzarəti bərpa etməsinə kömək etməkdir.
Birləşmiş Millətlər Təşkilatının ölkədəki sülhməramlı missiyasını başa çatdırmağa hazırlaşdığı bir vaxtda Aİ Livan silahlı qüvvələrinə təlim və məsləhət dəstəyi vermək imkanlarını araşdırır.
Kallas bildirib ki, Aİ 2026-cı ilin sonunda mandatı başa çatacaq Livandakı BMT Müvəqqəti Qüvvələrini (UNIFIL) əvəz etməyə çalışmır.
Avropa müdafiə nazirlərinin görüşündən sonra İrlandiyada jurnalistlərə açıqlama verən Kallas qeyd edib: “Məqsədimiz Livan silahlı qüvvələrini və Livan dövlətinin öz ərazisində təhlükəsizliyi təmin etmək imkanlarını gücləndirməkdir”.
Aİ rəsmisi bildirib ki, qurum missiyanı oktyabrın ortalarında təsis etməyi planlaşdırır. Şəxsi heyətin isə 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində yerləşdirilməsi nəzərdə tutulur.
Kallas missiyada iştirak edəcək ölkələrin adlarını açıqlamayıb.
"Hizbullah"ın tərk-silah olunması əsas məsələ olaraq qalır
Livan ordusunun gücləndirilməsi beynəlxalq səylərin "Hizbullah"ın silahlarını təhvil verməsinə yönəlmiş təşəbbüsləri ilə əlaqələndirilir.
Qərb hökumətləri dəfələrlə Livanı İran tərəfindən dəstəklənən qruplaşmanı tərk-silah etməyə çağırıb. Bu məsələ ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasının əsas müddəalarından biridir.
UNIFIL-in mandatının başa çatmasından sonra bir illik geri çəkilmə prosesinə başlaması gözlənilir.
Fransa isə Livan silahlı qüvvələrinin gücləndirilməsinə yönəlmiş beynəlxalq konfransın keçirilməsini ayrıca təşviq edir və UNIFIL-i əvəzləmək səyləri çərçivəsində beynəlxalq qüvvə yaradılmasını təklif edib.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın