Səhər xülasəsi - 9 sentyabr 2026

Səhər xülasəsi - 9 sentyabr 2026
İordaniya hava hücumundan müdafiə sistemləri Əş-Şəcərə şəhərində İran mərmilərini zərərsizləşdirərkən yaranan işıq parıltısı. İordaniya, 9 sentyabr 2026-cı il.
Anewz

Günə AnewZ-un “Səhər xülasəsi” ilə məlumatlı başlayın. Sentyabrın 8-nə olan əsas xəbərləri və son yenilikləri təqdim edirik.

İran İordaniyadakı ABŞ bazasına hücum edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ hərbi obyektini ballistik raketlərlə hədəfə aldığını, Hörmüz boğazında isə 10 gəmiyə hücum həyata keçirdiyini bildirib. Hücumlar ABŞ-nin beş İran neft tankerinə zərbələrindən sonra həyata keçirilib. Vaşinqton bu zərbələrin İranın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini raketlərlə hədəfə almasından sonra endirildiyini bildirib. İordaniya hakimiyyəti hava hücumundan müdafiə sistemlərinin ölkəyə doğru atılan raketlərin əksəriyyətini zərərsizləşdirdiyini və itki olmadığını açıqlayıb.

Ukrayna–Moldova sərhədinə və Novorossiyskə hücumlar olub

Rusiya qüvvələrinin gecə saatlarında Ukrayna ilə Moldova arasındakı sərhəd-keçid məntəqəsinə endirdiyi zərbə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Bu barədə Odessa vilayətinin qubernatoru Oleq Kiper “Telegram”da bildirib.Onun sözlərinə görə, 16 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Rusiyanın cənubundakı Novorossiysk şəhərinə Ukrayna dronlarının hücumları nəticəsində isə biri uşaq olmaqla dörd nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib. O bildirib ki, hücumlar nəticəsində beş yaşayış binasına, kilsəyə və uşaq bağçasına da ziyan dəyib.

ABŞ Kanada alkoqollu içkiləri və motosikletlərinə idxal qadağası tətbiq edəcək

ABŞ Kanada istehsalı olan bir sıra məhsullara, o cümlədən süd məhsulları, alkoqollu içkilər, alkoqolsuz pivə və motosikletlərə idxal qadağası tətbiq edəcəyini açıqlayıb. Məhdudiyyətlər sentyabrın 29-da qüvvəyə minəcək. Pendir, kağız, mebel, metal məmulatları, motorlu qayıqlar və balıqçılıq avadanlıqları da daxil olmaqla, Kanadadan idxal edilən digər məhsullara isə daha yüksək tariflər tətbiq olunacaq. Bu tədbirlər iki qonşu ölkə arasında ticarət gərginliyinin artması fonunda Kanadanın ABŞ-dən idxal olunan polad, geyim və mebel də daxil olmaqla bir sıra məhsullara cavab tarifləri tətbiq etməsindən sonra açıqlanıb.

Birləşmiş Krallığın hava limanlarında texniki nasazlıq səbəbindən ciddi fasilələr yaranıb

Birləşmiş Krallığın hava hərəkətinə nəzarət xidmətində baş verən texniki nasazlıq sentyabrın 8-də ölkənin ən işlək hava limanlarından bəzilərində ciddi fasilələrə səbəb olub. “Flightradar24”ün məlumatına görə, təxminən 1300 reys ləğv edilib, yüzlərlə reys isə gecikib. “Hitrou” hava limanı günün qalan hissəsi üçün gələn reysləri dayandırıb və aviaşirkətlər yaranmış gecikmələri aradan qaldırmağa çalışdığı üçün fasilələrin davam edəcəyi barədə sərnişinlərə xəbərdarlıq edib. “Ryanair” bildirib ki, səkkiz saata çatan gecikmələr təxminən 150 min sərnişinə təsir edib, 200-dən çox reys isə ləğv olunub. Sentyabrın 9-u üçün artıq 177 reysin ləğvi qeydə alınıb. Onların demək olar ki, hamısı “Hitrou” hava limanının payına düşür.

Antalyada meşə yanğınları güclənib, yüzlərlə sakin təxliyə olunub

Türkiyənin Antalya vilayətində meşə yanğınlarının güclənməsi nəticəsində Aksu və Kepez rayonlarında azı 254 evin sakinləri təxliyə olunub. Güclü küləyin alovun yayılmasını sürətləndirdiyi bildirilir. Ayaqlarından xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib, daha altı nəfərə tüstüdən zəhərlənmə ilə əlaqədar hadisə yerində tibbi yardım göstərilib. Heyvan sığınacağından 100-dən çox it təhlükəsiz əraziyə köçürülüb. Yanğınlar səbəbindən 2 mindən çox evdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Alovla mübarizəyə təyyarələr, helikopterlər, yanğınsöndürən maşınlar və yüzlərlə yanğınsöndürən cəlb edilib. Yanğının başvermə səbəbi araşdırılır.

Teqlər