Hörmüz boğazında gəmiyə yeni hücum neft tədarükü ilə bağlı narahatlığı artırıb

Hörmüz boğazında gəmiyə yeni hücum neft tədarükü ilə bağlı narahatlığı artırıb
Hörmüz boğazındakı gəmilərin Omanın Müsandam bölgəsindən görünüşü. 6 sentyabr 2026-cı il.
Reuters

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, sentyabrın 13-də Hörmüz boğazında gəmiyə hücum edilib. Hadisə Səudiyyə Ərəbistanının bir gün əvvəl mühüm neft kəmərini dayandırmasından sonra enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.

 

⦿ 20:14  | YENİLƏNİB

Hörmüz boğazında gəmiyə hücumdan sonra heyətin 13 üzvü xilas edilib, bir nəfər itkin sayılır

Anadolu

Hindistan Hörmüz boğazında “MT El Gaia” ticarət gəmisinə hücumdan sonra heyətin 13 üzvünün xilas edildiyini, bir nəfərin isə itkin sayıldığını bildirib.

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, heyətin 14 üzvünün hamısı Hindistan vətəndaşıdır. Yeni Dehlidən bildirilib ki, Hindistanın Omandakı səfirliyi itkin dənizçinin axtarış-xilasetmə əməliyyatında Oman hakimiyyəti ilə əməkdaşlıq edir.

Hindistan hücumu pisləyib və regionda gərginliyin dərhal azaldılmasına çağırıb. Yeni Dehli ticarət gəmilərinə və mülki infrastruktura hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) daha əvvəl Hörmüz boğazında gəmiyə mənşəyi məlum olmayan mərminin dəydiyini bildirmişdi.

 

 

⦿ 19:55 | YENİLƏNİB

Səudiyyə Ərəbistanı: Abhada təhlükə sovuşub

Reuters

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti ölkənin cənubundakı Abha şəhərində təhlükənin sovuşduğunu və son təhlükəsizlik riskləri ilə əlaqədar elan edilmiş xəbərdarlığın ləğv edildiyini bildirib.

Qurum vəziyyətin təhlükəsiz olduğunu qeyd edib, sakinləri rəsmi göstərişlərə əməl etməyə və məlumatları rəsmi mənbələrdən izləməyə çağırıb.

⦿ 16:10 | YENİLƏNİB

Pezeşkian: “BƏƏ ilə müsbət danışıqlar apardıq”

Reuters

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Yeni Dehlidə keçirilən BRICS liderlərinin sammiti çərçivəsində Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanla müsbət danışıqlar aparıb. Onun sözlərinə görə, tərəflər keçmişi geridə qoymağa razılaşıblar.

“Keçmişi geridə qoymağa, gələcəyə baxmağa və onu birlikdə qurmağın yollarını düşünməyə razılaşdıq”, – Pezeşkian deyib.

Məsud Pezeşkian Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanla görüşür. Yeni Dehli, Hindistan, 12 sentyabr 2026-cı il.

Reuters

⦿ 16:00 | YENİLƏNİB

Səudiyyə Ərəbistanında neft kəmərinin dayanması qlobal tədarükü 4 faizədək azalda bilər

Reuters

Səudiyyə neftinin alıcıları və treyderlər bildiriblər ki, ölkə Qırmızı dənizə uzanan əsas neft kəmərini yaxın günlərdə yenidən işə salmasa, ixrac üçün nəzərdə tutulan neft ehtiyatları tükənə bilər. Bu isə qlobal neft tədarükünün 4 faizədək azalmasına səbəb ola bilər.

Səudiyyə Ərəbistanından neft tədarükünün daha da azalması qlobal bazarda mövcud çatışmazlığı dərinləşdirə bilər. Təchizat böhranı artıq yanacağın dünya bazarındakı qiymətlərini rekord həddə çatdırıb, qlobal inflyasiyanı artırıb və ABŞ dövlət istiqrazlarının gəlirliliyini 2008-ci il maliyyə böhranından indiyədək ən yüksək səviyyəyə yüksəldib.

Səudiyyə Ərəbistanının Şeybə neft yatağında neft çənləri. 14 noyabr 2007-ci il.

Reuters

PUA hücumları Səudiyyə Ərəbistanını sentyabrın 11-də nəhəng Şərq–Qərb neft kəmərini bağlamağa məcbur edib. Ər-Riyad kəmərə dəyən ziyanın miqyası və onun nə qədər müddət bağlı qalacağı barədə ətraflı məlumat verməyib.

