Rusiya Kiyevdə yanacaqdoldurma məntəqəsini və anbar obyektlərini vurub

Rusiya Kiyevdə yanacaqdoldurma məntəqəsini və anbar obyektlərini vurub
Fövqəladə hallar əməkdaşları PUA zərbəsindən sonra yanğını söndürürlər. Kiyev, Ukrayna, 11 sentyabr 2026-cı il.
Reuters

Kiyev meri Vitali Kliçko “Telegram” hesabında bildirib ki, səhər saatlarında Rusiya PUA-sı paytaxtdakı yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Onun sözlərinə görə, şəhərin başqa hissəsindəki anbarlar da vurulub.

⦿ 22:46 | YENİLƏNİB

Ukraynanın 500-dən çox qatarın əvəzlənməsinə təcili ehtiyacı var

 

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “X” platformasında bildirib ki, Rusiya–Ukrayna müharibəsi başlayandan indiyədək Rusiyanın hücumları nəticəsində 500-dən çox qatar zədələnib və ya məhv edilib.

Sibiqa zədələnmiş və məhv edilmiş qatarların əvəzlənməsinə təcili ehtiyac olduğunu bildirib və müttəfiqləri yardım göstərməyə çağırıb.

⦿ 22:29 | YENİLƏNİB

NATO ölkələrinin kəşfiyyat xidmətləri Leypsiq/Halle hava limanındakı PUA insidentində Rusiya ilə əlaqə aşkarlamayıb

Rusiya Xarici İşlər Nazirliyi Xarici Kəşfiyyat Xidmətinin məlumatına istinadən bildirib ki, NATO ölkələrinin kəşfiyyat xidmətləri avqustda Leypsiq/Halle hava limanında baş verən PUA insidentində Rusiyanın iştirakı ilə bağlı sübut aşkarlamayıb. Moskvanın iddiasına görə, araşdırma zamanı hadisənin Ukrayna ilə əlaqəli ola biləcəyinə dair əlamətlər müəyyən edilib.

Almaniya isə sentyabrın əvvəlində insidentə görə Rusiyanı rəsmən ittiham edib. Berlin görülən tədbirlər çərçivəsində Rusiyanın Almaniyadakı diplomatik nümayəndəliklərinin təxminən 150 əməkdaşı və onların ailə üzvlərinin ölkəni tərk etməsini tələb edib.

⦿ 22:18 | YENİLƏNİB

Zelenski Yaponiya parlamentinin spikeri ilə müdafiə əməkdaşlığını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfər edən Yaponiya Nümayəndələr Palatasının spikeri Eysuke Mori ilə görüşüb.

Tərəflər qarşıdan gələn qış mövsümündə Ukraynaya enerji dəstəyi və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

⦿ 22:15 | YENİLƏNİB

Almaniyada hərbi aviabaza yaxınlığında PUA qalıqları tapılıb

Almaniya polisi ölkənin şimal-qərbində, Ştaynhuder gölünün şərqində PUA qalıqlarının tapılması ilə bağlı araşdırma aparır. Bu barədə “Bild” qəzeti məlumat yayıb.

Qalıqların aşkarlandığı ərazi Almaniya Silahlı Qüvvələrinin aviabazasından təxminən bir kilometr məsafədə yerləşir.

⦿ 22:12 | YENİLƏNİB

Ukrayna ordusu Donetsk vilayətində irəliləyiş əldə etdiyini bildirib

Ukraynanın 3-cü Ordu Korpusu bildirib ki, ölkə qüvvələri Donetsk vilayətinin şimalında bir neçə ərazini Rusiya qüvvələrindən azad edib və bir kəndi nəzarətə götürüb.

Korpusdan verilən məlumata görə, əməliyyatın bu mərhələsində Rusiya tərəfinin itkiləri təxminən 1 500 hərbçi, 12 mindən çox PUA, həmçinin yüzlərlə zirehli texnika, artilleriya sistemi və avtomobil təşkil edib.

