ABŞ sanksiya və blokada vasitəsilə İrana təzyiqi artırır

ABŞ sanksiya və blokada vasitəsilə İrana təzyiqi artırır
Hörmüz boğazı yaxınlığındakı gəmilər. Oman, Müsəndəm, 2 sentyabr 2026-cı il.
Reuters

Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.

⦿ 22:53 | YENİLƏNİB

ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumata görə, Vaşinqton sentyabrın 4-də İranla bağlı yeni sanksiyalar tətbiq edib və yeni ümumi lisenziya verib.

⦿ 21:44 | YENİLƏNİB

İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

“X”

İsrail ordusu HƏMAS-ın xüsusi təyinatlı bölməsinin komandiri Məhəmməd Mahmud Mərşəd əl-Qadini Xanın Yunis şəhərində öldürdüyünü bildirib.

Ordu açıqlamasında əl-Qadinin 7 oktyabr hücumunda iştirak etdiyini və Rəfahda HƏMAS tərəfindən saxlanılan girovlarla bağlı qismən məsuliyyət daşıdığını iddia edib. Ordunun məlumatına görə, o, həmçinin HƏMAS-ın hərbi imkanlarını bərpa etmək cəhdlərində iştirak edib.

 

⦿ 21:34 | YENİLƏNİB

İran XİN rəhbəri Əraqçi İordaniyalı həmkarına istehzalı cavab verib

İranın xarici işlər naziri Abbas Əraqçi İordaniyanın İranın və ərəb ölkələrinin suverenliyinə hörmət etmədiyini iddia edərək, iordaniyalı həmkarını tənqid edib.

Əraqçi “X” platformasındakı paylaşımında Ayman Səfadidən istehzalı şəkildə soruşub ki, ABŞ-nin Yaxın Şərqdə, o cümlədən İordaniyadakı bazalarından həyata keçirilən və ya bu bazalar vasitəsilə təşkil olunan hücumlara cavab verməzdən əvvəl Tehran nə qədər gözləməlidir.

O, bu açıqlamanı Səfadinin İranın ABŞ zərbələrindən sonra ərəb ölkələrinə qarşı həyata keçirdiyi hücumların cavab addımı sayıla bilməyəcək qədər tez baş verdiyini və əvvəlcədən planlaşdırılmış siyasətin bir hissəsi olduğunu deməsindən sonra verib.

 

⦿ 15:11 | YENİLƏNİB

İran münaqişəsi üzrə itkilər 1,89 milyard dollar qiymətləndirilir

"Lloyd’s" şirkətinin maliyyə direktoru Ceyms Biçard bildirib ki, dünyanın ən böyük sığorta bazarı olan şirkətin hesablamalarına görə, İran münaqişəsi nəticəsində sığorta şirkətləri 1,89 milyard dollar (1,4 milyard funt sterlinq) məbləğində itki ilə üzləşə bilər.

Biçard sentyabrın 4-də yayımlanan müsahibəsində “Insurance Business” nəşrinə bildirib ki, bu itkilər yalnız Hörmüz boğazı ilə bağlı deyil.

“Bütün bunlar dəniz sığortası ilə bağlı deyil. Buraya dəniz müharibəsi riskləri, eləcə də quruda fiziki zərərlə bağlı siyasi zorakılıq və terrorizm nəticəsində yaranan itkilər daxildir”, – deyə o bildirib.

⦿ 14:44 | YENİLƏNİB

Hörmüz boğazında gəmi hərəkətliliyi normadan aşağı olaraq qalır

İlkin izləmə məlumatlarına əsasən, Hörmüz boğazı vasitəsilə gəmi hərəkətliliyi əvvəlki normal səviyyədən aşağı olaraq qalır.

“Reuters” agentliyinin “Kpler” şirkətinin məlumatlarına istinadən yaydığı xəbərə görə, sentyabrın 3-də boğazdan dörd yük gəmisi keçib. Bu, əvvəlki gün qeydə alınan doqquz gəmidən azdır və son 10 gün üzrə orta göstərici olan təxminən 15 gəmidən xeyli aşağıdır.

Məlumata görə, bəzi gəmilər hərəkət zamanı transponderlərini söndürdüyü üçün boğazdan keçən gəmilərin yekun sayı sonradan dəyişə bilər.

⦿ 14:22  | YENİLƏNİB

İran ABŞ-nin zərbələrini “müharibə cinayətləri” adlandırıb

İranın BMT-dəki səfiri və müvəqqəti işlər vəkili Qulamhüseyn Darzi BMT Baş katibinə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ-nin həyata keçirdiyi zərbələri kəskin şəkildə pisləyib.

Darzi bildirib ki, hücumlar arasında Hormozqan vilayətində toy mərasimi zamanı bir evə endirilən zərbə də olub. O, bu hadisəni müharibə cinayətlərinə nümunə kimi qiymətləndirib.

“İran İslam Respublikası bu dəhşətli və qəbuledilməz cinayəti qəti şəkildə pisləyir”, – deyə Darzi bildirib. O qeyd edib ki, uşaqlar da daxil olmaqla mülki şəxslərin hədəfə alınması beynəlxalq humanitar hüququn pozulmasıdır və müharibə cinayəti hesab olunur.

