Rusiya və Ukrayna qarşılıqlı zərbələr endirib: Kiyevdə azı 2 nəfər ölüb

Rusiya və Ukrayna qarşılıqlı zərbələr endirib: Kiyevdə azı 2 nəfər ölüb
İnsanlar Rusiya dronlarının hücumu zamanı metro stansiyasına sığınırlar. Kiyev, Ukrayna, 8 sentyabr 2026-cı il.
Reuters

Rusiya və Ukrayna gecə saatlarında qarşılıqlı hücumlar həyata keçirib. Şəhər meri Vitali Kliçko Kiyevə endirilən zərbələr nəticəsində altı nəfərin yaralandığını bildirib. Vilayət qubernatoru Roman Busargin Rusiyanın Saratov vilayətinə dron hücumları barədə məlumat verib. 

⦿ 20:24 | YENİLƏNİB

Fon der Lyayen: “Ukrayna Aİ-nin dəstək krediti hesabına “Patriot” sistemləri üçün hissələr ala biləcək”

Reuters

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Ukrayna Avropa İttifaqının növbəti 3,2 milyard avro (3,72 milyard dollar) məbləğində dəstək krediti çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün vacib hissələr ala biləcək.

Onun sözlərinə görə, Aİ-yə üzv ölkələr Ukraynaya bu avadanlıqları almağa imkan verən istisnanı təsdiqləyiblər. Bu qərar Kiyevin Rusiya raket və dron hücumlarına qarşı hava hücumundan müdafiə imkanlarını gücləndirməyə çalışdığı bir vaxtda qəbul edilib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen mətbuat konfransında iştirak edir. Qrenlandiya, 7 sentyabr 2026-cı il.
Reuters

⦿ 20:17 | YENİLƏNİB

Rumıniya kəşfiyyatı Rusiyanın təxribat əməliyyatının qarşısını aldığını bildirib

Reuters

Rumıniyanın kəşfiyyat xidməti bildirib ki, Rusiya tərəfindən koordinasiya edildiyi iddia olunan təxribat əməliyyatının ölkə ərazisində həyata keçirilməsinin qarşısını alıb.

Buxarest Rusiyanın hibrid fəaliyyətləri kimi qiymətləndirdiyi hallara qarşı mübarizəni gücləndirdiyi bir vaxtda bu açıqlamanı verib.

⦿ 18:35 | YENİLƏNİB

Qubernator: “Donetskdə Rusiyanın hücumları nəticəsində 2 nəfər ölüb”

Ukraynanın şərqində yerləşən Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin “Telegram” hesabında bildirib ki, Rusiyanın hücumları nəticəsində 2 nəfər ölüb.

Onun sözlərinə görə, zərbələr nəticəsində daha azı 10 nəfər yaralanıb.

⦿ 18:20 | YENİLƏNİB

Kiyevdə Rusiya zərbələri nəticəsində ölənlərin sayı artıb

Kiyev meri Vitali Kliçko “Telegram” hesabında bildirib ki, sentyabrın 7-də gecə saatlarından etibarən Rusiya zərbələri nəticəsində Ukrayna paytaxtında ölənlərin sayı 3 nəfərə çatıb.

⦿ 18:16 | YENİLƏNİB

Almaniyada elektrik şəbəkəsinə hücumlarda şübhəli bilinən şəxs saxlanılıb

Almaniya polisi ölkənin qərbində yerləşən Gevelsberq şəhərində 48 yaşlı kişini saxlayıb. O, elektrik şəbəkəsinə qarşı bir neçə dəfə təxribat törətməkdə şübhəli bilinir. Bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat yayıb. Polis sözçüsü bir şəxsin saxlanıldığını təsdiqləsə də, əlavə məlumat verməyib.


Son həftələrdə Almaniyada elektrik yarımstansiyalarına bir neçə hücum həyata keçirilib. Hücumlar zamanı hava elektrik xətlərinə müxtəlif əşyalar atan qurğulardan və fişəngə bənzər vasitələrdən istifadə olunub. Nəticədə qısaqapanmalar baş verib.