⦿ 22:09 | YENİLƏNİB

Polşa Ukrayna ilə sərhəddə mühafizəni gücləndirir

Polşa Ukrayna–Polşa sərhədi yaxınlığındakı qatara PUA zərbəsindən sonra Ukrayna ilə sərhəd-keçid məntəqələrinin mühafizəsini gücləndirir.

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” platformasında bildirib ki, görülən tədbirlər çərçivəsində Sərhəd Mühafizəsi Xidmətinin infrastrukturu da gücləndirilir.

Nazir Rusiyanın addımlarının bütün Avropanın təhlükəsizliyinə təhdid yaratdığını bildirib.

⦿ 20:50 | YENİLƏNİB

Kallas Putin və Lavrovla danışmağa hazır olduğunu bildirib

 

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrov zəng edərsə, cavab verəcəyini bildirib.

Kallas Finlandiyanın “Yle” telekanalına müsahibəsində bununla bağlı suala belə cavab verib:

“Əlbəttə, belə bir imkan yaranarsa, danışaram”.

O, daha əvvəl Lavrovla ASEAN və G20 görüşlərində eyni masa arxasında əyləşdiyini və Aİ-nin mövqeyini ona birbaşa çatdırdığını da bildirib.

Kaya Kallas. Rovaniemi, Finlandiya, 14 sentyabr 2026-cı il.
Reuters

⦿ 20:12 | YENİLƏNİB

Rusiya Ukrayna limanlarında iki gəmini vurduğunu bildirib

Reuters

Rusiya qüvvələri Ukraynanın Qara dəniz limanlarında bir bərə və bir tankeri vurub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bərə Çornomorsk, tanker isə İzmail limanında vurulub. Nazirlik hər iki gəminin Ukrayna ordusunun təchizatı üçün istifadə edildiyini bildirib.

Rusiya qüvvələrinin Pivdennı limanında yük qatarını, həmçinin Avropadan hərbi yüklərin daşınması üçün istifadə edildiyi bildirilən Ukraynanın qərbindəki dəmir yolu infrastrukturunu da vurduğu qeyd olunub.

⦿ 20:10 | YENİLƏNİB

Rusiyanın Slavyanska zərbəsi nəticəsində iki nəfər həlak olub

 

Rusiyanın Ukraynanın şərqində yerləşən Slavyansk şəhərinin yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub.

Şəhər hərbi administrasiyasının məlumatına görə, sentyabrın 15-də yerli vaxtla saat 10:30-da baş verən hücum nəticəsində üç evə də ziyan dəyib.

Rusiyanın zərbəsindən sonra Slavyansk. Ukrayna, 15 sentyabr 2026-cı il.

⦿ 20:05 | YENİLƏNİB

ABŞ Rusiyanın LNG tankerlərinə sanksiya tətbiq etməyə hazırlaşır

 

ABŞ Rusiyanın mayeləşdirilmiş təbii qazını (LNG) daşıyan tankerlərə sanksiya tətbiq edə bilər.

“Urgewald” qeyri-hökumət təşkilatının “The Kyiv Independent” nəşrinə bildirdiyinə görə, ABŞ Nümayəndələr Palatası bu həftə Rusiyanın Yamal yarımadasından LNG daşıyan 14 ixtisaslaşmış tankerə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxara bilər.

⦿ 19:55 | YENİLƏNİB

BMT Ukraynada humanitar yardımları yeraltı anbarlarına köçürməyi nəzərdən keçirir

Reuters

BMT Rusiya zərbələrindən qorunmaq üçün Ukraynadakı humanitar yardım ehtiyatlarını yeraltı anbarlara köçürməyi nəzərdən keçirir.

BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Matthias Schmale bildirib ki, bu il 10 yardım anbarı vurulub və milyonlarla dollar dəyərində ehtiyat məhv edilib.

Onun sözlərinə görə, bu ay Ümumdünya Səhiyyə Təşkilatının tibbi ləvazimatların saxlanıldığı əsas anbarlarından biri də zərbəyə məruz qalıb. Digər hücumlar nəticəsində gigiyena vasitələri və uşaqlar üçün məktəb ləvazimatları məhv edilib.

Schmale yardım anbarlarına məqsədli hücumların son aylarda müşahidə olunan yeni tendensiya olduğunu bildirib.

