ABŞ İrana qarşı blokada çərçivəsində 101 gəmini yönləndirib

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İrana qarşı blokadanın icrası çərçivəsində 101 ticarət gəmisinin marşrutu dəyişdirilib. Regionda yeni hücumlar və tədarüklə bağlı narahatlıqlar fonunda neft qiymətləri 2 faizdən çox artıb.

⦿ 18:00 | YENİLƏNİB

Tramp: “ABŞ İranla danışıqlara açıqdır”

Reuters

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran razılaşma əldə etməyə çox tələsir. O, həmçinin Vaşinqtonun danışıqlara açıq olduğunu qeyd edib.

Tramp paylaşımında İranı “tənəzzüldə olan ölkə” adlandırıb və danışıqlara başlamaq barədə qərarı ABŞ-nin verəcəyini bildirib.

“Biz buna açığıq”, — Tramp mümkün danışıqlarla bağlı əlavə məlumat vermədən yazıb.

 

⦿ 16:52 | YENİLƏNİB

Rusiya xəbərdarlıq edir: Körfəz böhranı qlobal neft tədarükünü təhdid edir

Anadolu

Kreml bildirib ki, Fars körfəzindəki qeyri-sabitlik qlobal neft bazarında vəziyyəti sürətlə ağırlaşdırır və böyük həcmdə neft bazardan çıxır. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, tədarükdəki fasilələr qlobal neft axınının əhəmiyyətli hissəsinə təsir edib.

Peskov Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin fəaliyyətinin dayanmasına diqqət çəkib. Onun sözlərinə görə, bu, qlobal neft tədarükünün 4 faizdən çoxunun bazardan çıxmasına səbəb olub. Kreml rəsmisi bildirib ki, yaranmış vəziyyət dünya iqtisadiyyatları üçün ciddi nəticələrə səbəb ola və enerji təhlükəsizliyi ilə bağlı narahatlığı artıra bilər.

O həmçinin bildirib ki, Rusiyanın neft məhsullarının ixracına tətbiq etdiyi müvəqqəti qadağa daxili bazarda kifayət qədər məhsulun olmasını təmin etmək məqsədi daşıyır. Rəsmi Moskvaya görə, Rusiyanın ixrac məhdudiyyətləri beynəlxalq bazara da təsir göstərir.

Açıqlama gündə təxminən 5 milyon barel neft daşıma gücünə malik Səudiyyə Ərəbistanının Şərq-Qərb kəmərinin hücumdan sonra fəaliyyətini dayandırması fonunda verilib. Bu vəziyyətin qlobal neft qiymətlərinə mümkün təsiri də narahatlıq doğurub.

Kremlin sözçüsü Dmitri Peskov. Yeni Dehli, Hindistan. 11 sentyabr 2026-cı il.
Reuters

⦿ 16:48  | YENİLƏNİB

İran ABŞ-ni nüvə rəsmisinin BAEA toplantısında iştirakına mane olmaqda ittiham edib

Reuters

ABŞ BMT sanksiyalarından istisna tətbiqinə etiraz edərək İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransında iştirakına mane olub.

Avstriya bildirib ki, Eslamiyə əvvəlcə viza verilib. Lakin BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsi onun səfəri üçün sanksiyalardan istisna tələbini rədd etdikdən sonra ölkəyə girişinə icazə verilməyib.

Vaşinqton istisnaya etiraz etdiyini təsdiqləyib. ABŞ bildirib ki, Eslaminin toplantıda iştirakı İrana BAEA ilə mahiyyəti üzrə əməkdaşlıqdan yayınaraq tədbirdən təbliğat məqsədilə istifadə etməyə imkan verə bilərdi. Tehran isə bu addımı siyasi qərar kimi qiymətləndirib və ABŞ-ni Avstriyaya təzyiq göstərməkdə ittiham edib.

İranın BAEA-dakı səfiri qərarın təşkilatın getdikcə daha çox siyasiləşdiyini göstərdiyini bildirib. Eslami BMT sanksiyalarının “snapback” mexanizmi ilə bərpasından sonra sanksiyaların tətbiq olunduğu iranlı rəsmilər sırasındadır.

Qərb ölkələri bu mexanizmi ötən il işə salıb. İran və Rusiya isə bərpa olunan sanksiyaların legitimliyini tanımır. Mübahisə İranla BAEA arasında nüvə obyektlərində yoxlamalarla bağlı davam edən gərginlik fonunda baş verir.

