Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunda ilk tunelin qazıntısı tamamlanıb

Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunda ilk tunelin qazıntısı tamamlanıb
Dəmir yolu logistika parkında yük konteynerləri və kran görüntüsü. Quandun vilayəti, Çin, 15 iyun 2025-ci il.
CGTN

Çin Xalq Respublikasının sədri Si Cinpinin Qırğızıstana səfərindən sonra Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsini həyata keçirən şirkət ilk tunelin qazıntı işlərinin başa çatdığını açıqlayıb.

Bu, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən əsas layihələrdən birində mühüm tikinti mərhələsinin tamamlanmasıdır.

Üç ölkə hökumətinin dəstəklədiyi birgə müəssisə olan Çin–Qırğızıstan–Özbəkistan Dəmir Yolu Şirkətinin məlumatına görə, Qırğızıstan ərazisində yerləşən 209,6 metr uzunluğundakı Koş Dobo Şimal №2 tunelinin qazıntısı başa çatıb. Bu, 2025-ci ilin iyununda genişmiqyaslı tikinti işləri başladıqdan sonra Qırğızıstan hissəsində tamamlanan ilk tuneldir.

Şirkət bildirib ki, tunelin maksimal dərinliyi 41 metr təşkil edir. Birxətli tuneldə qazıntı işləri nəzərdə tutulan qrafikə uyğun başa çatdırılıb. Hazırda marşrutun Qırğızıstan hissəsində tikinti işlərinin 17 faizi tamamlanıb.

Gömrük əməkdaşları hərəkətdə olan yük qatarının yanında dayanırlar. Quandun vilayəti, Çin. Dəqiq tarix məlum deyil. 

CGTN

Tunelin tamamlanması daha geniş tikinti prosesinin bir hissəsidir. İşlər başlayandan bəri 27 tunel, 43 körpü və 88 dəmir yolu yatağı sahəsində işlərə başlanılıb. Həmçinin marşrut boyunca nəzərdə tutulan 20 dəmir yolu stansiyasında işlər davam edir. Bunlara xətt üzrə əsas obyektlərdən biri olan Narin №1 tuneli də daxildir.

“Bir kəmər, bir yol” təşəbbüsü üçün çətin mərhələ

Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilməsi uzun illər gecikən layihələrdən biri olub.

Çin, Qırğızıstan və Özbəkistanı birləşdirəcək dəmir yolu xətti ideyası ilk dəfə 1997-ci ildə irəli sürülüb. Lakin mürəkkəb dağlıq relyef, dəmir yolu relslərinin ölçüsündəki fərqlər və dəyişən geosiyasi vəziyyət layihənin həyata keçirilməsini onilliklər ərzində ləngidib.

Tam başa çatdıqdan sonra xəttin uzunluğu 500 kilometrdən çox olacaq. Onun təxminən 305 kilometri Qırğızıstan ərazisindən keçəcək. Marşrut Çinin Sincan bölgəsində yerləşən Qaşqar şəhərindən başlayacaq, Qırğızıstanın dağlıq ərazilərindən keçərək Özbəkistanın Əndican şəhərində başa çatacaq.

Layihəni illərlə gecikdirən rels ölçüsü məsələsi isə kompromis yolu ilə həll edilib.

Pekin üçün strateji əhəmiyyəti

Dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra onun Çinlə Yaxın Şərq və Avropa arasında ən qısa quru marşrutlardan birinə çevriləcəyi gözlənilir.

Layihə Rusiya və ya Qazaxıstan ərazisindən keçən Çin–Avropa Dəmir Yolu Ekspressinin marşrutları ilə müqayisədə daşınma müddətini səkkiz günədək azalda bilər.

Bu səbəbdən layihə yalnız kommersiya deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Dəmir yolu Çinə Mərkəzi Asiya üzərindən qərbə doğru alternativ ticarət dəhlizi yaradaraq Rusiyanın ərazisindən və onun dəmir yolu infrastrukturundan asılılığı azaltmaq imkanı verə bilər.

Layihənin məqsədi yalnız Çin malları üçün tranzit dəhlizi yaratmaq deyil, həm də Qırğızıstan iqtisadiyyatına töhfə verməkdir.

Dəmir yolu şirkətinin məlumatına görə, Cəlal-Abad vilayətinin Manas və Suzək ərazilərində üç peşə hazırlığı mərkəzi yaradılıb. Burada 1 800-dən çox yerli işçi tikinti mühəndisliyi, texnika və metal konstruksiyalar sahəsində təlim keçir. Təlimi uğurla başa vuranlara layihədə işləmək imkanı yaradılır.

Şirkət bildirib ki, yerli bazardan təxminən 114 milyon dollar dəyərində material və avadanlıq alınıb. Yanacağın tamamilə Qırğızıstandan təmin edildiyi, sement də daxil olmaqla əsas tikinti materiallarının 60 faizindən çoxunun ölkə daxilindən alındığı qeyd olunub. Bundan əlavə, yerli texnikadan istifadə edilir və yaxınlıqdakı kəndlərin infrastrukturuna investisiyalar yatırılır.

Gömrük əməkdaşları konteynerləri yoxlayırlar. Qaundun vilayəti, Çin. Dəqiq tarix məlum deyil.

CGTN
Layihə Çin-Qırğızıstan gündəliyində

Tunelin tamamlanması Si Cinpinin Bişkekə dövlət səfərindən bir neçə gün sonraya təsadüf edib. Səfər zamanı Si Cinpin və Qırğızıstan Prezidenti Sadır Japarov yeni dostluq müqaviləsi imzalayıb, iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Görüşlər zamanı dəmir yolu layihəsi əsas müzakirə mövzularından biri olub və səfərin mühüm nəticələrindən biri kimi qiymətləndirilib.

Tikinti işləri hələ ilkin mərhələdədir və layihənin Qırğızıstan hissəsinin 17 faizi tamamlanıb. Dəmir yolunun istifadəyə verilməsinə hələ illər qalsa da, ilk tuneldə qazıntı işlərinin başa çatması təxminən üç onillikdir müzakirə olunan layihənin icrasında mühüm irəliləyiş hesab olunur.

Teqlər