Kim Çen In: “Yeni esmines Şimali Koreyanın nüvə cavab sisteminin bir hissəsi olacaq”

Kim Çen In: “Yeni esmines Şimali Koreyanın nüvə cavab sisteminin bir hissəsi olacaq”
Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə. Şimali Koreya, 6 sentyabr 2026-cı il.
Reuters

Şimali Koreya lideri Kim Çen In bildirib ki, yeni istifadəyə verilən esmines ölkənin nüvə cavab imkanlarının bir hissəsi olacaq. Onun sözlərinə görə, gəmi dağıdıcı cavab zərbələri endirmək imkanına malik olacaq.

Dövlətə məxsus KCNA agentliyi bu açıqlamanı sentyabrın 7-də yayıb. Lakin gəminin nüvə silahları ilə təchiz ediləcəyi barədə məlumat təsdiqlənməyib.

“Kang Kon” adlı 5 min tonluq esmines sentyabrın 6-da Şimali Koreyanın şərqində yerləşən Vonsan liman şəhərində keçirilən mərasimdə hərbi xidmətə qəbul edilib. Kim bildirib ki, gəminin Koreya yarımadasının şərq sularında yerləşdirilməsi Pxenyanın rəqiblərinə açıq mesajdır.

Şimali Koreyanın bayrağı ölkənin Vonsan limanında keçirilən xidmətə qəbul mərasimi zamanı “Kang Kon” esminesində dalğalanır. 6 sentyabr 2026-cı il.

Reuters

Analitiklər hesab edirlər ki, Kim Çen Inın açıqlamaları esmineslərin dənizdə nüvə çəkindirmə vasitəsi kimi istifadə oluna biləcəyinə işarə edir. Onların fikrincə, “Kang Kon” esminesinin yerləşdirilməsi ABŞ, Cənubi Koreya və Yaponiyanın regiondakı hərbi-dəniz fəaliyyətlərinə qarşı çəkindirmə məqsədi daşıyır.

KCNA gəminin silah sistemləri barədə ətraflı məlumat verməyib. Lakin əvvəlki məlumatlarda bu sinfə aid gəmilərin nüvə başlığı daşıya bilən raketlərlə təchiz oluna biləcəyi qeyd edilib.

Şimali Koreya lideri Kim Çen In qızı Kim Çju E ilə birlikdə. Şimali Koreya, 6 sentyabr 2026-cı il. 

Kim Çen Inın qızı Kim Çju E də mərasimdə onun yanında olub. KCNA-nın yayımladığı görüntülərdə onun hərbi salamları qəbul etdiyi və esminesə mindiyi görünür. Cənubi Koreya kəşfiyyatı Pxenyanın Kim Çju E-ni Kim Çen Inın mümkün varisi kimi təqdim etmək istiqamətində addımlar atdığını bildirir.

Şimali Koreyanın açıqlaması Cənubi Koreya, ABŞ və Yaponiyanın illik “Freedom Edge” hərbi təlimlərinə başladığı vaxta təsadüf edib. Təlimlərdə üç ölkənin hərbi-dəniz və hava qüvvələri iştirak edir. Seul bildirib ki, məqsəd Pxenyanın nüvə və raket təhdidlərinə qarşı çəkindirmə və cavab imkanlarını gücləndirməkdir.

Kim Çen In həmçinin bildirib ki, Şimali Koreya donanmasının imkanlarını genişləndirməyə davam edəcək və yaxın aylarda dəniz qüvvələrinin inkişafında yeni mərhələnin başlandığını elan edəcək.

Teqlər