ABŞ konqresmeni İsrailə 2,8 milyard dollarlıq bomba satışına qarşı çıxıb

ABŞ konqresmeni İsrailə 2,8 milyard dollarlıq bomba satışına qarşı çıxıb
İsrailin zərbəsindən sonra evdən tüstü və alov yüksəlir. Xan Yunis, Qəzza, 9 sentyabr 2026-cı il.
Reuters

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin aparıcı demokrat üzvü Qreqori Miks Tramp administrasiyasının İsrailə 2,8 milyard dollar dəyərində ağır bombaların satışına qarşı çıxıb.

Miks qərarını mülki şəxslərin müdafiəsi, eləcə də ABŞ və beynəlxalq hüquqa əməl olunması ilə bağlı narahatlıqlarla əsaslandırıb.

Satış paketinə hər biri təxminən 900 kiloqram ağırlığında 40 min bomba daxildir. Miks bildirib ki, administrasiya bu silahların qanunlara uyğun və mülki əhalinin müdafiəsi təmin edilməklə istifadə olunacağına dair kifayət qədər təminat verməyib. O, xüsusilə bombaların Qəzza və Livanın sıx məskunlaşmış ərazilərində mümkün istifadəsindən narahatlığını ifadə edib.

Miksin etirazı satışın qarşısını avtomatik almır. Konqresin müvafiq komitələrinin rəhbərləri iri silah satışlarını ənənəvi olaraq qeyri-rəsmi prosedur çərçivəsində nəzərdən keçirirlər. Lakin fövqəladə vəziyyət əsas gətirilərsə, administrasiya bu prosedurdan yan keçərək satışı həyata keçirə bilər.

ABŞ-nin keçmiş Prezidenti Co Baydenin administrasiyası 2024-cü ilin mayında Qəzzanın sıx məskunlaşmış ərazilərində mülki itkilərlə bağlı narahatlıqlara görə İsrailə göndərilməsi nəzərdə tutulan bir silah partiyasını dayandırmışdı. Həmin partiyaya 1 800 ədəd 2 000 funtluq və 1 700 ədəd 500 funtluq bomba daxil idi.

Donald Tramp 2025-ci ilin yanvarında prezident vəzifəsinə qayıtdıqdan sonra 2 000 funtluq bombaların göndərilməsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

Teqlər