AfD əyalət seçkilərində yenidən birinci olub, Merts nəticəni “fəlakət” adlandırıb

İfrat sağçı “Almaniya üçün Alternativ” Partiyası (AfD) Meklenburq-Ön Pomeraniya əyalətində keçirilən seçkilərdə birinci olub.

İlkin nəticələrə görə, AfD səslərin 38,2 faizini, sol-mərkəzçi “Sosial Demokrat Partiyası” (SPD) isə 35,5 faizini toplayıb.

Kansler Fridrix Mertsin rəhbərlik etdiyi “Xristian Demokrat İttifaqı” (CDU) 4,9 faiz səs alıb. Partiya əyalət parlamentinə seçilmək üçün tələb olunan 5 faizlik həddi keçə bilməyib.

“Bu, fəlakətdir”, — Merts seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra bildirib. O, istefa verməyəcəyini və islahatları davam etdirəcəyini deyib.

Bu, AfD-nin sentyabrda əyalət seçkilərində ikinci dəfə birinci olmasıdır. Partiya ölkə üzrə keçirilən son rəy sorğularında da öndədir. Lakin Almaniyanın digər əsas partiyaları AfD ilə əməkdaşlıqdan imtina edirlər.

“Sol Partiya”nın əsas namizədi Elif Eralp Berlin əyalət seçkiləri ilə bağlı televiziya müsahibəsinə gəlir. Berlin, Almaniya, 20 sentyabr 2026-cı il.
Reuters
 
Mertsin partiyası seçicilərin dəstəyini itirib

Merts ötən il Almaniya iqtisadiyyatını yenidən inkişaf yoluna qaytarmaq üçün islahatlar vədi ilə kansler seçilib. Lakin pensiya, vergi və səhiyyə sahələrində planlaşdırılan dəyişikliklər narazılığa səbəb olub.

Meklenburq-Ön Pomeraniya və Berlində seçiciləri narahat edən əsas məsələlər arasında enerji və mənzil xərcləri də daxil olmaqla yaşayışın bahalaşması yer alıb.

Merts sentyabrın 18-də əhali üçün yeni dəstək paketi təqdim edib. Paketə benzin və dizel yanacağına tətbiq olunan vergilərin azaldılması da daxildir.

Meklenburq-Ön Pomeraniyada səs verən bir neçə seçici yaşayış xərclərinin əsas problemlərdən biri olduğunu bildirib.

“Şverində bu maaşlarla artıq demək olar ki, heç nə almaq mümkün deyil”, — seçici Karlotta Hayk “Reuters” agentliyinə deyib.

Teqlər