⦿ 16:34 | YENİLƏNİB

Hörmüz boğazından neft daşımalarının həcmi artır

Reuters

ABŞ-nin energetika naziri Kris Rayt sentyabrın 14-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) iclasında bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə Hörmüz boğazından daşınan neftin yeddi günlük orta həcmi artır və bu tendensiya davam edəcək.

“Yeddi günlük orta göstəricidə artım tendensiyası müşahidə olunur və bu, davam edəcək”, — Rayt mətbuat konfransında deyib.

O əlavə edib ki, sentyabrın 1-də bir gün ərzində 17 milyon barel neft daşındığını bildirsə də, sonradan faktiki həcmin daha yüksək olduğu müəyyənləşib.

“Bir gəmi hesablamaya daxil edilməmişdi. Sonradan məlum oldu ki, həmin gün göstərici demək olar ki, düz 18 milyon barel olub”, — Rayt bildirib.

⦿ 16:32 | YENİLƏNİB

İran rəsmisi: “Avstriyanın İranın nüvə nümayəndə heyətinə viza verməməsi əsassızdır”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Avstriyanın Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransında iştirak edəcək İran nümayəndə heyətinə viza verməkdən imtina etməsi tamamilə əsassızdır.

İranın dövlət yayımçısı IRIB daha əvvəl xəbər verib ki, viza verilmədiyi üçün İranın nüvə proqramına rəhbərlik edən Məhəmməd Eslami BAEA-nın Baş Konfransında iştirak edə bilməyib.

⦿ 16:30 | YENİLƏNİB

İsmayıl Bəqai: “Səudiyyə Ərəbistanının neft kəmərini dayandıran hücumda İran iştirak etməyib”  

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Səudiyyə Ərəbistanının əsas xam neft kəmərlərindən birinin fəaliyyətinin dayanmasına səbəb olan hücumda İranın iştirakı ilə bağlı ABŞ-nin iddiaları həqiqətə uyğun deyil.
IRNA-nın məlumatına görə, Bəqayi sentyabrın 14-də Tehranda deyib: “ABŞ rəsmilərinin İranın bu hadisələrdə iştirakı ilə bağlı irəli sürdüyü iddianın heç bir əsası yoxdur və bu, qəti şəkildə təkzib olunur”.
ABŞ Prezidenti Donald Tramp sentyabrın 12-də  bildirib ki, sentyabrın 10-dan 11-nə keçən müddətdə Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə endirilən hücumun arxasında İranın dayandığını düşünür.

Peyk görüntülərində Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri 29 oktyabr 2025-ci ildə (yuxarıda), eyni obyekt isə 13 sentyabr 2026-cı ildə hücumdan sonra (aşağıda) göstərilir.
Reuters

⦿ 15:48  | YENİLƏNİB

İran rəsmisi: “Ələ keçirilən ABŞ sualtı aparatı müharibə qənimətidir”

Reuters

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, sentyabrın əvvəlində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ələ keçirdiyi ABŞ-yə məxsus sualtı aparat müharibə qənimətidir.

Pilotsuz sualtı aparat sentyabrın 8-də keçirilən əməliyyat zamanı ələ keçirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi müsahibə verir. Tehran, İran, 5 aprel 2026-cı il.
Reuters

⦿ 14:28  | YENİLƏNİB

Səudiyyə Ərəbistanının vəliəhdi husilərin hücumlarının intensivləşdiyi vaxt CENTCOM rəhbəri ilə görüşüb

​Səudiyyə Ərəbistanının dövlət televiziyasının məlumatına görə, vəliəhd Məhəmməd bin Salman sentyabrın 14-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşüb.

Tərəflər İrana yaxın Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarının intensivləşdiyi bir vaxtda regiondakı son hadisələri müzakirə ediblər.

⦿ 14:26  | YENİLƏNİB

Husilər Səudiyyə Ərəbistanının aviabazasına genişmiqyaslı hücum etdiklərini bildiriblər

Anadolu

Husilər sentyabrın 14-də Səudiyyə Ərəbistanının cənubundakı “Kral Xalid” aviabazasına raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum etdiklərini bildiriblər.