Darzi həmçinin bildirib ki, İran təmkin nümayiş etdirib və beynəlxalq hüquqa uyğun hərəkət edib. Lakin o, Tehranın xalqını, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə məqsədilə “zəruri və mütənasib tədbirlər” görəcəyini bildirib.

⦿ 11:17 | YENİLƏNİB

İran səfirliyi toy mərasimlərinə hücumlara görə ABŞ-ni tənqid edib

İranın Londondakı səfirliyi ABŞ hərbçilərini Əfqanıstan, İraq, Yəmən və daha sonra Suriyada toy mərasimlərinə qarşı həyata keçirilən ölümcül hücumlarda ittiham edib.

Səfirliyin cümə axşamı “X” platformasında yayımladığı bəyanatda bildirilib ki, Sirik şəhərinin Kohstak limanında toy mərasiminə endirildiyi iddia olunan ABŞ zərbəsi Vaşinqtonun və müttəfiqlərinin müxtəlif ölkələrdə həyata keçirdiyi daha geniş hücumlar silsiləsinin bir hissəsidir.

Səfirlik hadisəyə görə məsul şəxslərin cavab verməli olduğunu bildirib və bəyanatını bu sözlərlə yekunlaşdırıb:

“Hərbi cinayətlərə son qoyun və hərbi cinayətkarları mühakimə edin”.

 

⦿ 11:05 | YENİLƏNİB

Bəqai: "Qətərdə ABŞ qüvvələrinə qarşı hücumlar yalnız hərbi obyektləri hədəf alıb"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Qətərin Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) təqdim etdiyi rəsmi hesabat İranın Qətərdə yerləşən ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi hücumların yalnız Amerika hərbi obyektlərinə yönəldiyini təsdiqləyir.

Bəqai İranın hərbi obyektləri hədəf almasını ABŞ-nin mülki şəxslərə və infrastruktura qarşı həyata keçirdiyi hücumlarla müqayisə edib.

 

Reyis Əli Dəlvərinin ildönümü və İranın Britaniya müstəmləkəçiliyinə qarşı Milli Müqavimət Günü ilə bağlı çıxışında Bəqai ABŞ-nin maliyyə naziri Skott Bessentin son açıqlamalarını tənqid edib.

O bildirib ki, ABŞ rəsmiləri keçmişdə formalaşmış təsəvvürlərdən kənara baxmalıdır. Bəqai Vaşinqtonu “maksimum qəddarlıq” siyasəti ilə İranı diz çökdürməyə yönəlmiş qanunsuz müharibə aparmaqda ittiham edib.

⦿ 09:36 | YENİLƏNİB

Aİ İrana qarşı "İqtisadi təcrid" əməliyyatına qoşulub

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Avropa İttifaqı (Aİ) İrana qarşı “İqtisadi təcrid” kampaniyasına rəsmi şəkildə qoşulub.

Bessent “X” platformasında etdiyi paylaşımda qeyd edib ki, Birləşmiş Ştatlar İranın “qatil rejiminin” nüvə ambisiyalarını, silah proqramını və terrorçu proksi qüvvələrini maliyyələşdirmək üçün qlobal maliyyə sistemindən sui-istifadə etməsinin qarşısını almaq məqsədilə müttəfiqləri ilə birlikdə hərəkət edir. Onun sözlərinə görə, bu kampaniya İranın “qalan bütün iqtisadi həyat xətləri” kəsilənədək davam edəcək.

⦿ 08:25 | YENİLƏNİB

Yaxın Şərq gərginliyi fonunda neft bahalaşır

ABŞ və İran arasında yenidən artan gərginlik Yaxın Şərqdən neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqları gücləndirib. Bunun fonunda neft qiymətləri bahalaşıb və iyulun ortalarından bəri ən böyük həftəlik artımı göstərib.

“Brent” markalı neftin fyuçersləri 15 sent və ya 0,2 faiz bahalaşaraq bir barel üçün 95,67 dollara yüksəlib. ABŞ-nin WTI (West Texas Intermediate) markalı nefti isə 26 sent və ya 0,3 faiz artaraq 91,56 dollara çatıb.

Həftə ərzində “Brent” 7,1 faiz, WTI isə 9,8 faiz bahalaşıb. Bu, hər iki göstəricinin iyulun 20-də başa çatan həftədən sonra ən böyük həftəlik artımı olduğunu göstərir.

⦿ 08:16 | YENİLƏNİB

Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvə göndərməyə hazırlaşır

Anadolu

Cənubi Koreya ordusunun yaydığı məlumata görə, ölkə Hörmüz boğazına hərbi qüvvə göndərilməsi ilə bağlı konkret hazırlıqlar görür.

Milli Müdafiə Nazirliyinin rəsmisi Avstraliyanın SBS yayım şirkətinə açıqlamasında bildirib:

“Biz Hörmüz boğazına hərbi dəniz qüvvələri göndərmək üçün konkret hazırlıqlar həyata keçiririk”.

Məlumata əsasən, davam edən yerləşdirmə prosesinə P-8 dəniz patrul təyyarələri, partlayıcı sursatların zərərsizləşdirilməsi qrupu və maddi-texniki təminat gəmisi daxildir.

Teqlər