Qlobal turizm yenidən formalaşır: Bu, Azərbaycan üçün nə deməkdir?
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
ABŞ Prezidenti Donald Tramp İranın tezliklə razılaşma əldə etmək istədiyini yenidən bildirib. Lakin İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi bu iddianı rədd edərək Tehranın şərtləri yerinə yetirilməyənədək danışıqlara başlamayacağını deyib.
ABŞ-nin İranla müharibəyə xərcləri indiyədək 38 milyard dollara çatıb. ABŞ Konqresinin Büdcə Ofisinin hesablamalarına görə, bu məbləğin hər ay təxminən 3 milyard dollar artacağı gözlənilir.
Qurumun proqnozuna görə, müharibə 2027-ci ilin ilk üç ayında inflyasiyanı 0,5 faiz bəndi artıra bilər.
Artan xərclər ABŞ-nin sursat ehtiyatlarına təzyiq göstərib və enerji qiymətlərinin yüksəlməsinə səbəb olub. Bu vəziyyət ölkənin digər mümkün münaqişələrə cavab vermək imkanları ilə bağlı narahatlıqları artırıb və onsuz da gərgin olan federal büdcəyə əlavə yük yaradıb.
İran diplomatı Bəhruz Kamalvəndi Avstriyanın Vyana şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) konfransında bildirib ki, rəsmi Tehran nüvə proqramından geri çəkilməyəcək.
“Fars” xəbər agentliyinin məlumatına görə, Kamalvəndi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ilk qoşulan ölkələrdən biri olduğunu və müqavilə üzrə öhdəliklərinə sadiq qaldığını bildirib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, rəsmi Tehranın şərtləri yerinə yetirilməyənədək ABŞ ilə danışıqlar aparılmayacaq.
“Tehran Times”ın məlumatına görə, Rezai neft və regiondakı su yolları ilə bağlı strateji vəziyyətin dəyişdiyini bildirib. O, münaqişənin nəticələrini məhdudlaşdırmaq cəhdlərinin qarşıdakı prosesləri dəyişməyəcəyini bildirib.
İranın dövlət televiziyası IRIB sentyabrın 15-də Hörmüz boğazında minaya düşdüyü bildirilən supertankerin görüntülərini “X” platformasında yayıb.
İranın “Fars” xəbər agentliyi daha əvvəl “Algaya” adlı gəminin Hörmüz boğazının cənub hissəsində “qadağan olunmuş zona”dan keçməyə çalışarkən qəzaya uğradığını bildirmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi “X” platformasında paylaşımında ölkəsinin müdafiəsiz olması barədə fikirləri “uydurma” adlandırıb.
O, paylaşımına İranın zərbələri nəticəsində Yaxın Şərqdəki ABŞ bazalarına dəyən ziyan barədə məlumatların əks olunduğu ABŞ hesabatından bir səhifə də əlavə edib.
Səudiyyə Ərəbistanının mühüm Şərq-Qərb neft kəməri ilə nəqlin bir neçə gün ərzində bərpa olunacağı gözlənilir.
ABŞ-nin energetika naziri Kris Rayt “CNBC”yə bildirib ki, kəmər İranla əlaqəli qrupların hücumlarından sonra müvəqqəti bağlanıb.
Birləşmiş Krallıq, ABŞ və Niderland İran dövləti ilə əlaqəli şəxslərin dissidentləri, fəalları və jurnalistləri hədəf almaq üçün istifadə etdiyi bildirilən casus proqramı ilə bağlı birgə kibertəhlükəsizlik xəbərdarlığı yayıb.
Birləşmiş Krallığın Milli Kibertəhlükəsizlik Mərkəzinin məlumatına görə, İranla əlaqəli kiberqruplar “CHOSEN BRICK” adlı proqramdan istifadə edərək “WhatsApp” və “Telegram” üzərindən fişinq hücumları həyata keçirib, elektron məktubları, mesajları və digər həssas məlumatları ələ keçiriblər.
Mərkəzin əməliyyatlar üzrə direktoru Paul Chichester bildirib ki, bu kiberkampaniya İranın tənqidçiləri susdurmaq məqsədilə rəqəmsal nəzarətdən necə istifadə etdiyini göstərir.
Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu limanında neft yüklənməsi dayandırılıb.
Gəmiçilik sektorundakı mənbələrin məlumatına görə, bu, İranın dəstəklədiyi husilərin hücumundan sonra ölkənin Şərq-Qərb neft kəmərini bağlamasından bir neçə gün sonraya təsadüf edir.
“Saudi Aramco” məsələ ilə bağlı şərh verməyib.