Qruplaşma hücumda onlarla silahdan istifadə etdiyini, hərbi obyektləri hədəfə aldığını və “ciddi itkilərə” səbəb olduğunu iddia edib. Səudiyyə Ərəbistanı bu iddiaları təsdiqləməyib.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə xidməti əvvəlcə xəbərdarlıq yayıb, daha sonra təhlükənin sovuşduğunu bildirib. Husilər hücumu Səudiyyə Ərəbistanının Yəməndə endirdiyi zərbələrə cavab olaraq həyata keçirdiklərini açıqlayıblar.

⦿ 14:15  | YENİLƏNİB

Avstriya İranın nüvə proqramının rəhbərinə viza verməyib

Anadolu

İranın dövlət teleradio qurumu IRIB-in məlumatına görə, Avstriya İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə viza verməkdən imtina edib. Bu qərar onun Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) konfransında iştirakına mane olub.

IRIB bildirib ki, Eslami və onu müşayiət edən nümayəndə heyəti sentyabrın 12-də Vyanaya getməyi planlaşdırıblar. Qurumun məlumatına görə, onlar sonradan Tehrana qayıdıblar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sentyabrın 14-də viza verilmədiyini təsdiqləyərək qərarı “tamamilə əsassız” adlandırıb. Onun sözlərinə görə, Tehran qərara rəsmi etirazını bildirib və Avstriyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

⦿ 14:12 | YENİLƏNİB

İran: Səudiyyə Ərəbistanı Omandakı görüşün təxirə salınmasını istəyib

Anadolu

İranın açıqlamasına görə, Səudiyyə Ərəbistanı İran və Körfəz ölkələrinin iştirakı ilə Omanda keçirilməsi planlaşdırılan regional görüşün təxirə salınmasını istəyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu müraciəti təsdiqləyib. Onun sözlərinə görə, görüşdə dəniz təhlükəsizliyi və gəmilərin Hörmüz boğazından keçidi üçün təklif olunan mexanizm müzakirə edilməli idi.

Oman “konsensusun maraqları”nı əsas gətirərək görüşü təxirə salıb. Bəqayi bildirib ki, görüş təxirə salınsa da, İranla Oman arasında boğazla bağlı razılaşma artıq yekunlaşdırılıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ və İsrailin İranla qarşıdurması fonunda müsahibə zamanı danışır. Tehran, İran, 5 aprel 2026-cı il.

⦿ 14:07  | YENİLƏNİB

İraqda İran kürd müxalifət qruplarının düşərgələrinə raket zərbələri endirilib

Reuters

“Reuters”ə verilən məlumatına görə, sentyabrın 14-də səhər saatlarında İraqın Kürdüstan bölgəsində, İranın kürd müxalifət qruplarına məxsus üç düşərgəyə raket zərbələri endirilib.

Mənbələr bildiriblər ki, ilkin məlumata görə, ölən və ya yaralanan olmayıb.

⦿ 13:35 | YENİLƏNİB

Qətər itkin düşən üç iranlı pilotun axtarışına kömək edəcək

Anadolu

Qətər itkin düşən üç iranlı pilotun yerinin müəyyənləşdirilməsinə kömək etməyə razılaşıb. Bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.

Hadisə martın 2-də İranın iki Su-24 qırıcısının Qətərdəki hərbi bazaya hücum edərkən qəzaya uğraması ilə bağlıdır. İran tərəfi üç pilotun sağ qalaraq əsir götürüldüyünü, dördüncü pilotun isə həlak olduğunu bildirir.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd üç pilotun Qətərdə ola biləcəyinə dair sübutların olduğunu deyib. O, Qətər Qızıl Aypara Cəmiyyətindən humanitar kanallar vasitəsilə pilotlar barədə məlumat toplamağı xahiş edib.

Qətər Qızıl Aypara Cəmiyyətinin rəsmiləri məsələnin araşdırılmasına və pilotların ailələrinə məlumat verilməsinə kömək edəcəklərini bildiriblər.

Tərəflər xilasetmə əməliyyatları, təlim və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd Tehranda jurnalistlərlə danışır. İran, 8 mart 2026-cı il.

⦿ 12:36 | YENİLƏNİB

İran Hörmüz boğazı üzərində MQ-1 tipli PUA-nı vurduğunu bildirib

Anadolu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sentyabrın 14-də Hörmüz boğazı üzərində MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib.