Almaniya polisi elektrik şəbəkəsinə qarşı ikinci təxribat cəhdindən sonra elektrik yarımstansiyasının yaxınlığında axtarış aparır. Berqhaym, Almaniya, 2 sentyabr 2026-cı il.
Reuters

⦿ 18:09 | YENİLƏNİB

Rusiyada Ukrayna dronunun zərbəsi nəticəsində mülki şəxs ölüb

Rəsmilərin məlumatına görə, Ukrayna dronunun Rusiyanın qərbində yerləşən Kursk vilayətinə hücumu nəticəsində bir mülki şəxs həlak olub. 

Bundan əvvəl Bryansk vilayətinin qubernator vəzifəsini icra edən Yeqor Kovalçuk bildirib ki, Starodub şəhərində yanacaqdoldurma məntəqəsinə endirilən digər zərbə nəticəsində 39 yaşlı kişi ölüb. 

“Reuters” məlumatları təsdiqləyə bilməyib. Ukrayna tərəfi isə açıqlama verməyib.

⦿ 18:00 | YENİLƏNİB

Kiyevdə telekanal binasına dron zərbəsi endirilib

 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevdə “Biz Ukraynayıq” telekanalının yerləşdiyi binaya canlı yayım zamanı dronla zərbə endirilib.


Onun sözlərinə görə, zərbə nəticəsində binanın bir hissəsi dağılıb, 5 nəfər yaralanıb.


Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti hücumdan sonra başlayan yanğını söndürüb.

“Biz Ukraynayıq” telekanalının binasında dron zərbəsindən sonra yaranan dağıntılar. Kiyev, Ukrayna, 8 sentyabr 2026-cı il.

⦿ 17:44 | YENİLƏNİB

Lavrov: “ABŞ ilə danışıqlarda Ukraynanın NATO üzvlüyü və cəbhədəki vəziyyət müzakirə olunub”

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, həftəsonu Moskvada ABŞ nümayəndələri ilə keçirilən danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü və cəbhədəki vəziyyət əsas müzakirə mövzuları olub.


TASS-ın məlumatına görə, Lavrov bunu amerikalı analitik Endryu Napolitanonun sualını cavablandırarkən deyib. Müsahibə sentyabrın 8-də Rusiyanın “Böyük oyun” televiziya proqramında yayımlanacaq.

Rusiya Prezidenti Vladimir Putin Cared Kuşnerlə əl sıxır. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff isə onların yanındadır. Moskva, Rusiya, 5 sentyabr 2026-cı il.
Reuters

“Əminliklə deyə bilərəm ki, müzakirələr Prezident Trampın vəzifəyə qayıtdıqdan sonra Ukrayna ilə bağlı açıqladığı mövqeyə əsaslanıb.
O, ilk növbədə Ukraynanın Şimali Atlantika Alyansına cəlb olunması cəhdlərindən imtina edilməsinin vacibliyini bildirib.

Vladimir Putin bu məsələnin bağlandığını açıqlamazdan xeyli əvvəl bunun aydın olduğu görünürdü. ABŞ mövqeyinin ikinci hissəsi isə cəbhədəki reallıqların qəbul edilməsidir”, – deyə Lavrov bildirib.

⦿ 17:39 | YENİLƏNİB

Peskov: “Rusiya dollardan imtina etmək niyyətində deyil”

Reuters

Kremlin sözçüsü Dmitri Peskov hindistanlı jurnalistlərə bildirib ki, Rusiya dollardan imtina etmək niyyətində deyil və bütün məqbul ödəniş üsullarına açıqdır.

O əlavə edib ki, bəzi ölkələr öz valyutalarından siyasi vasitə kimi istifadə edirlər. Peskov həmin ölkələrin adını açıqlamayıb.

⦿ 17:17 | YENİLƏNİB

Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarıb

Macarıstanın xarici işlər naziri Anita Orban bildirib ki, ölkəsi 10 Rusiya diplomatını ölkədən çıxarıb.

Onun sözlərinə görə, diplomatlar Vyana Konvensiyasına zidd fəaliyyətlə məşğul olublar.

“Bu qərar Macarıstanın təhlükəsizliyinin və suverenliyinin qorunmasına xidmət edir. Bu, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. Macarıstan qarşılıqlı hörmət və qaydalara riayət əsasında zəruri dialoqu davam etdirmək niyyətindədir”, – deyə Orban bildirib.

