“Volkswagen” 2030-cu ilədək 100 min iş yerini ixtisar etməyi planlaşdırır

“Volkswagen” 2030-cu ilədək 100 min iş yerini ixtisar etməyi planlaşdırır
“Volkswagen” zavodunun istehsal xəttində fotosessiya zamanı əməkdaş “Volkswagen Golf” avtomobilinin emblemini nümayiş etdirir. Almaniya, Volfsburq, 14 noyabr 2008-ci il.
Reuters

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.

“Volkswagen” 2025-ci ilin sonunda dünya üzrə 660 mindən çox əməkdaşa malik olub. Yeni ixtisarlar daha əvvəl elan edilmiş 50 min iş yerinin azaldılması planına əlavə olunur. Bununla da 2030-cu ilədək ixtisar edilməsi nəzərdə tutulan iş yerlərinin ümumi sayı təxminən 100 minə çatır.

Şirkətin Müşahidə Şurasının sədr müavini Christianne Benner bildirib ki, tərəflər böhrandan çıxış yolu tapmaq üçün böyük səy göstəriblər.

“Future Plan 2030” adlı yenidənqurma proqramı “Volkswagen”in əsas bazarlarından biri olan Çində rəqabətin güclənməsi, satışların zəifləməsi və gəlirlərin azalması fonunda həyata keçirilir.

Avtomobil istehsalçısının ABŞ-də satışları da azalıb. Buna təsir edən amillərdən biri Donald Tramp administrasiyasının avtomobil idxalına tətbiq etdiyi tariflərdir.

“Volkswagen Group” şirkətinin elektromobil modellərinin istehsal xəttində texniki işçilər çalışır. Almaniya, 26 aprel 2022-ci il.
Reuters

“Volkswagen” Şimali Amerikada daha gəlirli seqmentlərə yönəlməyi, Çində zəif artım gözləntilərinə uyğunlaşmağı və qlobal avtomobil bazarındakı mövqeyini gücləndirmək üçün Qlobal Cənub ölkələrinə ixracı artırmağı planlaşdırır.

Plan çərçivəsində “Volkswagen” 2035-ci ilədək istehsal etdiyi avtomobil modellərinin sayını yarıya endirməyi və model çeşidinin mürəkkəbliyini 75 faiz azaltmağı hədəfləyir. Xərcləri azaltmaq üçün kampaniya ən çox satılan modellərə üstünlük verəcək.

Şirkət, həmçinin 2030-cu ilədək illik avtomobil satışını 9 milyona, əməliyyat mənfəəti marjasını isə 9 faizə çatdırmağı planlaşdırır. 2026-cı ilin ilk yarısında bu göstərici 3,8 faiz olub.

Plan 2027–2031-ci illərdə kapital qoyuluşlarına və tədqiqat-inkişaf fəaliyyətinə ümumilikdə 157 milyard ABŞ dolları sərmayə yatırılmasını nəzərdə tutur.

Strategiya Çin avtomobil istehsalçılarının daha aşağı istehsal xərcləri və yeni texnologiyalar hesabına sürətlə genişləndiyi bir dövrdə hazırlanıb. Bu rəqabət ənənəvi avtomobil istehsalçıları üzərində təzyiqi artırır.

Teqlər