ABŞ-nin maliyyə naziri Skott Bessent bu həftəsonu Çin Baş nazirinin müavini He Lifenglə görüşəcəyini bildirib.
Görüş ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Cinpinin gələn həftəyə planlaşdırılan danışıqları ərəfəsində keçiriləcək.
Bessentin sözlərinə görə, Tramp və Si Cinpin İran, eləcə də Çinin Tehranla maliyyə əlaqələri ilə bağlı müzakirələri davam etdirəcəklər. Vaşinqton İranın Qərb maliyyə sistemlərinə çıxışını məhdudlaşdırmağa çalışır.
ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında patrul xidməti həyata keçirən ABŞ-yə məxsus pilotsuz dəniz aparatını ələ keçirməyə cəhdindən sonra sentyabrın 14-də İranın iki kiçik qayığını məhv edib.
Bu barədə “Axios” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“Axios”un məlumatına görə, ABŞ hərbçiləri əvvəlcə zərbə barədə açıqlama verməyib. İran mediası isə hadisəni balıqçı qayıqlarına dron hücumu kimi təqdim edib.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman sentybrın 15-də keçirilən danışıqlarda Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə gəmiçilik azadlığının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar. Bu barədə Misirin Prezident Aparatı məlumat yayıb.
Əbdülfəttah Əs-Sisi Səudiyyə Ərəbistanının təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığı addımları, həmçinin Yəmən böhranının hərtərəfli və davamlı siyasi həlli üçün göstərilən səyləri dəstəklədiyini bildirib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirib ki, Yəməndə döyüşlərin yenidən şiddətlənməsi nəticəsində 100 mindən çox insan ölkə daxilində didərgin düşüb, minlərlə insan isə Bab əl-Məndəb boğazını keçərək Cibutiyə qaçıb.
UNHCR-in açıqlamasında bildirilib: “Humanitar yardımın ehtiyacı olanlara çatdırılması ciddi problem olaraq qalır. Təhlükəsizlik vəziyyəti, yolların zədələnməsi, telekommunikasiya xidmətlərində fasilələr və hərəkət məhdudiyyətləri əməliyyatlara təsir göstərir”.
İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının şəhərlərinə və enerji infrastrukturuna hücumları artırıb. Onlar eyni zamanda Yəmənin Qırmızı dəniz sahili boyunca mühüm gəmiçilik marşrutu olan Bab əl-Məndəb boğazına doğru irəliləyiblər.
Buna cavab olaraq Səudiyyə Ərəbistanı və Yəmən hərbi hava qüvvələri husilərə məxsus hədəfləri bombardman edib.
İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın 16-da Pekinə rəsmi səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
İran hökumətinin “X” platformasındakı paylaşımına görə, Əraqçi çinli həmkarı Van İ ilə əsas regional və beynəlxalq məsələləri müzakirə edəcək.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında dəniz minalarına dəyən gəmidə partlayış baş verdiyini bildirib.
SEPAH-a bağlı “Fars” xəbər agentliyinin məlumatına görə, “Algaya” adlı supertanker boğazın cənub hissəsindəki qadağan olunmuş zonadan keçməyə çalışarkən qəzaya uğrayıb.
SEPAH-ın bəyanatında yanğını nəzarət altına almaq cəhdlərinin nəticəsiz qaldığı və alovun bütün gəmini bürüdüyü bildirilib.
Korpusun Hərbi Dəniz Qüvvələri hadisəni İranın dəniz təhlükəsizliyi qaydalarına məhəl qoyulmamasının gözlənilən nəticəsi adlandırıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda çıxışı zamanı Hörmüz boğazında sərbəst keçidin təmin edilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, Fars körfəzində qarşılıqlı hücumlar sülh səylərinə zərər vurur və dərhal dayandırılmalıdır.
Fidan müharibədən əvvəlki vəziyyətin bərpa olunmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, rəsmi Ankara məsələnin həlli üçün bütün aidiyyəti tərəflərlə əlaqə saxlayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən görüşdə Yaxın Şərqdə münaqişənin siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyini bir daha vurğulayıblar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” platformasındakı paylaşımında bildirilib.
Omanın Dəniz Təhlükəsizliyi Mərkəzinin məlumatına görə, Panama bayraqlı “El Gaia” neft tankerinə hücum edilib. Hücumdan sonra tankerin mühərrik bölməsində yanğın baş verib. Tanker hazırda başqa gəminin köməyi ilə çəkilərək Oman limanına aparılır.
Hücum zamanı tanker Musandamdan təxminən 103 dəniz mili şimal-şərqdə olub. Omanın hərbi gəmisi 23 ekipaj üzvünü təxliyə edib. İki ekipaj üzvü isə hələ də itkin sayılır.