⦿ 19:50  | YENİLƏNİB

Rusiya siqnal raketi Danimarka hərbi helikopterinin bir neçə metrliyindən keçib

Reuters

Rusiya hərbi gəmisi bazar ertəsi Danimarka sahilləri yaxınlığındakı beynəlxalq sularda onun görüntülərini çəkməyə göndərilən Danimarka hərbi helikopterinə doğru iki siqnal raketi atıb. Raketlərdən biri helikopterin cəmi bir neçə metrliyindən keçib.

Danimarkanın müdafiə naziri Jeppe Bruus bildirib ki, “Fennec” hərbi helikopterinə doğru raketlər atılmazdan əvvəl heç bir xəbərdarlıq edilməyib və radio əlaqəsi yaradılmayıb.

Rusiyanın Kopenhagendəki səfirliyi. Danimarka, 17 mart 2024-cü il.
Reuters

Rusiya Danimarkanı gəmisinin yaxınlığında “təhlükəli manevrlər” etməkdə ittiham edib və hadisəni araşdırdığını bildirib.

Danimarkanın müdafiə naziri isə helikopterin freqatın görüntülərini çəkmək üçün standart uçuş həyata keçirdiyini və bu cür əməliyyatların əvvəllər də dəfələrlə aparıldığını deyib.

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Moskvanın hadisəni hərtərəfli araşdıracağını bildirib. O, Danimarka hərbi helikopterlərinin beynəlxalq sularda Rusiya hərbi gəmilərinin yaxınlığında təhlükəli manevrlər etməsinin ilk dəfə olmadığını iddia edib.

Danimarka hadisə ilə əlaqədar Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

⦿ 19:40  | YENİLƏNİB

Zaxarova Qərb rəsmilərini Ukraynaya səfərlərin risklərini nəzərə almağa çağırıb

Reuters

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb siyasətçiləri və diplomatlarını Ukraynaya səfərlərin risklərini ciddi şəkildə qiymətləndirməyə çağırıb.

Açıqlama Rusiyaya məxsus PUA-nın sərnişin qatarını vurmasından iki gün sonra verilib. Həmin dəmir yolu xəttindən bir neçə dəqiqə əvvəl Birləşmiş Krallığın keçmiş Baş naziri Boris Conson və İsveçin keçmiş Baş naziri Carl Bildtin də olduğu nümayəndə heyətini daşıyan başqa qatar keçib.

Zakharova Ukrayna ordusuna xidmət edən dəmir yolu qovşaqları və nəqliyyat infrastrukturunun Rusiya üçün legitim hədəflər olduğunu bildirib. O, Rusiyanın may ayında xarici diplomatlara Ukraynanın hərbi-sənaye kompleksinə zərbələr səbəbindən Kiyevi tərk etmələri barədə xəbərdarlıq etdiyini də deyib.

⦿ 19:35 | YENİLƏNİB

Litvada vurulan PUA-nın Rusiyadan atıldığı ehtimal olunur

Reuters

Litva hava məkanında NATO qırıcısı tərəfindən vurulan PUA-nın böyük ehtimalla Rusiyadan gəldiyi bildirilir.

İtaliyanın müdafiə naziri Quido Krosetto bu barədə açıqlama verib.

Litva Milli Böhranların İdarə Edilməsi Mərkəzinin məlumatına görə, PUA gecə yarısından sonra Belarusdan Litva hava məkanına daxil olub və Kaunas şəhəri yaxınlığındakı Pratkunai kəndi ərazisində vurulub.

İtaliyanın müdafiə naziri Quido Krosetto. Şaulyay, Litva, 15 sentyabr 2026-cı il.
Reuters
19:20 | YENİLƏNİB

Rusiya bombardmançılarını xarici qırıcılar müşayiət edib

Reuters

Rusiyanın Tu-95 strateji bombardmançıları Barens və Norveç dənizlərinin neytral suları üzərində patrul uçuşları həyata keçirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, uçuşların bəzi hissələrində bombardmançıları xarici ölkələrin qırıcı təyyarələri müşayiət edib.

