“Amazon”a yük daşıyan təyyarə Mayami Hava Limanında qəzaya uğrayıb

“Amazon”a yük daşıyan təyyarə Mayami Hava Limanında qəzaya uğrayıb
Mayami Beynəlxalq Hava Limanında “Amazon Prime Air” yük təyyarəsi. Mayami, ABŞ, 6 sentyabr 2026-cı il.
Reuters

Sentyabrın 6-da “Amazon Prime Air” yük təyyarəsinin Mayami Beynəlxalq Hava Limanında qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Rəsmilərin məlumatına görə, “Amazon” şirkətinə yük daşıyan “21 Air” yükdaşıma şirkətinə məxsus “Boeing 767” təyyarəsi yerli vaxtla saat 14:00-dan bir qədər əvvəl diaqonal uçuş zolağından çıxaraq bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib. Mayami-Deyd Yanğınsöndürmə Xidmətinin rəhbəri Rey Cadallah deyib ki, təyyarənin çırpıldığı nəqliyyat vasitələrində iki nəfər, pilot və ikinci pilot isə kabinədə sıxışıb qalıb.

Həlak olan şəxslərin kimliyi açıqlanmayıb.

Genişmiqyaslı xilasetmə əməliyyatı

Hadisə yerinə 60-dan çox yardım qrupu və təxminən 200 əməkdaş göndərilib. Xilasetmə qrupları dağıntılar arasında axtarış aparıb və davam edən yanacaq sızması ilə bağlı tədbirlər görüb.

Qəza görüntülərində təyyarənin burun hissəsinin yerə dəydiyi, quyruq hissəsinin isə yuxarı qalxdığı görünür. Təyyarənin sağ tərəfində yanıq izlərinə oxşar görüntülər qeydə alınıb. Uçuşları izləyən sistemlərin məlumatına görə, təyyarə uçuş-enmə zolağından çıxdığı zaman təxminən 208 km/saat sürətlə hərəkət edib.

Qəzadan dərhal sonra hava limanında uçuşlar dayandırılıb. Lakin sentyabrın 6-da axşam saatlarına qədər dörd uçuş-enmə zolağından ikisi yenidən istifadəyə verilib.

Araşdırma başlayıb

Qəzaya uğrayan təyyarənin 32 ildir istismarda olan “Boeing 767-300” yük təyyarəsi olduğu bildirilib. Təyyarə daha əvvəl bir neçə aviaşirkət tərəfindən sərnişindaşıma məqsədilə istifadə olunub, daha sonra yükdaşıma üçün yenidən təchiz edilib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəblərini araşdırmaq üçün qurumun rəhbəri Cennifer Homendinin başçılıq etdiyi qrupu Mayamiyə göndərib. Qurumun məsələ ilə bağlı ilk açıqlamanı sentyabrın 7-də verməsi gözlənilir.

“Amazon” hadisənin səbəblərini müəyyənləşdirmək üçün aidiyyəti qurumlarla əməkdaşlıq etdiyini bildirib.

Şirkətin sözçüsü Kelli Nantel əsas prioritetin təhlükəsizlik olduğunu bildirib.

Həmçinin “Boeing” və “21 Air” araşdırma aparan qurumlarla əməkdaşlıq edəcəklərini açıqlayıb.

Mütəxəssislər qəzanın səbəbini müəyyənləşdirmək üçün təyyarənin texniki vəziyyətini, uçuş məlumatlarını, hava şəraitini və ekipajın fəaliyyətini araşdıracaq.

Teqlər