Səudiyyə Ərəbistanının mülki müdafiə xidməti sentyabrın 15-də İslamın ən müqəddəs məkanının yerləşdiyi Məkkədə mümkün təhlükə barədə xəbərdarlıq edib. Bu, Yəmən husiləri ilə qarşıdurmanın yenidən kəskinləşməsindən sonra Məkkə üçün verilən ilk belə xəbərdarlıq olub.
Hörmüz boğazında gəmi naməlum mərminin zərbəsinə məruz qalıb. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
UKMTO-nun məlumatına görə, insident sentyabrın 14-də baş verib. Gəmiyə ziyan dəyməsi və ya ətraf mühitə təsir barədə məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Çin ABŞ-İran müharibəsinin siyasi və diplomatik yollarla həllinə çağırıb. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun məlumat verib.
Quo bildirib ki, Pekin Yaxın Şərq və Fars körfəzi regionunda baş verənləri yaxından izləyir və tərəfləri fikir ayrılıqlarını siyasi və diplomatik vasitələrlə həll etməyə çağırır.
Çin XİN daha əvvəl də regiondakı mübahisələrin dialoq və diplomatiya yolu ilə həllinin yeganə çıxış yolu olduğunu bildirmişdi.
Açıqlama Pentaqonun baş müfəttişinin ABŞ-nin İranla müharibəsi ilə bağlı hesabatının dərcindən sonraya təsadüf edir.
Hesabatda dörd aylıq müharibənin ABŞ-nin strateji silah-sursat ehtiyatlarında çatışmazlıq yaratdığı və müdafiə sənayesinin istehsal imkanlarındakı məhdudiyyətləri üzə çıxardığı qeyd olunur. Hesabat sentyabrın 14-də dərc edilib və iyunun 30-dək olan dövrü əhatə edir.
Sənəddə istehsalın artırılması üçün uzun müddət tələb olunduğu, bərk yanacaqla işləyən raket mühərrikləri, yüksək güclü partlayıcı maddələr və raket yanacağı, eləcə də ixtisaslı işçi qüvvəsi sahəsində çatışmazlıqların olduğu bildirilir.
İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın 16-da Çinə səfər edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Əraqçinin çinli həmkarı Van İ ilə görüşəcəyi gözlənilir.
Yəməndə döyüşlərin intensivləşməsi 137 mindən çox məktəbyaşlı uşağın təhsilini ciddi şəkildə pozub. Bu barədə UNICEF məlumat yayıb.
BMT-nin Uşaq Fondu münaqişədən zərər çəkən uşaqlar üçün müvəqqəti sinif otaqları və 20 uşaqyönümlü məkan yaratdığını, həmçinin müdafiə xidmətləri göstərdiyini bildirib.
“Uşaqlar münaqişə səbəbindən gələcəklərini itirməməlidirlər”, – UNICEF qeyd edib.
Son döyüşlər Taiz vilayətinin qərbində və Yəmənin qərb sahili boyunca yaşayan ailələrin evlərini tərk etməsinə səbəb olub.
UNICEF, BMT-nin Əhali Fondu (UNFPA) və Ümumdünya Ərzaq Proqramı (WFP) yeni didərgin düşmüş 14 mindən çox insana təcili yardım göstərir.
ABŞ Ədliyyə Nazirliyi İran neftinin qara bazarda satışından əldə edildiyi iddia olunan təxminən 61 milyon dollarlıq kriptovalyutanın müsadirəsi üçün məhkəməyə müraciət edib.
ABŞ prokurorlarının iddiasına görə, İran Çində və digər ölkələrdə fəaliyyət göstərən kriptovalyuta şəbəkələri vasitəsilə neft satışından əldə olunan 1,5 milyard dollardan çox vəsaiti leqallaşdırıb.
Prokurorluq bildirir ki, bu vəsait hərbi və terror fəaliyyəti kimi qiymətləndirilən məqsədlərin maliyyələşdirilməsinə yönəldilib.
ABŞ Ədliyyə Nazirliyinin sentyabrın 14-də yaydığı məlumata görə, söhbət mülki müsadirə tələbindən gedir. Nazirlik qeyd edib ki, məhkəməyə təqdim olunan iddialar hələ sübuta yetirilməyib və vəsait yalnız məhkəmə qərarı əsasında müsadirə oluna bilər.
Bu addım ABŞ-nin İranın neft satışları və sanksiyalardan yayınma sxemlərinə qarşı atdığı son hüquqi addımlardan biridir.
