Siqaret sonsuzluq riskini artıra bilər

Siqaret  sonsuzluq riskini artıra bilər
Tailand ordusunun fırıldaqçılıq əməliyyatları üçün istifadə olunduğunu bildirdiyi ərazidə siqaret kötükləri yığılıb. O’Smaç, Kamboca, 7 aprel 2026.
Reuters

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, siqaret çəkmək həm qadınların, həm də kişilərin övlad  reproduktiv sağlamlığına mənfi təsir göstərə, sonsuzluq riskini artıra bilər.

ÜST bildirir ki, reproduktiv yaşda olan hər altı nəfərdən biri həyatının müəyyən dövründə sonsuzluqla üzləşir.

2000–2026-cı illəri əhatə edən araşdırmaların təhlilinə əsasən, siqaret çəkən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faiz yüksəkdir. Siqareti tərgidən qadınlarda isə bu risk siqaret çəkməyə davam edənlərlə müqayisədə 25 faiz aşağı olub.

Kişilərlə bağlı 44 araşdırmanın nəticələri siqaretin spermanın keyfiyyətinə, hərəkətliliyinə və quruluşuna mənfi təsir göstərdiyini ortaya qoyub. Siqaret istifadəsinin erektil disfunksiya və digər reproduktiv problemlərlə də əlaqəli olduğu müəyyən edilib.

ÜST həmçinin siqaret çəkməyin laboratoriya şəraitində həyata keçirilən in vitro mayalanma (IVF) zamanı hamiləlik və canlı doğuş ehtimalını azalda biləcəyini bildirib.

Hesabatda başqalarının çəkdiyi siqaretin tüstüsünə məruz qalmanın da sonsuzluq riskini artıra biləcəyi qeyd olunur. Elektron siqaretlərin, qəlyanın və tüstüsüz tütün məhsullarının reproduktiv sağlamlığa təsiri ilə bağlı isə hələ kifayət qədər araşdırma aparılmayıb.

ÜST hamiləlik planlaşdıran şəxslərə siqaretdən imtina etməyi, tibb işçilərinə isə pasiyentləri tütün istifadəsinin reproduktiv sağlamlığa təsiri barədə məlumatlandırmağı tövsiyə edir.

Teqlər