İraq qərbdəki məhdud hava məkanını mülki aviasiyaya açıb

İraq qərbdəki məhdud hava məkanını mülki aviasiyaya açıb
ABŞ və İran arasında atəşkəs fonunda təxminən iki aylıq fasilədən sonra uçuşların bərpa edildiyi Beynəlxalq Hava Limanından zəvvarlar çıxırlar. Nəcəf, İraq, 29 aprel 2026-cı il.
Reuters/Alaa Al Marjani

İraq 2016-cı ildən hərbi əməliyyatlar üçün tətbiq olunan məhdudiyyətləri aradan qaldıraraq ölkənin qərbindəki hava məkanını mülki aviasiyanın istifadəsinə verib. Bu barədə İraqın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ölkənin qərbində şimaldan cənuba uzanan və əvvəllər hərbi məqsədlər üçün ayrılmış bütün hava zonaları aeroportların idarə edilməsi və aeronaviqasiyaya cavabdeh quruma təhvil verilib.

Bu addım aviasiya qurumlarına yeni uçuş marşrutları müəyyənləşdirməyə, təyyarələrin hərəkətinə qoyulan məhdudiyyətləri azaltmağa və hava məkanından daha səmərəli istifadə etməyə imkan verəcək.

Həmin zonalar 2016–2017-ci illərdə İraqın qərbində İŞİD-ə qarşı hərbi əməliyyatlar üçün ayrılmışdı. O dövrdə ölkənin qərbindəki geniş səhra əraziləri hərbi əməliyyatlar üçün istifadə olunurdu.

İraqın Aeroportların İdarə Edilməsi və Aeronaviqasiya üzrə Baş Şirkətinin direktoru Ehab Saad Kərim bildirib ki, ölkənin aeronaviqasiya sənədlərində göstərilən hərbi hava zonaları artıq hərbi əməliyyatlar üçün istifadə edilmir.

Onun sözlərinə görə, qərar hava hərəkətinin səmərəliliyini artırmaq məqsədilə bir neçə il davam edən texniki və institusional işlərin nəticəsidir.

Kərim bildirib ki, yeni marşrutların açılması aviasiyadan əldə olunan gəlirləri artıra, mülki hava hərəkətini yaxşılaşdıra və ölkə iqtisadiyyatına töhfə verə bilər.

Nəqliyyat Nazirliyinin sözçüsü Hüseyn Əhməd “Reuters”ə bildirib ki, qalan texniki və tənzimləyici prosedurların oktyabrın 1-dək tamamlanacağı gözlənilir.

Nazirliyin məlumatına görə, hərbi hava zonalarına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqda qalan hərbçilərinin çıxarılması ilə bağlı prosedurların bir hissəsidir. İraq və ABŞ koalisiya qüvvələrinin ölkədən çıxarılması ilə bağlı razılaşmaları həyata keçirirlər.

Teqlər