BRICS sammiti: Çin süni intellektin inkişafı üçün açıq mənbə platforması yaradacaq

BRICS sammiti: Çin süni intellektin inkişafı üçün açıq mənbə platforması yaradacaq
Si Cinpin BRICS sammitinin ikinci günündə iclasda iştirak edir. Yeni Dehli, Hindistan,13 sentyabr 2026-cı il.
Reuters

Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, Çin BRICS ölkələri arasında iri dil modellərinin hazırlanması və tətbiqi sahəsində əməkdaşlığı gücləndirmək üçün açıq mənbə platformasının yaradılmasına rəhbərlik edəcək.

Si Yeni Dehlidə keçirilən BRICS sammitində çıxışı zamanı üzv ölkələri süni intellektin (Sİ) idarə olunması üzrə qlobal çərçivənin yaradılması prosesini sürətləndirməyə, həmçinin ticarət əlaqələrini genişləndirməyə çağırıb.

Çinin CCTV dövlət telekanalının yaydığı məlumata görə, təşəbbüs çərçivəsində BRICS ölkələri üçün süni intellekt üzrə ixtisaslaşmış tədqiqat və təlimlərin təşkili nəzərdə tutulur. Məqsəd bu sahədə açıq ekosistem yaratmaqdır.

Si həmçinin BRICS şirkətləri üçün xüsusi iqtisadi zonanın yaradılmasını təklif edib. O bildirib ki, Çin ticarət və investisiya əlaqələrini gücləndirmək məqsədilə 2027-ci ildə BRICS Xidmət Ticarəti Forumuna ev sahibliyi edəcək.

“BRICS praktiki əməkdaşlıq üçün möhkəm zəmin yaratmalıdır”, – Si deyib.

Sammitin yekun iclasında Si “Böyük BRICS” ölkələrini əməkdaşlığı daha da gücləndirməyə, sənaye və təchizat zəncirlərinin sabitliyini qorumağa və inteqrasiya olunmuş bazarın formalaşdırılmasına çağırıb.

BRICS ölkələrinin liderləri keçirilən sammitin ikinci günündə birgə foto çəkdirirlər. Yeni Dehli, Hindistan 13 sentyabr 2026-cı il.

Reuters
BRICS nədir?

BRICS abreviaturası qurumun ilk üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingiliscə adlarının baş hərflərindən yaranıb. Birlik özünü G7 kimi Qərbin rəhbərlik etdiyi təsisatlara qarşı balans yaradan qüvvə kimi təqdim edir.

Hazırda BRICS-ə İran, İndoneziya, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də tamhüquqlu üzv kimi daxildir. Bundan əlavə, birliyin 10-a yaxın tərəfdaş ölkəsi var.

Çin və Rusiya genişlənmiş BRICS-i bəzən “Böyük BRICS” adlandırırlar.

Hindistanın Baş naziri Narendra Modi daha əvvəl bildirib ki, BRICS çərçivəsində hazırlanan həllər yalnız üzv ölkələrlə məhdudlaşmamalı, Qlobal Cənubun ehtiyaclarına uyğunlaşdırılmalı və bu ölkələr üçün əlçatan olmalıdır.

Rusiya Prezidenti Vladimir Putin BRICS-i daha ədalətli və çoxqütblü dünya nizamının formalaşmasına təkan verən güclü qüvvə adlandırıb. O, üzv ölkələri iqtisadiyyatlarının rəqabət üstünlüklərini birləşdirməyin yollarını tapmağa çağırıb.

Yaxın Şərqdəki münaqişə sammitin gündəmindədir

Sammit İranla ABŞ arasında döyüşlərin yenidən başladığı, eyni zamanda İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanı arasında qarşıdurmanın şiddətləndiyi bir vaxtda keçirilir.

Sentyabrın 12-də sammitdə mühüm diplomatik razılıq əldə olunub: İran və BƏƏ-nin də dəstəklədiyi birgə bəyannamə qəbul edilib.

Bəyannamədə Yaxın Şərqdə gərginliyin daha da artmasından ciddi narahatlıq ifadə olunub, tərəflər “maksimum təmkin” göstərməyə çağırılıb.

Bundan başqa, İran Prezidenti Məsud Pezeşkian sammit çərçivəsində Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Bu, münaqişə başlayandan indiyədək iki ölkə arasında ən yüksək səviyyəli görüş olub.

Teqlər