⦿ 19:10 | YENİLƏNİB

Aİ-nin kredit qurumu Litva limanının NATO mərkəzinə çevrilməsi üçün kredit ayırıb

 

Avropa İnvestisiya Bankı (AİB) Litvanın Klaypeda limanının NATO gəmilərini qəbul edə bilməsi üçün yenidən qurulmasına 100 milyon avro (115 milyon dollar) kredit ayırıb.

Baltik dənizində yerləşən Klaypeda limanı Rusiyanın Kalininqrad eksklavından 50 kilometrdən bir qədər çox şimalda, Aİ və NATO-nun şərq sərhədindən isə avtomobillə təxminən üç saat yarımlıq məsafədə yerləşir.

“EML Ugandi” mina gəmisi. Klaypeda, Litva, 14 may 2026-cı il.
Reuters

⦿ 18:57 | YENİLƏNİB

Rusiya XİN: Ukrayna PUA hücumlarında 6 nəfər ölüb

Ukraynanın Rusiyaya PUA hücumları nəticəsində həftəsonu 6 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi sözçü Mariya Zaxarovaya istinadən “X” platformasında məlumat yayıb.

Rusiya XİN-in məlumatına görə, hücumlar ölkənin qərbində yerləşən Belqorod və Kursk vilayətlərini, həmçinin Tula vilayəti və Tatarıstanı əhatə edib.

Ukraynanın Rusiyaya zərbəsindən sonrakı görüntü. Tarix məlum deyil.
Russian Foreign Ministry, X
 
Ukraynanın Rusiyaya zərbəsindən sonrakı görüntü. Tarix məlum deyil.
Russian Foreign Ministry, X

⦿ 17:54 | YENİLƏNİB

Ukrayna Rusiya PUA-larına qarşı yeni tutucu sistemi sınaqdan keçirir

“X”

Ukrayna Rusiyanın reaktiv mühərrikli PUA-larına qarşı yeni nəsil tutucu sistemləri sınaqdan keçirir. Ukrayna tərəfinin məlumatına görə, sistem “Shahed” tipli PUA-ların məhv edilməsi üçün nəzərdə tutulub.

Prezident Volodimir Zelenski bildirib ki, artıq müəyyən texniki həllər var və sınaqlar davam edir. Onun sözlərinə görə, əsas məqsəd sistemi lazımi effektivlik səviyyəsinə çatdırmaq və kütləvi istehsalı sürətləndirməkdir.

Ukrayna rəsmiləri gələcək hərbi əməliyyatları və ölkənin uzaqmənzilli zərbə imkanlarını da müzakirə ediblər. Prioritet hədəflər, tələb olunan resurslar və qarşıdakı əməliyyatlara hazırlıq məsələləri nəzərdən keçirilib.

Kiyev Rusiyanın neft infrastrukturuna endirdiyi uzaqmənzilli zərbələrin nəticə verdiyini bildirir və bu əməliyyatların Ukraynanın danışıqlardakı mövqeyini gücləndirdiyini deyir.

Ukrayna həmçinin bildirib ki, tərəfdaşları Rusiyanın kritik infrastruktura hücumlarla bağlı öhdəliklərinə əməl etməsini təmin edərsə, gərginliyi azaltmaq üçün qarşılıqlı addımlar atmağa hazırdır. Kiyev belə razılaşmaların etibarlı və uzunmüddətli olmalı olduğunu vurğulayıb.

 

⦿ 17:44 | YENİLƏNİB

Lavrov BMT Baş Assambleyasında Rubio ilə görüşməyi planlaşdırır

Reuters

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşməyi planlaşdırır.

Bu barədə “RİA Novosti” Lavrova istinadən məlumat yayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yeni Dehlidə. Hindistan, 12 sentyabr 2026-cı il.
Reuters

⦿ 15:52 | YENİLƏNİB

Lavrov: “Rusiya Ukrayna ilə danışıqlar zamanı döyüşləri dayandırmayacaq”

Reuters

Rusiya Ukrayna ilə mümkün danışıqlar aparıldığı müddətdə döyüşləri dayandırmayacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Lavrov deyib ki, Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı hərbi əməliyyatlar danışıqlar baş tutsa belə davam edəcək.