 

 

⦿ 16:48 | YENİLƏNİB

Zelenski: “Taxıl daşımalarına hücumların dayandırılması ilə bağlı danışıqlar Türkiyə və ya BƏƏ-də keçirilə bilər”

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, üçtərəfli danışıqlar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə və ya digər ölkələrdən birində keçirilə bilər.


Onun sözlərinə görə, danışıqlar zamanı taxıl daşımalarına və enerji infrastrukturuna zərbələrin dayandırılması imkanları müzakirə oluna bilər.

⦿ 16:29 | YENİLƏNİB

Zelenski: “Ukrayna taxıl daşımalarına və enerji obyektlərinə zərbələrlə bağlı güzəştə hazırdır”

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev taxıl daşımalarına və enerji infrastrukturuna zərbələrlə bağlı güzəştə getməyə hazırdır.


Onun sözlərinə görə, Rusiya da eyni addımı atmalıdır.

⦿ 15:43 | YENİLƏNİB

Peskov: “Rusiya istənilən vaxt sülh prosesinə keçməyə hazırdır”

Reuters 

Kremlin sözçüsü Dmitri Peskov onlayn mətbuat brifinqində bildirib ki, Rusiya istənilən vaxt sülh prosesinə keçməyə hazırdır, lakin bunun Ukrayna hökumətindən asılı olduğunu deyib.

O, Moskvanın Ukraynadakı hərbi məqsədlərinə nail olmalı olduğunu da qeyd edib.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-də Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcək. Görüş zamanı ticarət və iqtisadi məsələlərin müzakirə olunacağı gözlənilir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlama verir. Pekin, Çin, 20 may 2026-cı il.

⦿ 15:17 | YENİLƏNİB

Zelenski: “ABŞ nümayəndələri sülhlə bağlı yeni təkliflər verib” 

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ötən həftəsonu Kiyevə səfərləri zamanı sülhlə bağlı bir neçə yeni və məqbul təklif irəli sürüblər.

Zelenski sentyabrın sonunadək ABŞ Prezidenti Donald Trampla görüşməyə ümid etdiyini deyib. Onun sözlərinə görə, görüşdə Ukraynanın qış ayları üçün hava hücumundan müdafiə paketinin müzakirəsi planlaşdırılır.

⦿ 14:35 | YENİLƏNİB

Böyük Britaniya Ukraynaya 135 milyon dollar ayıracaq

Reuters

Böyük Britaniya qış aylarında Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 135 milyon dollar ayıracaq.

Yardım paketinə “Patriot” raketləri, iriçaplı artilleriya mərmiləri və pilotsuz uçuş aparatları daxil olacaq.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, bu yardım Ukraynanın qış aylarında müdafiə imkanlarını gücləndirəcək.

“Ukrayna qalib gələnədək onun yanında olacağıq. Ukraynadakı cəbhə bütün dünyada azadlığın cəbhəsidir. Dəstəyimiz davam edəcək”, – deyə nazir bildirib.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq hökumət iclasına gəlir. 8 sentyabr 2026-cı il.

Reuters

⦿ 14:00 | YENİLƏNİB

Ukraynanın Krıma hücumunda 2 nəfər ölüb

Reuters

Moskvanın təyin etdiyi Krım rəhbəri Sergey Aksyonov bildirib ki, Ukraynanın hücumu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hücumun baş verdiyi yer və necə həyata keçirildiyi barədə əlavə məlumat açıqlanmayıb.

Ukrayna tərəfi isə bu iddia ilə bağlı hələlik açıqlama verməyib.

⦿ 13:32 | YENİLƏNİB

Polşa Rusiyanın zərbələrindən sonra hava əməliyyatını başa çatdırıb

 

Polşa Silahlı Qüvvələri Rusiyanın gecə saatlarında Ukraynaya endirdiyi zərbələrlə əlaqədar başlatdığı qabaqlayıcı əməliyyatı başa çatdırıb. Ordu bildirib ki, Polşa hava məkanının pozulması qeydə alınmayıb.

