Körfəzdə müharibə hava nəqliyyatını necə dəyişir?

Körfəzdə müharibə hava nəqliyyatını necə dəyişir?
Dubay Beynəlxalq Hava Limanının yaxınlığında iki dronun düşməsindən sonra dayanan “Emirates” təyyarələri. Dubay, BƏƏ, 11 mart 2026-cı il.
Reuters

ABŞ ilə İran arasında son gərginlik yalnız quruda və dənizdə deyil, Körfəz səmasında da davam edir. Raketlərin buraxılması və dronların vurulması region üzərində uçan təyyarələri istiqamətini dəyişməyə məcbur edə bilər.

Bu vəziyyət Körfəz regionunda uçuşlar üçün yeni təhlükəsizlik şəraiti yaradıb.

Dubay, Əbu-Dabi, Doha, Bəhreyn və Küveyt hava limanları beynəlxalq uçuşların əsas mərkəzləri olaraq qalır. Lakin onların ətrafındakı hava məkanı artıq adi uçuş zonası hesab edilmir. Aviaşirkətlər uçuşlarla bağlı qərar verərkən hərbi əməliyyatları, raket və dron hücumlarını, onların havada zərərsizləşdirilməsini, qalıqların yerə düşmə riskini və qəfil tətbiq olunan məhdudiyyətləri nəzərə alırlar.

Aİ Körfəzə uçuşlarla bağlı xəbərdarlıq edib

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Fars körfəzi və Oman körfəzi ilə bağlı xəbərdarlığın müddətini sentyabrın 30-dək uzadıb. Xəbərdarlıq Bəhreyn, Küveyt, Qətər və BƏƏ-nin hava məkanlarını əhatə edir. Agentlik aviaşirkətlərə İranın hava məkanından uzaq durmağı da tövsiyə edir.

Münaqişə Körfəz üzərində uçuş marşrutlarını dəyişib. Aviaşirkətlər təhlükəli ərazilərdən yayınaraq daha təhlükəsiz marşrutlar seçirlər. BƏƏ-dən uçan təyyarələr hərbi fəaliyyətin olduğu ərazilərdən yayınmaq üçün cənubdan və Səudiyyə Ərəbistanı üzərindən keçən alternativ marşrutlardan istifadə edirlər. Nəticədə uçuş müddəti və yanacaq sərfiyyatı artır, uçuş cədvəllərinin hazırlanması isə çətinləşir.

Regional uçuş marşrutlarına təsir

Bu vəziyyət bəzi Avropa–Körfəz və Avropa–Asiya uçuşlarına daha çox təsir göstərir. İran və regiondakı digər hava məkanlarından yan keçmək uçuş müddətini təxminən üç saat uzada bilər.

Bəzi beynəlxalq aviaşirkətlər Körfəzə uçuşları dayandırıb və ya onların sayını azaldıb. Nəticədə uçuş imkanları məhdudlaşıb, biletlərin qiyməti isə artıb.

ABŞ ilə İran arasında son hərbi əməliyyatlar göstərir ki, Körfəz hava limanları açıq qalsa belə, təyyarələr daha uzun marşrutlarla uçmalı ola bilər. Bəzi uçuşlar gecikdirilə, alternativ istiqamətlərə yönləndirilə və ya dayandırıla bilər.

Gərginlik səbəbindən Hörmüz boğazından keçən gəmilərin sayı da kəskin azalıb. Nəticədə boğazdakı vəziyyət həm dəniz ticarətinə, həm də region üzərindən həyata keçirilən beynəlxalq uçuşlara təsir göstərən mühüm təhlükəsizlik məsələsinə çevrilib.

Teqlər