Tramp administrasiyası BCM-yə qarşı geniş sanksiyalar hazırlayır

Tramp administrasiyası BCM-yə qarşı geniş sanksiyalar hazırlayır
İnsanlar Beynəlxalq Cinayət Məhkəməsinin binası qarşısında dayanırlar. Haaqa, Niderland, 22 sentyabr 2025-ci il.
Reuters

ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsini (BCM) bütövlükdə hədəf alan sanksiyalar hazırlayır. Sanksiyalar yaxın vaxtlarda açıqlana bilər.

Məsələ barədə məlumatlı olduğu bildirilən iki mənbə sanksiya planını açıqlayıb.

Tramp administrasiyası BCM-nin fəaliyyətinə qarşı çıxır. Vaşinqton məhkəmədən İsrail rəhbərləri barədə həbs qərarlarını ləğv etməyi və ABŞ hərbçilərinin Əfqanıstandakı fəaliyyəti ilə bağlı araşdırmaya son qoymağı tələb edib.

Vaşinqton BCM-yə təzyiqi artırır

ABŞ dövlət katibi Marko Rubio iyulda BCM-ni təcrid etməyə yönəlmiş kampaniya elan edib. O, digər ölkələri BCM üzvlüyündən çıxmağa çağırıb.

ABŞ indiyədək BCM-nin bir neçə hakimi və prokuroruna sanksiya tətbiq edib. Lakin bütövlükdə məhkəməyə hələ sanksiya tətbiq olunmayıb.

Yeni tədbirlərin nə vaxt açıqlanacağı məlum deyil. “The Wall Street Journal” yazıb ki, qərar BMT Baş Assambleyasının iclası keçirilən həftə ərzində təsdiqlənə bilər.

ABŞ Dövlət Departamenti məsələyə münasibət bildirmək barədə sorğuya dərhal cavab verməyib.

Sanksiyalar məhkəmənin fəaliyyətini poza bilər

ABŞ Maliyyə Nazirliyinin tətbiq edə biləcəyi sanksiyalar amerikalılara və ABŞ şirkətlərinə xüsusi icazə olmadan BCM-yə vəsait ayırmağı, mal tədarük etməyi və xidmət göstərməyi qadağan edə bilər. Bu icazələri Xarici Aktivlərə Nəzarət İdarəsi verir.

Banklar ABŞ maliyyə sisteminə çıxışlarını qorumaq üçün əlavə məhdudiyyətlər də tətbiq edə bilərlər. Bu isə məhkəmənin beynəlxalq təchizatçılar və digər qurumlarla əməliyyatlarına təsir göstərə bilər.

BCM rəsmiləri bildiriblər ki, sanksiyalar informasiya texnologiyaları və sığorta xidmətlərinin alınmasını, müstəntiqlərin işə götürülməsini və gündəlik maliyyə əməliyyatlarını çətinləşdirə bilər. Məhdudiyyətlər məhkəmədə çalışan onlarla amerikalıya edilən ödənişlərə də təsir göstərə bilər.

ABŞ BCM-yə üzv deyil

Tramp ilk prezidentlik dövründə də BCM-yə qarşı çıxıb. Onun 2024-cü ilin noyabrında yenidən prezident seçilməsindən sonra məhkəmə ilə bağlı məsələ təkrar gündəmə gəlib.

BCM həmin ay Qəzza münaqişəsi zamanı törədildiyi iddia olunan müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu barədə həbs qərarı çıxarıb.

Məhkəmə soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunan şəxsləri mühakimə etmək üçün 2002-ci ildə yaradılıb. BCM, əsasən, ölkələrin hakimiyyət orqanları bu cinayətləri araşdırmaq və ya təqsirləndirilən şəxsləri mühakimə etmək imkanına malik olmadıqda, yaxud bunu etmək istəmədikdə işə baxır.

ABŞ heç vaxt BCM-yə üzv olmayıb.

Teqlər