Mənbələr təmir müddəti ilə bağlı fərqli məlumatlar veriblər. Onlardan biri təmirin beş-altı həftə çəkə biləcəyini, digəri isə kəmərin daha tez bərpa oluna və təmir işləri davam edərkən qismən fəaliyyətini bərpa edə biləcəyini bildirib.

⦿ 15:51 | YENİLƏNİB

Yəməndə döyüşlərdə 1 500-dən çox döyüşçü həlak olub

Anadolu

Yəmən hökumət qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında ölkənin qərb sahillərində bir ay davam edən döyüşlərdə hər iki tərəfdən 1 500-dən çox döyüşçü həlak olub. Bu barədə Yəmənin “Aljoumhouriya TV” telekanalı məlumat yayıb.

Hökuməti dəstəkləyən Milli Müqavimət qüvvələrinin açıqlamasına görə, avqustun 9-dan sentyabrın 10-dək davam edən döyüşlərdə bu qüvvələrin 500-dən çox üzvü həlak olub, təxminən 1 500-ü isə yaralanıb.

Açıqlamada eyni müddətdə 1 000-dən çox husi döyüşçüsünün də həlak olduğu, minlərlə nəfərin yaralandığı iddia edilib. İtkilərlə bağlı rəqəmləri müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
 

Azad edilən husi əsirlər. Səna, Yəmən, 12 sentyabr 2026-cı il.

Reuters

⦿ 14:50 | YENİLƏNİB

Pezeşkian: “İran nüvə silahı hazırlamağa çalışmayıb”

 

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin İranın nüvə proqramı ilə bağlı ittihamlarını “sırf təbliğat” adlandırıb. O, bu barədə Hindistanın “India Today” nəşrinə müsahibəsində bildirib.

“Əgər nüvə silahı hazırlamaq istəsəydik, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulmaz və ciddi nəzarət mexanizmlərini qəbul etməzdik”, – Pezeşkian deyib.

ABŞ uzun müddətdir İranın mülki nüvə proqramının nüvə silahı hazırlamaq üçün pərdə rolunu oynadığını iddia edir.

BMT-nin nüvə nəzarəti qurumu – Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın uranı bu səviyyədə zənginləşdirməsini ciddi narahatlıq doğuran hal kimi qiymətləndirib. Agentlik qeyd edib ki, başqa heç bir ölkə sonradan nüvə silahı hazırlamadan uranı bu qədər yüksək səviyyədə zənginləşdirməyib.

⦿ 14:17 | YENİLƏNİB

Əraqçi: “Omanla danışıqlar Hörmüz boğazının açılması demək deyil”

 

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, sentyabrın 14-də Omanla Hörmüz boğazında gəmilər üçün yeni marşrutun yaradılması müzakirə olunacaq. O vurğulayıb ki, bu danışıqlar boğazın yenidən açılması demək deyil.

Əraqçi “The New Arab” nəşrinə bildirib ki, Tehran Hörmüz boğazının yenidən açılması üçün ABŞ-nin iyunda imzalanmış İslamabad Memorandumu üzrə öhdəliklərini yerinə yetirməsini tələb edir.

İranın xarici işlər naziri Abbas Əraqçi Omanın xarici işlər naziri Seyyid Bədr əl-Busaidi ilə görüşür. Tehran, İran, 25 avqust 2026-cı il.

 

⦿ 12:00 | YENİLƏNİB

Husilər: “Bab əl-Məndəb boğazında gəmi hərəkəti demək olar ki, normaldır”

Reuters

Yəməndəki husi qruplaşması sahilboyu ərazilərdə şiddətli döyüşlərə baxmayaraq, strateji Bab əl-Məndəb boğazında beynəlxalq gəmi hərəkətinin demək olar ki, normal davam etdiyini bildirib.

Qruplaşmanın yaydığı məlumata görə, son 48 saat ərzində konteyner və digər kommersiya gəmiləri də daxil olmaqla, 73 beynəlxalq gəmi boğazdan keçib. Husilərin tətbiq etdiyi məhdudiyyətlər Səudiyyə Ərəbistanına məxsus gəmilərə şamil olunmaqda davam edir.

Husilər Yəmənin qərb sahillərində və boğaz ətrafındakı ərazilərdə nəzarəti möhkəmləndirdiklərini, beynəlxalq gəmiçiliyin isə “sərbəst, təhlükəsiz və maneəsiz” davam etdiyini bildiriblər.

Bab əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Asiya ilə Avropa arasında ticarət və enerji daşımaları üçün əsas marşrutlardan biridir.