Ukrayna isə dəfələrlə bildirib ki, danışıqların başlanması üçün ilk addım atəşkəs olmalıdır. Kyiv həmçinin mümkün razılaşmanın etibarlı və uzunmüddətli olmasını tələb edir.

⦿ 15:38 | YENİLƏNİB

Ukraynada Baş prokuror vəzifədən azad olunub

Reuters

Ukrayna parlamenti Baş prokuror Ruslan Kravçenkonun vəzifədən azad edilməsini təsdiqləyib. Qərar müstəqil antikorrupsiya qurumları ilə gərginliyin artmasından bir gün sonra qəbul olunub.

Qərarın lehinə 317 deputat səs verib. Onun qəbul edilməsi üçün ən azı 226 səs tələb olunurdu.

Kravçenko daha əvvəl istefa ərizəsi təqdim etmişdi. Prezident Volodimir Zelenski sentyabrın 14-də parlamentdən onun vəzifədən azad edilməsini təsdiqləməyi istəyib.

⦿ 15:30 | YENİLƏNİB

Ukrayna Donetsk vilayətinin şimalında yeni hücum əməliyyatına başlayıb

Reuters

Ukrayna qüvvələri Donetsk vilayətinin şimalında yeni hücum əməliyyatına başlayıb. Bu barədə Ukraynanın Üçüncü Ordu Korpusunun komandanı, briqada generalı Andriy Biletski bildirib.

Biletskinin sözlərinə görə, Ukrayna qüvvələri Rusiyanın sızma qruplarının olduğu təxminən 75 kvadratkilometrlik ərazini təmizləyib və əlavə 10 kvadratkilometr əraziyə nəzarəti bərpa ediblər.

“Vivaldi” adlanan əməliyyat Slovyansk–Kramatorsk müdafiə xəttinin şimalında aparılır.

Biletski bildirib ki, Ukrayna qüvvələri Rusiyanın logistika xətlərinə zərbələr endirib, üç yaşayış məntəqəsini sızma qruplarından təmizləyib və daha bir yaşayış məntəqəsinin ətrafında mövqelərini möhkəmləndiriblər. Onun sözlərinə görə, Serednye kəndi tamamilə Ukraynanın nəzarətinə keçib.

Donetsk vilayəti müharibənin əsas döyüş bölgələrindən biri olaraq qalır. Rusiya bütün vilayətə nəzarəti ələ keçirməyə çalışır.

Rusiya qüvvələri bu il irəliləyiş sürətinin azalmasına baxmayaraq, cənubdan və Kostiantınivka istiqamətində hücumlarını davam etdirir.

“Reuters” Ukrayna komandirinin son ərazi irəliləyişləri ilə bağlı açıqlamalarını müstəqil şəkildə təsdiqləyə bilməyib.

⦿ 13:22 | YENİLƏNİB

Ukrayna Rusiyanın Sızran şəhərindəki neft emalı zavodunu vurub

Reuters

Ukrayna Rusiyanın Sızran şəhərində yerləşən neft emalı zavoduna zərbə endirib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Zelenski Rusiyanın Taqanroq şəhərində PUA istehsalı müəssisəsinin, Oryol vilayətində isə PUA-ların hazırlanması və buraxılması üçün istifadə olunan obyektin də vurulduğunu deyib.

Onun sözlərinə görə, Qara dənizdə adı açıqlanmayan hədəflərə də zərbələr endirilib.

⦿ 13:08 | YENİLƏNİB

Rusiyanın PUA hücumu Zaporojyenin bəzi ərazilərini işıqsız qoyub

Reuters

Rusiyanın PUA hücumu nəticəsində Ukraynanın cənub-şərqində yerləşən Zaporojye şəhərində bir nəfər ölüb, şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Bu barədə vilayət rəhbərinin səlahiyyətlərini icra edən Mixaylo Semikin bildirib.

Semikin daha əvvəl hücum nəticəsində infrastruktur obyektlərindən birinə ziyan dəydiyini açıqlamışdı.

