Hindistanda qida təhlükəsizliyi yoxlamaları sərtləşir: reydlərin göstərmədiyi problemlər

Hindistanda qida təhlükəsizliyi yoxlamaları sərtləşir: reydlərin göstərmədiyi problemlər
Müfəttişlər qida təhlükəsizliyi pozuntuları aşkar etdikdən sonra mağaza qarşısında yeşiklər və tullantılar. Hindistan, 15 avqust 2026-cı il.
Reuters

Həftələrdir hindistanlılar eynək taxan bir dövlət məmurunun gözlənilmədən sosial media ulduzuna çevrilməsini izləyirlər.

Maharaştra ştatının qida təhlükəsizliyi üzrə komissarı Tukaram Mundhe tarakanlarla dolu mətbəxlərin və anbar döşəmələrindəki siçovul nəcisinin fotolarını paylaşır. Onun keçirdiyi reydlər realiti-şou görüntüləri kimi sosial mediada yayılır.

Onun artan populyarlığı daha böyük bir prosesin yalnız bir hissəsidir: Hindistanda tənzimləyici qurumlar restoranlar, küçə satıcıları və qablaşdırılmış qida məhsulları üzərində yoxlamaları gücləndirib. Eyni zamanda, sağlamlığa zərərli məhsullar üçün qırmızı xəbərdarlıq etiketlərinin tətbiqi ilə bağlı uzun müddətdir davam edən plan qida sənayesi ilə yeni qarşıdurmaya səbəb olub.

Milyonlarla izləyicisi olan komissar

May ayında Maharaştra Qida və Dərman Administrasiyasına rəhbərlik etməyə başladıqdan sonra Mundhenin komandaları 3 000-dən çox reyd keçirib və yalnız ilk iki ay ərzində təxminən 165 müəssisənin fəaliyyət lisenziyasını dayandırıb.

Maharaştra Qida və Dərman Administrasiyasının (FDA) komissarı Tukaram Mundhe mətbuat konfransında çıxış edir. Mumbay, Hindistan, 20 avqust 2026-cı il.  

Reuters

Bu il onun əsas hədəfləri  “Domino’s”, “Pizza Hut” və “McDonald’s” restoranlarının filialları, eləcə də Mumbay və ətrafındakı bahalı klublar və restoranlar olub.

Uttar-Pradeş ştatında keçirilən reydlərdən birində müfəttişlər milyonlarla vegetarian hindistanlının gündəlik istehlak etdiyi təzə pendir növü olan 1 300 kiloqram saxtalaşdırılmış panir aşkarlayaraq müsadirə ediblər.

Rəsmi rəqəmlər nəyi göstərir, nəyi gizlədir

Ölkə üzrə qida müfəttişləri 2020-ci ildən bəri hər il 100 000-dən çox nümunə yoxlayıblar. Bu nümunələrin təxminən hər beşindən biri təhlükəli, standartlara uyğun olmayan və ya düzgün etiketlənməmiş məhsul kimi qiymətləndirilib. Son üç ildə isə təxminən 8 000 qida müəssisəsinin lisenziyası ləğv edilib.

Bununla belə, başqa bir rəsmi göstərici daha fərqli mənzərə yaradır. Parlament komitəsinin 2025-ci ilin avqustunda təqdim etdiyi hesabatda son iki il ərzində  yoxlanılan qida müəssisələrinin yalnız təxminən 2 faizinin tələblərə uyğun olmadığı müəyyənləşib. 

Komitədəki deputatlar bu rəqəmin Hindistan kimi böyük ölkə üçün real görünmədiyini qeyd edib və tənzimləyici qurumu problemlərin əvvəldən məlum olduğu ərazilərdə daha tez-tez yoxlamalar aparmağa çağırıblar.

Maharaştra Qida və Dərman Administrasiyasının əməkdaşları anbar reydi zamanı tərkib məlumatları dəyişdirilmiş saxta etiketləri yoxlayırlar. Hindistan, 25 avqust 2026-cı il.
Reuters

Bəzi zəiflikləri heç bir reyd aradan qaldıra bilməz. Bu problemlər illər əvvəl də gündəmə gətirilmişdi. 2018-ci ildə parlament hesabatında bildirilirdi ki, ölkədə fəaliyyət göstərən 62 dövlət qida laboratoriyasından yalnız 13-ü milli akkreditasiyaya malik idi. Əksər ştatlarda ayrıca qida təhlükəsizliyi departamenti yox idi və tənzimləyici qurum ümumiyyətlə qida müəssisələri üzrə vahid mərkəzi məlumat bazası formalaşdırmamışdı. 

Hətta iyun ayında tənzimləyici qurumun rəhbəri ştatları vakant qida təhlükəsizliyi müfəttişi vəzifələrini doldurmağa çağırıb. Bu isə göstərir ki, qida təhlükəsizliyinə nəzarətin effektivliyi təkcə reydlərdən deyil, laboratoriyaların imkanlarından və kifayət qədər işçi heyətinin olmasından da asılıdır.

Bu arada, qablaşdırmanın üzərində xəbərdarlıq etiketlərinin yerləşdirilməsi ilə bağlı illərdir davam edən müzakirələr yenidən gündəmə gəlib. “Reuters” avqust ayında hökumətin martda “Coca-Cola” və “Nestlé” kimi şirkətləri təmsil edən qrupların lobbi fəaliyyəti nəticəsində geri addım atdığını bildirmişdi. 

Tənzimləyici qurum hazırda şəkər, duz və doymuş yağ göstəricilərindən ən azı ikisi yüksək olan məhsullar üçün qırmızı altıbucaqlı xəbərdarlıq işarəsinin tətbiqini təklif edir.

Qida sənayesi nümayəndələri hesab edirlər ki, müəyyən edilmiş hədlər həddindən artıq sərtdir.

Sağlamlıq fəalları isə bu yanaşmanın kifayət qədər sərt olmadığını bildirirlər. Məsələn, bir peçenye paketində  yalnız şəkər göstəricisi yüksək ola bilər. Lakin duz və yağ səviyyələri normaldırsa, məhsul xəbərdarlıq etiketindən yayınır, çünki üç meyardan  yalnız birinə uyğun gəlir.

İstehlakçıların narahatlığı yüksəkdir

Ötən il dərc olunan və mindən bir qədər çox hindistanlı istehlakçını əhatə edən PwC sorğusuna əsasən, respondentlərin 84 faizi qida təhlükəsizliyindən çox və ya həddindən artıq narahat olduğunu bildirib. Onların dörddə üçündən çoxu xüsusilə pestisid qalıqları ilə bağlı narahatlıq ifadə edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada hər 10 nəfərdən biri çirklənmiş qida səbəbindən xəstələnir. Bu yükün 40 faizi isə beş yaşdan kiçik uşaqların payına düşür.

Hazırda Hindistanda ictimai diqqəti bu problem üzərində saxlayan əsas amil reydlərdir. Lakin bu yoxlamaların mətbəxlərdə şəraitin yaxşılaşmasına səbəb olub-olmayacağı hələ məlum deyil.

Teqlər