Hücumlar zamanı hərbi təyyarələr havaya qaldırılıb, hava hücumundan müdafiə sistemləri isə yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

 

⦿ 13:11 | YENİLƏNİB

Ukraynanın Rusiyaya endirdiyi zərbə Bryansk vilayətində 1 nəfərin ölümünə səbəb olub

 

Ukraynanın Rusiyanın qərbində yerləşən Bryansk vilayətinin Starodub şəhərində yanacaqdoldurma məntəqəsinə hücumu nəticəsində 39 yaşlı kişi ölüb. Bu barədə vilayətin müvəqqəti qubernatoru Yeqor Kovalçuk məlumat verib.

O bildirib ki, daha üç nəfər yaralanıb.

⦿ 12:51 | YENİLƏNİB

Zelenski Rusiyanın hücumlarında kritik infrastrukturun zərər gördüyünü bildirib

 

Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasında yazıb ki, Rusiyanın gecə saatlarında Ukraynaya hücumları nəticəsində kritik infrastruktura ziyan dəyib.

O bildirib ki, ölkənin cənubundakı Odessa vilayətində bazar hədəfə alınıb, Xarkov şəhərinə endirilən zərbə nəticəsində isə iki nəfər yaralanıb.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin gecə ərzində 175 hava hədəfini məhv etdiyini bildirib. O, ballistik raketlərin vurulmasının hələ də çətin olduğunu vurğulayaraq, Ukraynanın daha çox raket əleyhinə müdafiə vasitəsinə ehtiyac duyduğunu qeyd edib.

 

 

 

⦿ 12:32 | YENİLƏNİB

Rusiya gecə saatlarında Ukraynaya 166 PUA ilə hücum edib

Reuters

Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib ki, Rusiya gecə saatlarında Ukraynaya raketlər və 166 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Hücumların əsasən Kiyev ətrafındakı bölgələrə və ölkənin cənubundakı Odessa vilayətinə yönəldiyi qeyd olunub.

Qurum “Telegram” kanalında bildirib ki, hücum zamanı 142 PUA, 32 qanadlı raketdən 31-i və iki ballistik raket məhv edilib.

Ukrayna Hərbi Hava Qüvvələri hücum zamanı buraxılan ballistik raketlərin ümumi sayını açıqlamayıb.

⦿ 12:14 | YENİLƏNİB

Lublin hava limanı fəaliyyətini bərpa edib

Reuters

Polşanın şərqində yerləşən Lublin hava limanı Rusiyanın Ukraynaya zərbələri ilə əlaqədar Polşa ordusunun keçirdiyi qabaqlayıcı əməliyyatlar səbəbindən dayandırılan uçuşları bərpa edib.

Polşa Hava Naviqasiya Xidməti (PANSA) bildirib ki, hava limanında uçuşlar bərpa olunub.

⦿ 12:09 | SON DƏQİQƏ

Polşanın Lublin hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Reuters

Polşa ordusu bildirib ki, Rusiyanın Ukraynaya endirdiyi zərbələrlə əlaqədar ölkənin hava məkanında qabaqlayıcı əməliyyatlar həyata keçirilib. Bu barədə Polşa ordusu “X” platformasında məlumat yayıb.

“Bu tədbirlər qabaqlayıcı xarakter daşıyır və hava məkanının təhlükəsizliyini təmin etməyə xidmət edir. Xüsusilə təhlükə altında olan bölgələrə yaxın ərazilər diqqət mərkəzində saxlanılır”, – açıqlamada bildirilib.

Polşa Hava Naviqasiya Xidmətinin məlumatına görə, Lublin hava limanında uçuşlar müvəqqəti dayandırılıb.

⦿ 11:55 | YENİLƏNİB

Rusiya qanunları pozan hərbçilərdən birdəfəlik ödənişin geri alınmasını planlaşdırır

Reuters

Rusiya Müdafiə Nazirliyi ölkə daxilində cinayət törədən hərbçilərə verilən birdəfəlik ödənişin bir hissəsinin geri alınmasını nəzərdə tutan təklif üzərində işləyir. Bu addım Ukraynaya qarşı müharibədə iştirak edən hərbçilər arasında məişət zorakılığı hallarının artması fonunda atılır.

Rusiya Ukraynada döyüşmək üçün ən azı bir illik müqavilə imzalayan hərbçilərə minimum 4 640 dollar məbləğində birdəfəlik ödəniş verir. Praktikada isə regiondan asılı olaraq bu məbləğ aylıq maaşla yanaşı, hər bir hərbçi üçün bir neçə milyon rubla çata bilər.