⦿ 12:56 | YENİLƏNİB

Danimarka Rusiya səfirini helikopter insidentinə görə XİN-ə çağırıb

“X”

Danimarka Silahlı Qüvvələri bildirib ki, Hərbi Hava Qüvvələrinə məxsus helikopter Gedser sahillərində Rusiya freqatını müşahidə edərkən ona tərəf siqnal raketləri atılıb.

Danimarka rəsmiləri hadisəni qəbuledilməz adlandırıb və məsələ ilə bağlı Rusiyanın səfirini görüşə çağırıblar.

⦿ 12:46 | YENİLƏNİB

Rusiya Odessa vilayətinin liman infrastrukturuna hücum edib

Reuters

Rusiya gecə saatlarında Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa vilayətinin liman infrastrukturuna hücum edib. Bu barədə vilayətin rəhbəri Oleh Kiper bildirib.

Kiperin sözlərinə görə, hücum zamanı yaşayış binaları, logistika obyektləri və nəqliyyat infrastrukturu da hədəfə alınıb.

⦿ 11:32 | YENİLƏNİB

Rusiya Qara dənizdə iki gəmini vurduğunu bildirib

Reuters

Rusiya Müdafiə Nazirliyi sentyabrın 15-də Ukraynanın Çornomorsk limanında yük gəmisini və hərbi təchizat daşıdığı bildirilən bərəni vurduğunu açıqlayıb.

⦿ 11:00 | YENİLƏNİB

Polşa hərbi aviasiya əməliyyatlarını başa çatdırıb

Anadolu

Polşa Ukraynanın qərb bölgələrinə Rusiyanın PUA hücumları ilə əlaqədar başladığı hərbi aviasiya əməliyyatlarını başa çatdırıb. Bu barədə Polşa Silahlı Qüvvələri səhər saatlarında məlumat yayıb.

Bildirilib ki, yüksək hazırlıq vəziyyətinə gətirilmiş yerüstü hava hücumundan müdafiə bölmələri və radar kəşfiyyat sistemləri də normal iş rejiminə qayıdıb.

Polşa Silahlı Qüvvələri ölkənin hava məkanının pozulmadığını bildirib.

⦿ 10:54 | YENİLƏNİB

Samara vilayətində PUA hücumu sənaye obyektinə ziyan vurub

Reuters

Rusiyanın Volqa çayı sahilində yerləşən Samara vilayətində PUA hücumu nəticəsində sənaye obyektinə ziyan dəyib. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişşev “Telegram”da bildirib.

Qubernator hücuma məruz qalan obyektin adını açıqlamayıb.

Samara vilayətində bir neçə iri neft emalı zavodu yerləşir.

⦿ 08:25 | YENİLƏNİB

Ukrayna Rusiyanın sülhə hazır olduğu təsdiqlənərsə, enerji atəşkəsini dəstəkləyəcək

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Vaşinqton Moskvanın Ukraynaya qarşı müharibəni həqiqətən başa çatdırmağa hazır olduğuna təminat verərsə, Kiyev Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbələri dayandırması ilə bağlı ABŞ təklifini dəstəkləyəcək.

Zelenski bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərini vurmamaq barədə razılığa gəldiyini bildirməsindən sonra axşam videomüraciətində verib.

“Əgər bu, gərginliyin azaldılması istiqamətində ilk addım olarsa, yəni Rusiyanın kritik infrastrukturumuza hücumlarının və bizim cavab zərbələrimizin dayandırılmasına gətirib çıxararsa, Ukrayna bu təşəbbüsü dəstəkləməyə hazırdır”, – Zelenski bildirib.

⦿ 07:29 | YENİLƏNİB

Taqanroqda raket hücumu “Ozon” anbarına ziyan vurub

Reuters

Rusiyanın cənubundakı Taqanroq şəhərinə raket hücumu nəticəsində “Ozon” şirkətinin anbarına ziyan dəyib. Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.

Onun sözlərinə görə, hücum zamanı qaz kəməri və bir neçə yaşayış binası da zədələnib.

Teqlər