Flavio Bolsonaro seçkiyə həftələr qalmış istintaqla üzləşib

Flavio Bolsonaro seçkiyə həftələr qalmış istintaqla üzləşib
Prezidentliyə namizəd Flavio Bolsonaro keçirilən mitinqdə tərəfdarlarını salamlayır. Juiz de Fora, Braziliya, 9 sentyabr 2026-cı il.
Reuters

Braziliyada prezidentliyə namizəd Flavio Bolsonaro atası, keçmiş Prezident Jair Bolsonaro haqqında çəkilən “Dark Horse” filminin maliyyələşdirilməsi ilə bağlı korrupsiya, çirkli pulların yuyulması və valyuta vəsaitlərinin qanunsuz xaricə çıxarılması şübhələri üzrə araşdırılır.

Braziliya Ali Məhkəməsinin açıqladığı sənədlərə görə, Flavio Bolsonaro ilə bağlı istintaq 22 iyul 2026-cı ildə başlanıb və “Dark Horse” filminin maliyyələşdirilməsini əhatə edir.

Bolsonaro hər hansı qanunsuzluğa yol vermədiyini və filmin özəl sponsorların vəsaiti hesabına qanuni şəkildə maliyyələşdirildiyini bildirib.

 

Məhkəmə sənədlərindəki polis materiallarına görə, Bolsonaro bankir Daniel Vorcarodan filmin maliyyələşdirilməsi üçün vəsait istəyib, həmçinin çəkiliş qrupuna ödənişlərin tezləşdirilməsini xahiş edib.

Araşdırma Braziliyada oktyabrın 4-də keçiriləcək prezident, qubernator və Konqres seçkilərinə üç həftə qalmış davam edir. Prezident seçkilərinin ikinci tura qalacağı gözlənilir. Buna ehtiyac yaranarsa, səsvermə oktyabrın 25-də keçiriləcək.

Son “Datafolha” sorğusuna görə, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Flavio Bolsonaronu qabaqlayır. Mümkün ikinci turda Lula 46 faiz, Bolsonaro isə 44 faiz səs toplayır. Aradakı fərq sorğunun xəta payı daxilindədir.

Birinci tur üzrə sorğuda Lula 39 faiz, Bolsonaro isə 35 faiz dəstək alıb.

Teqlər