11 sentyabr hadisələrindən 25 il sonra Taliban ABŞ ilə əlaqələri yeniləmək istəyir

ABŞ-nin Əfqanıstana hərbi müdaxiləsinə səbəb olan 11 sentyabr hücumlarından 25 il sonra Taliban keçmiş düşməni ilə dərin fikir ayrılıqlarına baxmayaraq, diplomatiya, investisiya və ticarətə əsaslanan yeni münasibətlər qurmağa çalışır.

2001-ci il sentyabrın 11-də baş verən hücumlar ABŞ-də 2 977 nəfərin ölümünə səbəb olub. Hücumları “Əl-Qaidə” təşkil edib. Həmin dövrdə təşkilatın rəhbərliyi, o cümlədən Üsamə bin Laden Talibanın himayəsi altında Əfqanıstanda fəaliyyət göstərirdi.

ABŞ bir neçə həftə sonra Əfqanıstana hərbi müdaxilə edərək Taliban rejimini devirdi. Lakin münaqişə iyirmi il davam etdi. Taliban 2021-ci ilin avqustunda yenidən hakimiyyətə qayıtdı.

Taliban xarici işlər naziri Əmir Xan Müttəqi bildirib ki, Vaşinqtonla münasibətlər yalnız son 20 ildəki münaqişə çərçivəsində qiymətləndirilməməlidir. O, ABŞ investisiyalarını mədənçilik, infrastruktur, kənd təsərrüfatı və ticarət sahələrinə cəlb etməyə çağırıb.

Taliban hakimiyyətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdülqəhnar Bəlxi AnewZ-a bildirib ki, Vaşinqtonla münasibətlərin qurulması Talibanın yeni mövqeyi deyil.

Onun sözlərinə görə, “İslam Əmirliyi” 1996-cı ildən etibarən ABŞ də daxil olmaqla bütün ölkələrlə müsbət münasibətlər qurmağa çalışıb.

 

Vaşinqton ehtiyatlı mövqedə qalır

Vaşinqton Taliban hakimiyyətini tanımır və insan hüquqları, eləcə də qadın və qızlara tətbiq olunan məhdudiyyətlərlə bağlı narahatlıqlarını bildirir.  

Siyasi analitik və müəllim Ubeydullah Bahiri bildirib ki, ABŞ-nin Əfqanıstan siyasətini hələ də əsasən təhlükəsizlik məsələləri müəyyənləşdirir. 

“Düşünmürəm ki, ABŞ Əfqanıstana baxışını dəyişib. Onlar həmişə Əfqanıstana 11 sentyabr hadisələri və təhlükəsizlik baxımından yanaşıblar”.

Kabil ticarət, investisiya və diplomatik əlaqələrə getdikcə daha çox diqqət ayırır. Vaşinqton üçün isə təhlükəsizlik və insan hüquqları məsələləri daha yaxın münasibətlərin qurulmasına mane olan əsas amillər olaraq qalır.

 

Teqlər