İranın dövlət televiziyası IRIB-in məlumatına görə, PUA SEPAH-ın aerokosmik qüvvələrinin yeni hava hücumundan müdafiə sistemi ilə aşkarlanaraq məhv edilib.

Bildirilib ki, əməliyyat İranın vahid hava hücumundan müdafiə şəbəkəsi vasitəsilə koordinasiya olunub.

İranın bu iddiası hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib. PUA-nı kimin idarə etdiyi açıqlanmayıb.

⦿ 11:30 | YENİLƏNİB

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanının cənubuna hücumlarını pisləyib

Reuters

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanının cənubundakı mülki və iqtisadi obyektlərə hücumlarını pisləyib. Səudiyyə Ərəbistanının məlumatına görə, hücumlar nəticəsində 73 nəfər yaralanıb.

Nazirlik İrana yaxın husiləri bu cür hücumları dərhal dayandırmağa çağırıb. Bildirilib ki, mülki şəxslərə və obyektlərə hücumlara, eləcə də sərbəst və təhlükəsiz gəmiçiliyə mane olan hərəkətlərə heç bir halda haqq qazandırmaq olmaz.

Cənubi Koreya Səudiyyə Ərəbistanı ilə həmrəyliyini də ifadə edib.

⦿ 10:53 | YENİLƏNİB

BƏƏ-nin xarici işlər naziri səudiyyəli və iraqlı həmkarları ilə regional gərginliyi müzakirə edib

Anadolu

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan sentyabrın 13-də Səudiyyə Ərəbistanı və İraqdan olan həmkarları ilə ayrı-ayrılıqda telefonla danışıb.

O, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla regional vəziyyəti, gərginliyin azaldılması istiqamətində səyləri və Körfəz ölkələri arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

İraqın xarici işlər naziri Fuad Hüseynlə danışıq zamanı isə regional təhlükəsizlik, Yəməndəki vəziyyət və İraqın Körfəz ölkələri ilə əlaqələri nəzərdən keçirilib. Tərəflər fikir ayrılıqlarının dialoq və dinc yollarla həllinə çağırıblar.

Danışıqlar Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlardan sonra aparılıb. Ər-Riyad PUA-ların İraq ərazisindən buraxıldığını bildirib. Bağdad isə ölkə ərazisindən qonşu dövlətlərə təhlükə yaratmaq məqsədilə istifadənin qarşısını almağa çalışdığını açıqlayıb.

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan Suriya ilə bağlı toplantıda iştirak edir. Ər-Riyad, Səudiyyə Ərəbistanı, 12 yanvar 2025-ci il.

Reuters

⦿ 09:53 | YENİLƏNİB

Yəməndə döyüşlər nəticəsində 82 mindən çox insan evini tərk edib

Anadolu

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, sentyabrın əvvəlindən bəri Yəmənin qərb sahillərində döyüşlərin güclənməsi nəticəsində 82 mindən çox insan evini tərk edib.

Evini tərk edənlər Taiz, Hüdeydə və Ləhic vilayətlərindəndir. Onlardan 2 mindən çoxu Qırmızı dənizi keçərək Cibutiyə gedib.

Ədəndə yerli hakimiyyət orqanları Bureyka rayonunda 5 minədək insanın yerləşə biləcəyi yeni düşərgə salır. Burada Moxa, Hays və Əl-Xoxa da daxil olmaqla müxtəlif əraziləri tərk edən ailələrə ilkin tibbi xidmət göstərilməsi planlaşdırılır.

Yəmənin qərb sahillərində hökumət qüvvələri ilə husilər arasında döyüşlər davam edir. Hava zərbələri və quruda gedən döyüşlər humanitar böhranı daha da ağırlaşdırır.

⦿ 09:25 | YENİLƏNİB

Oman Hörmüzdə yeni dəniz marşrutu ilə bağlı görüşü təxirə salıb

Anadolu

Oman bazar ertəsi Səlalə şəhərində keçirilməsi planlaşdırılan regional görüşü təxirə salıb. Görüşdə Hörmüz boğazında açılması təklif olunan yeni dəniz marşrutu ilə bağlı məsələlər müzakirə edilməli idi.

Omanın Xarici İşlər Nazirliyi görüşün “konstruktiv dialoq” üçün şərait yaratmaq məqsədilə təxirə salındığını bildirib. Görüşün yeni tarixi açıqlanmayıb.

