ABŞ nümayəndələri həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər

ABŞ nümayəndələri həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski.
AnewZ

Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.

⦿ 22:47 | YENİLƏNİB

Ukrayna XİN rəhbəri: “Rusiya zərbəsi “ciddi eskalasiyadır”

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Rusiyanın Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin qərargahına endirdiyi zərbə “ciddi eskalasiyadır”.

Sibiqa “X” platformasındakı paylaşımında bildirib ki, “Rəsmi Moskva bu zərbəni sülh səylərinin yenidən gündəmə gəldiyi bir vaxtda endirib və bununla da diplomatiyanı həqiqətən rədd etdiyini nümayiş etdirib”.

O əlavə edib ki, zərbə nəticəsində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Müqəddəs Sofiya Kafedralı da təhlükə qarşısında qalıb.

 

⦿ 21:11 | YENİLƏNİB

Kiyev və Odessada Rusiya zərbələrinin nəticələri

Reuters
Yanğınsöndürənlər Rusiyanın hücumu zamanı Kiyev vilayətinin Brovarı şəhərində dron zərbəsi nəticəsində zədələnən anbarda işləyirlər. Ukrayna, 4 sentyabr 2026-cı il.
Reuters
Sakinlər Rusiyanın hücumu zamanı Odessa vilayətində dron zərbələri nəticəsində zədələnən fərdi evə baxış keçirirlər. Ukrayna, 4 sentyabr 2026-cı il.
Reuters
 

Sakin Rusiyanın hücumu zamanı Odessa şəhərində dron zərbəsi nəticəsində zədələnən yaşayış binasının ərazisində hərəkət edirlər. Ukrayna, 4 sentyabr 2026-cı il.

Reuters

⦿ 21:00 | YENİLƏNİB

Rusiyanın zərbəsi Xersondakı istilik stansiyasını sıradan çıxarıb

Reuters

Ukraynanın cənubundakı Xerson şəhərində yerləşən istilik elektrik stansiyasına Rusiyanın endirdiyi zərbə nəticəsində stansiyanın bütün generasiya gücü sıradan çıxıb. Bu barədə Ukraynanın dövlət neft-qaz şirkəti “Naftoqaz” məlumat verib.

“Rusiya qüvvələri Xersondakı yaşayış binalarının əhəmiyyətli hissəsini istiliklə təmin edən tamamilə mülki obyektə zərbə endirib”, – şirkətin baş icraçı direktoru Serhiy Fedorenko bəyanatında bildirib.

Məlumata görə, stansiya dəfələrlə Rusiyanın hücumlarının hədəfi olub. Obyekt sentyabrın 2-də də zərbəyə məruz qalıb.

⦿ 20:40  | YENİLƏNİB

ABŞ nümayəndələrinin Ukraynaya səfəri ilə bağlı müzakirələr davam edir

Reuters

Məsələ ilə tanış mənbənin məlumatına görə, ABŞ danışıqlar nümayəndələrinin Ukraynaya mümkün səfəri ilə bağlı müzakirələr davam edir. Tərəflər səfər üçün mümkün tarix kimi sentyabrın 6-nı nəzərdən keçiriblər.

Rusiyanın dövlət xəbər agentliyi TASS daha əvvəl ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin sentyabrın 5-də və 6-da Rusiya və Ukraynaya səfər edəcəklərini bildirmişdi.

⦿ 20:33 | YENİLƏNİB

Aİ Ukraynanın müdafiəsi üçün əlavə 7,12 milyard dollar ayırıb

Reuters

Avropa Komissiyası Ukraynanın hava hücumundan müdafiə sistemləri, raketlər, döyüş sursatı və radarlar kimi yeni müdafiə vasitələri alması üçün əlavə 7,12 milyard dollar (6,1 milyard avro) maliyyə yardımını təsdiqləyib.

Avropa İttifaqı bildirib ki, bu yeni yardım paketi əvvəllər təsdiqlənmiş və dəyəri milyardlarla dollarla ölçülən satınalma planlarına əlavədir. Həmin vəsaitlərin yarısı artıq ayrılıb.

“Rusiya hücumlarını intensivləşdirdiyi bir vaxtda biz Ukraynaya öz xalqını qorumağa və hava məkanını müdafiə etməyə kömək etmək üçün dəstəyimizi artırırıq. Avropa Ukraynanın yanındadır və onun ehtiyac duyduğu vasitələri ehtiyac duyduğu vaxtda təmin edəcəyik”, – Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bəyanatında bildirib.