Pentaqonun baş müfəttişinin hesabatına görə, ABŞ-nin İranla dörd aylıq müharibədə istifadə etdiyi silahlar strateji ehtiyatlarda çatışmazlıq yaradıb və müdafiə sənayesinin bu ehtiyatları sürətlə bərpa etmək imkanlarının məhdud olduğunu üzə çıxarıb.
Hesabatda bildirilir ki, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüksək güclü partlayıcı maddələrin və raket yanacağının istehsalı uzun vaxt tələb edir. Müdafiə sənayesində ixtisaslı işçi çatışmazlığı da əsas problemlərdən biri kimi göstərilib.
Pentaqonun hesablamasına görə, iyunun 29-dək müharibənin xərcləri 33,4 milyard dollara çatıb. Bunun 22,3 milyard dolları istifadə olunan sursatların, 3,7 milyard dolları isə itirilən hərbi texnika və avadanlığın payına düşüb.
Fransa Prezidenti Emmanuel Makron enerji təchizatının təhlükəsizliyini qorumaq və yanacaq qiymətlərinə təzyiqi azaltmaq üçün Hörmüz boğazına alternativ marşrutların inkişaf etdirilməsinə çağırıb.
Parisdə İraqın Baş naziri Əli əl-Zeydini qəbul edən Makron bildirib ki, regional gərginliyin azaldılması və Hörmüz boğazına alternativ marşrutların yaradılması enerji təchizatının təhlükəsizliyinə kömək edə bilər.
“Enerji təchizatımızın təhlükəsizliyini gərginliyin azaldılması istiqamətində çalışmaqla və Hörmüz boğazına alternativ marşrutlar inkişaf etdirməklə təmin etmək yanacaq qiymətlərinə təzyiqi azaltmaq deməkdir”, – Makron deyib.
Əl-Zeydinin Fransadan sonra Almaniyaya səfəri də nəzərdə tutulur. Onun Avropa turunda İraqın iqtisadiyyat, enerji, ticarət, investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığının genişləndirilməsi müzakirə olunur.
Yəmənin Milli Müqavimət Qüvvələri bildirib ki, husilər ölkənin qərb sahilində gedən son döyüşlərə 76 mindən çox döyüşçü cəlb ediblər. Qüvvələrin iddiasına görə, əməliyyatların idarə olunmasında iranlı və livanlı mütəxəssislər də iştirak ediblər.
Milli Müqavimət Qüvvələrinin məlumatına görə, husilər avqustun 9-dan sentyabrın 9-dək 130 ballistik raket, 145 PUA və partlayıcı yüklü 15 qayıqdan istifadə ediblər. Hücumlar zamanı general-leytenant Tariq Salehin qərargahı və iqamətgahı da hədəfə alınıb.
Döyüşlərin intensivləşməsi 2022-ci ildə əldə olunan atəşkəsdən sonra yaranan nisbi sakitliyin pozulacağı və Yəmənin genişmiqyaslı münaqişəyə sürüklənəcəyi ilə bağlı narahatlıqları artırıb.
Qüvvələrin açıqladığı rəqəmlər və iranlı və livanlı mütəxəssislərin əməliyyatlarda iştirakı barədə iddialar müstəqil şəkildə təsdiqlənməyib.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Antiterror Strukturu İrana qarşı yeni hərbi hücumları qınayıb və bu ölkəyə qarşı hərbi əməliyyatlarla bağlı əvvəlki mövqeyini bir daha təsdiqləyib.
Bu barədə sentyabrın 14-də İslamabadda keçirilən ŞƏT-in Regional Antiterror Strukturu Şurasının 46-cı iclasından sonra yayılan bəyanatda bildirilib. Toplantıda Belarus, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın nümayəndə heyətləri iştirak ediblər.
Şura İranın Ali Rəhbəri Əli Xameneinin həlak olması ilə əlaqədar İran hökumətinə və xalqına, eləcə də həlak olanların ailələrinə başsağlığı verib. İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub, gərginliyin azaldılmasına, sülhün və regionda sabitliyin təmin edilməsinə çağırış edilib.
İclasın sonunda Şuraya sədrlik Pakistandan Rusiyaya keçib.
Avstraliyanın iqlim dəyişikliyi və enerji naziri Kris Bouen gələn həftə Səudiyyə Ərəbistanına səfər edərək bu ölkənin enerji naziri şahzadə Əbdüləziz bin Salmanla görüşəcək. Səfər Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və qlobal enerji təchizatı ilə bağlı narahatlıqların artması fonunda baş tutacaq.