Xarici işlər naziri Bədr əl-Busaidi qərarın tərəflər arasında razılığa nail olmaq məqsədi daşıdığını deyib. O, Omanın dialoqa və regional sabitliyə sadiq qaldığını vurğulayıb.

Görüşdə Bəhreyn, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Küveytin iştirakı gözlənilirdi. Lakin Bəhreyn İranla diplomatik münasibətlər bərpa olunana qədər bu ölkənin iştirak etdiyi çoxtərəfli nazirlər görüşlərinə qatılmayacağını bildirmişdi

 

 

⦿ 08:39 | YENİLƏNİB

Hörmüz boğazında gəmi keçidlərinin sayı azalıb, neft 3 faizdən çox bahalaşıb

Reuters

İlkin izləmə məlumatlarına görə, həftəsonu Hörmüz boğazından gündə 10-dan az yük gəmisi keçib. Sentyabrın 14-də ilkin ticarətdə regiondakı yeni hücumlar və tədarüklə bağlı narahatlıqlar fonunda neft qiymətləri 3 faizdən çox yüksəlib.

Həftəsonu Hörmüz boğazı vasitəsilə ümumilikdə dörd gəmi körfəzdən çıxıb, 10 gəmi isə körfəzə daxil olub. Gündəlik keçidlərin sayı son 10 gün üzrə orta göstəricidən, yəni 14 gəmidən aşağı olub.

Aşkarlanmamaq üçün avtomatik identifikasiya sistemlərini söndürərək boğazdan keçmiş ola biləcək gəmilər bu rəqəmlərə daxil deyil.

⦿ 08:08 | YENİLƏNİB

CENTCOM: Blokada çərçivəsində 101 gəminin marşrutu dəyişdirilib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana qarşı dəniz blokadası çərçivəsində sentyabrın 13-dək 101 ticarət gəmisinin marşrutu dəyişdirilib.

Vaşinqton ABŞ və İran arasında diplomatik danışıqların nəticəsiz qalmasından sonra iyulda İran limanlarının blokadasını bərpa edib.

 

 

⦿ 07:30 | YENİLƏNİB

Tramp Çin qurumlarının İrana peyk görüntüləri ötürməsi barədə xəbərin əhəmiyyətini kiçildib

Reuters

ABŞ Prezidenti Donald Tramp İranın İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi bazanın peyk görüntülərini Çin qurumlarından əldə etməsi barədə xəbərin əhəmiyyətini kiçildib. İddiaya görə, görüntülər iyulda üç amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumdan əvvəl ötürülüb.

Məsələni Çin lideri Si Cinpinlə görüşdə qaldırıb-qaldırmayacağı soruşulan Tramp birbaşa cavab verməyib: “Onlar, əsasən, bizim etdiyimizi edirlər. Çinin bizə qarşı casusluq etdiyini deyəndə cavab verirəm ki, haqlısınız, biz də onlara qarşı casusluq edirik”.

“The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən peyk görüntülərinin İrana ötürüldüyünü yazıb. Rəsmilər Çin qurumlarının adlarını açıqlamayıb və Pekinin bu işdə birbaşa iştirak etdiyini iddia etməyiblər. “Reuters” məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib.

⦿ 06:55 | YENİLƏNİB

Səudiyyə Ərəbistanında dörd şəhərdə təhlükə xəbərdarlıqları ləğv edilib

Reuters

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi sentyabrın 14-də ölkənin cənubundakı dörd şəhər üçün verdiyi təhlükə xəbərdarlıqlarını ləğv edib. Xəbərdarlıqlar Yəməndəki husilərin hücumlarının intensivləşməsi fonunda elan olunmuşdu.

“Reuters”in məlumatına görə, xəbərdarlıqlar Nəcran, Xəmis Müşeyt, Cizan və Əbha şəhərlərini əhatə edib. Daha sonra Xəmis Müşeyt və Əbha üçün yenidən xəbərdarlıqlar verilib, lakin bunlar da sonradan ləğv olunub.

İrana yaxın husilər Yəmənin şimalının böyük hissəsinə və ölkə əhalisinin ən çox cəmləşdiyi ərazilərə nəzarət edirlər. Onlar iyulda Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdikdən sonra bu ölkəyə hücumlarını artırıblar. Hücumlar Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus gəmiləri də hədəf alıb.

 

 

Teqlər