İndoneziyada vulkan püskürməsi səbəbindən uçuşlar dayandırılıb

İndoneziyada vulkan püskürməsi səbəbindən uçuşlar dayandırılıb
İndoneziyanın Banten vilayətinin Seranq bölgəsində yerləşən Pasauran kəndindən çəkilən görüntüdə Anak-Krakatau vulkanından isti lava püskürməsi əks olunub. 5 sentyabr 2026-cı il.
Reuters

İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatına, məktəblərin fəaliyyətinə və balıqçılıq işlərinə təsir göstərib. Sentyabrın 6-da Cakartanın əsas hava limanında yüzlərlə sərnişin uçuşların bərpa olunmasını gözləməli olub.

Soekarno-Hatta Beynəlxalq Hava Limanı vulkan külünün ərazi üzərində qeydə alınmasından sonra müvəqqəti olaraq uçuş əməliyyatlarını dayandırıb.

İndoneziyanın Nəqliyyat Nazirliyi bildirib ki, məhdudiyyətlər 58 beynəlxalq reys də daxil olmaqla 301 uçuşa təsir edib. Bəzi sərnişinlər reyslərin ləğvi barədə əvvəlcədən məlumatlandırılmadıqlarını bildiriblər.

İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi (BMKG) bildirib ki, vulkanın Yava adası istiqamətində kül sütunu 6 min metrədək yüksəlib. Sumatra adası və Yavanın Banten vilayəti istiqamətində isə 15 min metrədək yüksələn kül sütunu müşahidə olunub.

Anak Krakatau Yava və Sumatra adaları arasında, zəlzələ və vulkan aktivliyi ilə tanınan Sakit okeanın “Od halqası” bölgəsində yerləşir.

İndoneziyanın Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyi (BNPB) əhalini təmkinli olmağa və ehtiyat tədbirlərini artırmağa çağırıb.

Agentlik vulkan külü səbəbindən sakinlərə maska və göz qoruyucu vasitələrdən istifadə etməyi, açıq havada fəaliyyəti məhdudlaşdırmağı, su mənbələrini örtməyi və görmə məsafəsinin azalması səbəbindən avtomobil idarə edərkən diqqətli olmağı tövsiyə edib.

Anak Krakatau vulkanının püskürməsi səbəbindən Soekarno-Hatta Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb. 6 sentyabr 2026-cı il.
Reuters
 

Yerli “Kompas” nəşrinin məlumatına görə, bir sıra məktəblər sentyabrın 5-də şagirdlər və sakinlərin vulkan külü səbəbindən gözlərində qıcıqlanma yarandığını bildirdikdən sonra fəaliyyətini dayandırıb.

Balıqçılar da vulkan püskürməsi səbəbindən dənizə çıxışı dayandırıblar.

Anak Krakatau vulkanının püskürməsi səbəbindən Soekarno-Hatta Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb. 6 sentyabr 2026-cı il.
Reuters

BNPB yaxın zamanda sunami təhlükəsinin olmadığını bildirilib. “Krakatoanın övladı” mənasını verən Anak Krakatau təxminən bir əsr əvvəl vaxtilə Krakatoa vulkanının yerləşdiyi ərazidə meydana gəlib.

1883-cü ildə Krakatoa vulkanının püskürməsi müasir tarixin ən ölümcül vulkan hadisələrindən biri hesab olunur. Partlayış nəticəsində vulkanın böyük hissəsi dağılıb və Yava ilə Sumatra sahillərində 36 mindən çox insanın ölümünə səbəb olan sunamilər yaranıb.

2018-ci ildə Anak Krakatau vulkanının püskürməsi və onun bir hissəsinin çökməsi nəticəsində yaranan sunami 400-dən çox insanın ölümünə səbəb olub.

Teqlər