⦿ 11:45  | YENİLƏNİB

Hörmüz boğazında hücuma məruz qalan gəminin heyəti təxliyə edilib

Reuters

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) bildirib ki, yerli hakimiyyət orqanları Hörmüz boğazından keçərkən hücuma məruz qalan gəminin heyətini təhlükəsiz yerə təxliyə edib.

Məlumata görə, gəmiyə naməlum mərmi dəyib. Zərərin miqyası və hadisənin ətraf mühitə təsiri hələ məlum deyil.

⦿ 11:30 | YENİLƏNİB

Husilərə məxsus telekanal Yəməndə zədələnmiş hərbi texnikanın görüntülərini yayıb

Reuters

Husilərə məxsus “Al-Masirah” telekanalının yaydığı videoda zədələnmiş hərbi texnika və zərərçəkənlər göstərilir. Kanalın iddiasına görə, görüntülər Yəməndə hökumətyönlü qüvvələrə endirilən zərbələrin nəticələrini əks etdirir.

Görüntülərin yayıldığı bir vaxtda Yəmən hökumətindəki dörd mənbə “Reuters”ə husilərin Bab əl-Məndəb boğazındakı strateji əhəmiyyətli Perim adasını ələ keçirdiyini bildirib.

“Reuters” daha əvvəl husilərin Yəmənin Qırmızı dəniz sahili boyunca irəliləyişinin İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) birbaşa yönləndirməsi ilə həyata keçirildiyini yazıb.

Döyüşçü zədələnmiş hərbi texnikanın yanında dayanıb, zərərçəkən şəxs yerdə uzanıb. Görüntülər hökumətyönlü qüvvələrə zərbələrdən sonra çəkilib. Yəmən, 12 sentyabr 2026-cı il.

Reuters
 

 

Döyüşçülər zədələnmiş hərbi texnikanın yanında toplaşıblar. Yəmən, 12 sentyabr 2026-cı il.

⦿ 10:25 | YENİLƏNİB

Hörmüz boğazının hər iki tərəfində çox sayda gəmi toplaşıb

Reuters

“MarineTraffic” platformasının real vaxt rejimində gəmi izləmə məlumatları Hörmüz boğazının hər iki tərəfində gəmilərin sıx toplaşdığını göstərir. Xəritədə tankerlər qırmızı, yük gəmiləri isə yaşıl işarələrlə göstərilib.

“MarineTraffic” xəritəsi. Tankerlər qırmızı, yük gəmiləri yaşıl rənglə göstərilib. 13 sentyabr 2026-cı il.

⦿ 10:10  | YENİLƏNİB

Qeşm adası yaxınlığında İranın ticarət gəmisinə zərbə endirilib, bir nəfər ölüb

Reuters

İranın cənubunda, Qeşm adası yaxınlığında sentyabrın 13-də səhər saatlarında ölkəyə məxsus ticarət gəmisinə zərbə endirilib. Nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb. Bu barədə İranın dövlət mediası Qeşm rayonunun qubernatoruna istinadən məlumat yayıb.

⦿ 10:00 | YENİLƏNİB

Hörmüz boğazından keçən gəmiyə mərmi dəyib

Reuters

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) sentyabrın 13-də yaydığı məlumata görə, Hörmüz boğazından keçən gəmiyə mənşəyi məlum olmayan mərmi dəyib.

Heyətin vəziyyəti və gəmiyə dəyən zərərin miqyası hələ məlum deyil. Səudiyyə Ərəbistanı sentyabrın 12-də dron hücumundan sonra Şərq–Qərb neft kəmərinin fəaliyyətini müvəqqəti dayandırıb. Bunun ardınca Hörmüz boğazında gəmiyə mərmi dəyməsi dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Ərəbistan yarımadası boyunca uzanan 1 200 kilometrlik Şərq–Qərb boru kəməri son altı ayda Yaxın Şərq neftinin dünya bazarlarına çatdırılması üçün əsas marşrut olub. Bu müddətdə müharibə səbəbindən Hörmüz boğazından keçid əsasən bağlı qalıb.

Kəmərlə gündə 4–5 milyon barel neft nəql edilib. Bu, qlobal neft təchizatının 4–5 faizinə bərabərdir. Kəmər Səudiyyə Ərəbistanına tədarükdəki fasilələrin ən ağır nəticələrindən yayınmağa imkan verib. Halbuki bu fasilələr Körfəzin digər neft və qaz ixracatçılarının fəaliyyətini iflic edib.

Teqlər