Bouenin sözlərinə görə, Avstraliya ötən il neft məhsullarına tələbatının 84 faizini idxal hesabına ödəyib. Hazırda ölkənin 41 günlük benzin ehtiyatı var.
Nazir yanacağa tətbiq olunan aksiz vergisinin yenidən azaldılmasını istisna edib. O bildirib ki, hökumət dünya bazarında neftin qiymətindəki hər gündəlik dəyişikliyə reaksiya verməyəcək.
Sentyabrın 14-də neft qiymətləri təxminən 1 faiz artıb. Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinə hücum isə qlobal neft tədarükünün 4 faizədək hissəsinin pozulması riskini yaradıb.
Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen Sidney Enerji Forumunda çıxış edir. Sidney, Avstraliya, 12 iyul 2022-ci il.
Yaxın Şərqdə hücumların artması fonunda Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb.
“Kpler”in ilkin məlumatlarına görə, sentyabrın 14-də boğazdan cəmi dörd yük gəmisi keçib. Sentyabrın 13-də isə bu rəqəm 10 olub.
Müharibədən əvvəl Hörmüz boğazından gündə orta hesabla 125 gəmi keçirdi.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti Ciddə, Əbha, Cizan, Əl-Ula, Taif və Yanbuda tətbiq olunan təhlükə xəbərdarlığının ləğv edildiyini bildirib. Qırmızı dəniz sahilində yerləşən Yanbu ölkənin mühüm neft limanlarından biridir.
Xəbərdarlıqlar Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumlarının artması və regionda gərginliyin yüksəlməsi fonunda verilmişdi.
Husilər son vaxtlar Səudiyyə Ərəbistanının şəhərlərinə və enerji infrastrukturuna hücumları artırıblar. Eyni zamanda, onların qüvvələri Yəmənin Qırmızı dəniz sahili boyunca strateji Bab əl-Məndəb boğazına doğru irəliləyir. Boğaz dünyanın əsas dəniz ticarəti marşrutlarından biridir.
ABŞ Prezidenti Donald Tramp İranın qısa müddətdə razılaşma əldə etmək istədiyi barədə fikrini bir daha səsləndirib. O bildirib ki, Tehran Vaşinqtonla danışıqlara başlamaqda maraqlıdır.
İran isə Trampın bu iddiasını qəti şəkildə rədd edib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Trampın açıqlamasını diqqəti yayındırmaq cəhdi adlandırıb.
O, “X” platformasında bildirib ki, İranın şərtləri yerinə yetirilməyənədək danışıqlar olmayacaq.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Azərbaycan və Mərkəzi Asiyanın beş ölkəsinin dövlət başçıları 8-ci Məşvərət görüşünün Birgə Bəyanatını və görüşün tənzimləyici sənədləri haqqında Qərarı imzalayıblar.
Türkmənbaşıda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iki sənəd imzalanıb: Birgə Bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar.
Azərbaycan Cənubi Qafqazın aparıcı gücünə çevrilib. Regionun Şərq yarımkürəsindəki əhəmiyyəti də getdikcə artır. Cənubi Qafqaz Asiya ilə Avropa arasında mühüm əlaqələndirici rol oynayır. Bu isə Azərbaycanın əhəmiyyətini regionun hüdudlarından kənara çıxarır.
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ oktyabrın 9-da Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. Bu addım Vaşinqtonun avropalı müttəfiqləri ilə münasibətlərində gərginliyi artırıb. Yeni sanksiyalar məhkəməyə xidmət göstərən şirkətlərə də təsir edə bilər.
“Navi” adı ilə tanınan Cənubi afrikalı hakim Navanethem Pillay 2026-cı il Nobel Sülh Mükafatına layiq görülüb. Norveç Nobel Komitəsinin məlumatına görə, mükafat ona sülhün və beynəlxalq hüququn təşviqi istiqamətindəki səylərinə görə verilib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürdüyünə görə ölüm cəzasına məhkum edilmiş keçmiş hərbi psixiatr Nidal Həsənin edamının canlı yayımlanacağını açıqlayıb.
Tramp administrasiyası “Microsoft”, “Adobe” və bir sıra iri texnologiya şirkətlərinin əcnəbi işçilərin ABŞ-də daimi yaşayış icazəsi alması üçün istifadə olunan PERM proqramında iştirakını dayandırıb.
ABŞ-nin federal immiqrasiya xidmətinin əməkdaşları oktyabrın 8-də Nyu-Yorkun Bronks rayonu ilə həmsərhəd Marbl-Hill ərazisində avtomobildə olan kişiyə atəş açaraq onu yaralayıblar. Avtomobildə beş yaşlı uşaq da olub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın