“Zelenskinin təyyarəsi dronla toqquşmaq təhlükəsi ilə üzləşib”

“Zelenskinin təyyarəsi dronla toqquşmaq təhlükəsi ilə üzləşib”
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Esenboğa hava limanına enib. Ankara, 7 iyul 2026-cı il.
Reuters

Norveçin baş naziri Yonas Qar Störe bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Norveçə səfəri zamanı Moldovadan havaya qalxarkən dronla toqquşmaq təhlükəsi ilə üzləşib.

Störe sentyabrın 9-da Norveçin NRK telekanalına açıqlamasında deyib ki, hadisə Zelenskinin Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün Osloya yola düşməyə hazırlaşdığı vaxt baş verib.

“Onun təyyarəsi Moldovadan qalxmağa hazırlaşarkən az qala dronla toqquşacaqdı. Bu, onun üzləşdiyi reallıqdır”, – Norveçin baş naziri bildirib.

Störe məlumatın mənbəyi, dronun növü və onun prezident təyyarəsinə nə qədər yaxınlaşdığı barədə əlavə məlumat verməyib.

Zelenskinin üzləşdiyi təhlükələrdən danışıb

Baş nazir bildirib ki, Zelenski Norveçə çatdıqdan sonra onunla danışıb və Ukrayna liderinin üzləşdiyi vəziyyətdən təsirlənib.

“Mən ondan gecəsinin necə keçdiyini soruşdum. Dedi ki, yaxşı keçməyib, çünki raket zərbələri ilə bağlı məlumat almaq üçün telefonla əlaqə saxlayıb. Bu, çox dramatik vəziyyətdir və insanda dərin təəssürat yaradır”, – Störe deyib.

Açıqlama Ukraynaya hücumların intensivləşdiyi vaxta təsadüf edib.

Danışıqlarda Ukraynaya dəstək müzakirə olunub

Zelenski sentyabrın 8-də axşam Osloya gəlib və Norveç rəsmiləri ilə görüşüb.

Danışıqlarda əsas diqqət Ukraynaya davamlı dəstəyə, xüsusilə hərbi yardıma, hava hücumundan müdafiə sistemlərinə və mülki dəstəyə yönəlib.

Norveç Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Kiyevə hərbi texnika, maliyyə və humanitar yardım göstərən əsas Avropa ölkələrindən biri olub.

Störe Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

“Hələ qarşıda görüləsi işlər var. Sənaye nümayəndələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi, eyni zamanda ölkənin bu sistemləri özü istehsal edə bilməsi üçün sənaye həlləri üzərində işləyirlər”, – o deyib.

Teqlər