İran ABŞ-nin xəbərdarlığından sonra cavab zərbələri endirib

İran ABŞ-nin xəbərdarlığından sonra cavab zərbələri endirib
ABŞ və İran arasında gecə baş verən qarşılıqlı zərbələrdən sonra Hörmüz boğazı yaxınlığında görünən gəmilər. Müsəndəm bölgəsi, 2 sentyabr 2026-cı il.
Reuters

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İrana endirdiyi zərbələrə cavab olaraq regiondakı bir neçə ABŞ bazasına hücum etdiyini bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran İslamabad Memorandumu çərçivəsində əldə olunan atəşkəs razılaşmasına yalnız Vaşinqton öz öhdəliklərini yerinə yetirdikdən sonra əməl edəcək.

ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən başlaması region ölkələrinin vasitəçilik səylərinin hələlik gərginliyi azaltmağa kifayət etmədiyini göstərir.

SEPAH bildirib ki, sentyabrın 1-nə keçən gecə pilotsuz uçuş aparatları və ballistik raketlərlə Bəhreyn, İordaniya və İraqın şimalındakı Ərbil şəhərində yerləşən ABŞ bazalarını hədəfə alıb.

Hücumlar ABŞ-nin İranın cənubundakı adalara və şəhərlərə endirdiyi hava zərbələrindən sonra baş verib. İranın məlumatına görə, həmin zərbələr nəticəsində 70 nəfər yaralanıb, 5 mülki şəxs, o cümlədən Sirik şəhərində toy mərasimində iştirak edən azyaşlı oğlan həlak olub.

 ABŞ ilə İran arasında baş verən qarşılıqlı hücumları göstərən infoqrafika.
Anadolu Agency

SEPAH bildirib ki, ABŞ-nin hücumları Hörmüz boğazında gərginliyi daha da artırır. Qurum daha əvvəl İranın strateji əhəmiyyət daşıyan bu su yoluna nəzarəti gücləndirəcəyini açıqlayıb.

Son qarşıdurma iki gün əvvəl baş verən oxşar hücumlar nəticəsində üç iranlı hərbçinin həlak olmasından sonra qeydə alınıb.

ABŞ İranın cənub limanlarını blokadada saxladığı halda, Tehran Fars körfəzi ilə Oman körfəzini birləşdirən Hörmüz boğazını dəniz nəqliyyatı üçün bağlı saxlayır.

İslamabad Memorandumu üzrə öhdəliklər

Əraqçi bildirib ki, ABŞ İslamabad razılaşması üzrə öhdəliklərini yerinə yetirərsə, İran da öz öhdəliklərinə əməl edəcək.

O, bu açıqlamanı sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İranın dövlət televiziyası “IRIB”ə müsahibəsində verib.

“Onlar öz öhdəliklərini yerinə yetirmədən bizim hər hansı addım atmağımız mümkün deyil”, – İranın xarici işlər naziri bildirib.

SEPAH isə son açıqlamasında iki neft tankerinin ABŞ ordusunun təsiri ilə ekipajlarını təxliyə etdiyini və qeyri-qanuni marşrutla hərəkət edərkən minalanmış ərazidə partladığını iddia edib.

SEPAH Hərbi Dəniz Qüvvələri daha əvvəl xəbərdarlıq edib ki, İran hakimiyyətinin göstərişlərinə əməl etmədən minalanmış ərazidən keçən gəmilər təhlükə ilə üzləşə bilər.

Teqlər