Kubanın elektrik şəbəkəsi yenidən çöküb, ölkə qaranlığa qərq olub

Kubanın elektrik şəbəkəsi yenidən çöküb, ölkə qaranlığa qərq olub
İşıqları yanan hotelin qarşısındakı qaranlıq küçə. Havana, Kuba, 16 sentyabr 2026-cı il.
Reuters

Kubanın elektrik şəbəkəsi 18 sentyabrda tamamilə çöküb. Nəticədə ölkə qaranlığa qərq olub, milyonlarla insan işıqsız qalıb. Bu, ABŞ-nin təzyiq kampaniyası nəticəsində Kubaya neft tədarükünün böyük ölçüdə qarşısının alındığı bir vaxtda baş verib.

Rəsmilərin məlumatına görə, elektrik şəbəkəsinin çökməsinə Kubanın mərkəzi hissəsində yüksək gərginlikli elektrik ötürücü xətlərində yaranan nasazlıq səbəb olub.

“Sistemin mərhələli bərpasına başlamaq üçün müvafiq prosedurlar artıq işə salınıb”, — Kubanın Milli Elektrik Birliyinin (UNE) rəsmisi Feliks Estrada bildirib.

Axşam saatlarında Havananın bir neçə məhəlləsində, əsasən xəstəxanaların ətrafında elektrik enerjisinin verilişi bərpa olunub. Lakin şəhərin böyük hissəsi buludlu və yağışlı hava şəraitində tamamilə qaranlıqda qalıb. Bu, yanvardan bəri ölkənin elektrik şəbəkəsində baş verən ən azı altıncı çökmədir.

Saatlarla, hətta günlərlə davam edən elektrik kəsintilərinə alışmış ölkədə budəfəki kəsinti də qeyri-adi qarşılanmayıb.

Paytaxt Havananın bir çox sakini ümumi kəsinti başlayanda artıq işıqsız idi.

“Dünən 24 saat işıqsız qaldım. İşığı bir saatlıq verdilər, sonra isə şəbəkə çökdü”, — 23 yaşlı Havana sakini Frenk Lorenzo bildirib. 

Elektrik kəsintisi zamanı telefon işığı ilə işıqlandırılan küçədə oturan insanlar. Havana, Kuba, 16 sentyabr 2026-cı il.
Reuters
Köhnəlmiş infrastruktur və yanacaq çatışmazlığı

Kubanın elektrik enerjisi istehsalı sistemi illərdir yanacaq çatışmazlığı və köhnəlmiş infrastruktur səbəbindən ciddi problemlərlə üzləşir. Yanvarda ABŞ-nin tətbiq etdiyi neft blokadası isə elektrik kəsintilərini xeyli ağırlaşdırıb və şəbəkənin daha tez-tez çökməsinə gətirib çıxarıb.

Elektrik şəbəkəsi iyulda üç dəfə çöküb. O vaxtdan ölkənin böyük hissəsində növbəli elektrik kəsintiləri 30 saatdan çox çəkib.

BMT-nin insan hüquqları üzrə ekspertləri ABŞ-nin neft blokadasını pisləyərək bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər. Ekspertlər yanacaq çatışmazlığı və elektrik kəsintilərinin getdikcə ağırlaşması fonunda Kubanın “səssiz Qəzzaya” çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər.

Teqlər