⦿ 15:07 | YENİLƏNİB

Almaniyada elektrik şəbəkəsinə mümkün sabotaj cəhdi araşdırılır

Reuters

Almaniyanın qərbində, Düsseldorf şəhərinin cənubunda elektrik şəbəkəsi transformatorunda qısaqapanma yaratmaq cəhdinin olduğu bildirilir. “Bild” qəzeti cümə günü Almaniya polisinə istinadən xəbər yayıb.

Polis Dormagen şəhərində baş verən hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən məktub alıb. Məktubda həmçinin yaxınlıqdakı Berqhaym şəhərində yerləşən yarımstansiyada törədilən vandalizm aktına da toxunulub. Həmin hadisə çərşənbə axşamı 4 200 meqavatlıq enerji istehsalı gücünün şəbəkədən çıxmasına səbəb olub.

Hadisə Almaniyanın avqust ayında Leypsiq/Halle hava limanında baş verən dron hücumunda Moskvanı günahlandırmasından sonra baş verib. Rusiya isə bu ittihamları əsassız adlandırıb.

⦿ 15:00 | YENİLƏNİB

Peskov: "Hazırda Ukrayna ilə sülh razılaşması üçün konkret əsas yoxdur"

Reuters

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna ilə sülh razılaşmasının əldə olunması ehtimalı qalır, lakin hazırda bunun üçün konkret əsas mövcud deyil.

Peskov, həmçinin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın günlərdə Moskvaya səfər edib-etməyəcəklərini təsdiqləməyib.

Kremlin sözçüsü qeyd edib ki, hər hansı təmas baş tutacağı təqdirdə bu barədə məlumat veriləcək.

⦿ 14:55 | YENİLƏNİB

“Air Tanzania” Moskva reyslərini bazar ertəsi bərpa edəcək

“Air Tanzania” aviaşirkəti Dar-əs-Salam və Moskva arasında uçuşların bazar ertəsi bərpa olunacağını açıqlayıb.

Bu açıqlama şirkətin Rusiya paytaxtına reysləri təhlükəsizlik narahatlıqları səbəbindən müvəqqəti dayandırdığını bildirməsindən bir neçə saat sonra verilib.

Şirkət “Instagram”da yayımladığı bəyanatda bildirib:

“Uçuşların bərpası marşrut üzrə əməliyyat mühitinin müntəzəm risk qiymətləndirilməsinin tamamlanmasından sonra həyata keçirilir...”

Ukrayna Prezidenti Volodimir Zelenski isə bu həftənin əvvəlində PUA-ların mövcudluğu səbəbindən Rusiyanın hava məkanının “tamamilə təhlükəli” hala gəldiyini bildirib.

 

⦿ 13:43 | YENİLƏNİB

ABŞ nümayəndələri həftəsonu Moskva və Kiyevə səfər edəcəklər

Rusiya dövlət xəbər agentliyi TASS xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-6-da əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər.

“Onların sentyabrın 5-6-da Moskvaya, daha sonra isə Kiyevə çatacağı gözlənilir”, – deyə anonim mənbədən sitat gətirilib.

⦿ 13:30 | SON DƏQİQƏ

"Air Tanzania” Moskva reyslərini dayandırıb

“Air Tanzania” aviaşirkəti Dar-əs-Salam və Moskva arasında həyata keçirilən uçuşları dayandırıb.

Şirkət “Instagram” səhifəsində yayımladığı bəyanatda qərarın “müvəqqəti” olduğunu bildirib, lakin reyslərin nə vaxt bərpa ediləcəyi barədə məlumat verməyib.

Aviaşirkətin açıqlamasında deyilir:

“Bu qərar marşrut üzrə əməliyyat mühitinin müntəzəm risk qiymətləndirilməsindən sonra qəbul edilib. Təhlükəsizlik mülahizələri hər zaman kommersiya maraqlarından üstün tutulur”.

Bu həftənin əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski PUA təhlükəsi səbəbindən Rusiyanın hava məkanının “tamamilə təhlükəli” hala gəldiyini bildirib.

Ötən həftə təhlükəsizlik narahatlıqları səbəbindən Moskva da daxil olmaqla, Rusiyanın bir sıra bölgələrindəki hava limanları gecə saatlarında uçuşları dayandırmalı olub.