Sentyabrın 7-də dərc olunan qanun layihəsində bildirilir ki, təklif hərbçiləri qanunlara əməl etməyə təşviq etmək məqsədi daşıyır. Həbs cəzası nəzərdə tutmayan cinayətə görə təqsirli bilinən müqaviləli hərbçilər birdəfəlik ödənişin xidmət müddətinin qalan aylarına uyğun hesablanan hissəsini geri qaytarmalı olacaqlar.

Rusiya hərbçilərinin törətdiyi məişət zorakılığı ilə bağlı rəsmi statistikanı açıqlamır. Lakin müstəqil media qurumları hərbi məhkəmələrin məlumatlarına istinadən bildiriblər ki, 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayandan sonra qətllər də daxil olmaqla, yüzlərlə belə hal qeydə alınıb.

⦿ 10:14 | YENİLƏNİB

Rusiyanın Kiyevə zərbələri nəticəsində yaralananların sayı 10-a çatıb

 

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 10-a çatıb.

Qurum hücumun fəsadlarını əks etdirən fotolar da yayımlayıb.

Rusiya hücumundan sonra Kiyevdə baş verən yanğın. Kiyev, Ukrayna, 8 sentyabr 2026-cı il.

Ukraine's State Emergency Service

 

Rusiya hücumundan sonra Kiyevdə baş verən yanğın. Kiyev, Ukrayna, 8 sentyabr 2026-cı il.

Ukraine's State Emergency Service

 

Rusiya hücumundan sonra Kiyevdə baş verən yanğın. Kiyev, Ukrayna, 8 sentyabr 2026-cı il.

Ukraine's State Emergency Service

 

⦿ 10:13 | YENİLƏNİB

Rusiya ABŞ-nin Norveçdə raket sistemi yerləşdirməsini pisləyib

 

Rusiya ABŞ-nin Norveçdə raket sistemi yerləşdirməsini “sabitliyi pozan addım” adlandıraraq pisləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nu Rusiyanın daxili ərazilərinə zərbə endirmək imkanlarını artırmağa çalışmaqda ittiham edib.

Zaxarovanın sözlərinə görə, bu sistemlər uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin buraxılması üçün istifadə oluna bilər. O bildirib ki, sistemlərin Norveçdə yerləşdirilməsi Rusiyanın Avropa hissəsinin, o cümlədən Moskvanın bu raketlərin zərbə məsafəsində qalması deməkdir.

“Vaşinqton və Osloda bu sistemlərin Norveçdə yerləşdirilməsi barədə qərar verənlər təəccüblənməməlidirlər ki, Rusiyanın cavab tədbirləri çərçivəsində ABŞ sistemlərinin yerləşdiyi məntəqələr, onların idarəetmə və nəzarət obyektləri, eləcə də bu sistemlərə xidmət edən infrastruktur Rusiyanın strateji çəkindirmə qüvvələrinin xüsusi diqqət mərkəzində olacaq”, – Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova. Moskva, Rusiya, 3 aprel 2026-cı il.

Reuters

 

⦿ 08:00 | YENİLƏNİB

Rusiyanın Kiyevə zərbələri nəticəsində iki nəfər ölüb

 

Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Bundan əvvəl Kiyev meri Vitali Kliçko altı nəfərin yaralandığını bildirmişdi.

⦿ 07:57  | YENİLƏNİB

Rusiya və Ukrayna qarşılıqlı zərbələr endirir

 

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko “Telegram” kanalında bildirib ki, Rusiya qüvvələrinin gecə saatlarında Kiyevə endirdiyi zərbələr nəticəsində azı altı nəfər xəsarət alıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib.

Kliçkonun sözlərinə görə, hücum zamanı paytaxtın cənub-qərbindəki Holosiivski rayonunda yerləşən təhsil müəssisələrindən birində yanğın baş verib. Kiyevin digər ərazilərində də yanğınlar qeydə alınıb.

Bu arada Saratov vilayətinin qubernatoru Roman Busargin “Max” sosial şəbəkəsində bildirib ki, Ukrayna dronlarının Rusiyanın cənub-qərbində yerləşən vilayətə hücumu nəticəsində mülki infrastruktura ziyan dəyib və itkilər var.

Teqlər