 

⦿ 12:03 | YENİLƏNİB

Ukraynanın Energetika Nazirliyi Rusiyanın infrastruktur zərbələrindən sonra məhdudiyyətlər barədə xəbərdarlıq edib

Reuters

Ukraynanın Energetika Nazirliyi bildirib ki, Rusiya gecə saatlarında ölkənin cənubundakı Odessa vilayətinin enerji infrastrukturunu hədəfə alıb. Nazirlik bunun fonunda enerji şəbəkəsində mümkün məhdudiyyətlərin tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Odessa vilayətinin qubernatoru Oleq Kiper daha əvvəl bildirib ki, zərbələr nəticəsində bir nəfər həlak olub, azı beş nəfər yaralanıb.

⦿ 11:53 | YENİLƏNİB

Polşa şərq sərhədində hava məhdudiyyətləri tətbiq edir

Anadolu

Polşa cümə axşamı ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə şərq bölgəsində aşağı hündürlüklü uçuşlara məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı ölkənin şərq hissəsində “müvəqqəti məhdudlaşdırılmış zona”nın yaradıldığını bildirib. Zona yer səviyyəsindən təxminən 3 kilometr hündürlüyədək olan hava məkanını əhatə edir.

Məhdudiyyətlər sentyabrın 10-dan dekabrın 9-dək qüvvədə olacaq və daha yüksək hündürlüklərdə həyata keçirilən sərnişin aviasiyası uçuşlarına şamil edilməyəcək.

⦿ 11:50 | YENİLƏNİB

Rusiya Ukraynanın limanlarında iki gəmiyə zərbə endirdiyini bildirib

Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında yayımladığı açıqlamada bildirilib ki, Rusiya Qara dənizdəki Ukrayna limanlarında silah daşıyan iki gəmiyə zərbə endirib.

Nazirliyin məlumatına görə, hücumlar Ukraynanın Odessa vilayətində yerləşən Yujnıy və Çernomorsk limanlarındakı yük gəmilərinə qarşı həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyi, həmçinin Kiyev vilayətinin Hatnoye kəndində yerləşən logistika mərkəzinin də hədəfə alındığını açıqlayıb.

⦿ 10:18 | YENİLƏNİB

Rusiyanın PUA zərbəsi nəticəsində Ukraynada iki polis əməkdaşı həlak olub

Dnepropetrovsk vilayətinin qubernatoru Oleksandr Qanja “Telegram” hesabında bildirib ki, Rusiyanın Ukraynanın cənub-şərqində yerləşən bölgəyə endirdiyi PUA zərbəsi nəticəsində iki polis əməkdaşı həlak olub.

Onun sözlərinə görə, hücum zamanı daha bir polis əməkdaşı yaralanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zərbələr nəticəsində kommersiya obyektlərinə də ziyan dəyib.

Rusiya zərbəsindən sonra yaranmış vəziyyət. Dnepropetrovsk vilayəti, Ukrayna, 4 sentyabr 2026-cı il.
Dnipropetrovsk Regional Council Chairman, Mykola Lukashuk

⦿ 07:57 | YENİLƏNİB

Ukrayna Soçidə Rusiyanın neft bazasına zərbə endirib

Reuters

Krasnodar vilayətinin rəsmiləri “Telegram” platformasında bildiriblər ki, Ukraynaya məxsus PUA-nın zərbəsi Rusiyanın Qara dəniz sahilində yerləşən Soçi şəhərindəki neft bazasında yanğına səbəb olub.

⦿ 07:50 | YENİLƏNİB

Zelenski ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfər edəcəyini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoyulması ilə bağlı danışıqlar aparmaq üçün ABŞ elçilərinin səfərinə hazırlaşdığını bildirib.

Zelenski “X” platformasında etdiyi paylaşımda görüşün dəqiq tarixini açıqlamasa da, ABŞ elçilərinin həm Moskvaya, həm də Kiyevə səfər edəcəyini qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl – cümə axşamı keçirilən illik iqtisadi forumda çıxışı zamanı sülh şansının olduğunu bildirib.

“Bununla belə, nəticə etibarilə problem münaqişə tərəfləri – Rusiya və Ukrayna tərəfindən həll edilməlidir”, – deyə Putin qeyd edib.

“Nizamlanmaya töhfə verməyə çalışan hər kəsə minnətdarıq. Şans varmı? Mənim fikrimcə, bəli, var”, – Rusiya Prezidenti əlavə edib.

 

Teqlər