Qrenlandiya ABŞ ilə müdafiə sazişini alqışlayır, sakinlər isə narahatdır

Qrenlandiya ABŞ ilə müdafiə sazişini alqışlayır, sakinlər isə narahatdır
“Qrenlandiya satılmır” yazılmış plakat. Nuuk, Qrenlandiya, 22 sentyabr 2026-cı il.
Reuters

Qrenlandiya hökuməti və bəzi sakinlər ABŞ-nin Arktikadakı adada hərbi mövcudluğunu genişləndirməsinə imkan verən yeni müdafiə sazişini müsbət qarşılayıblar. Bununla belə, Vaşinqtonun niyyətləri ilə bağlı narahatlıqlar qalır.

Razılaşma Danimarka ilə ABŞ arasında 1951-ci ildə imzalanmış müdafiə sazişinə əsaslanır. Sənəd ABŞ-yə Narsarsuaq və Mestersviqdə əlavə hərbi ərazilərdən istifadə etmək imkanı verir. Eyni zamanda, Danimarka Krallığının Qrenlandiya üzərində suverenliyini və Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu bir daha təsdiqləyir.

ABŞ üçün əlavə hərbi ərazilər nəzərdə tutulur

Saziş ABŞ-yə mövcud Pituffik Kosmik Bazasını müasirləşdirmək və oradakı hərbi fəaliyyətini genişləndirmək, həmçinin Qrenlandiyanın cənubundakı Narsarsuaq və şərq sahilindəki Mestersviqdə əlavə hərbi ərazilərdən istifadə etmək imkanı verir.

Sənəddə yerləşdiriləcək hərbçilərin sayı və genişlənmənin vaxt qrafiki göstərilmir. Yeni obyektlərlə bağlı təfərrüatlar Qrenlandiya, Danimarka və ABŞ arasında razılaşdırılmalıdır. Beləliklə, Vaşinqton bu ərazilər üzərində məhdudiyyətsiz nəzarət hüququ əldə etmir.

Narsarsuaq İkinci Dünya müharibəsi zamanı ABŞ-nin hərbi bazası kimi istifadə olunub. Burada uzun uçuş-enmə zolağı və dərin sulara çıxış imkanı var. Mestersviq isə hazırda Danimarkanın “Sirius” adlı xizəkli it patrulunun istifadə etdiyi ucqar məntəqədir.

Donald Tramp Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenlə. Nyu-York, ABŞ, 22 sentyabr 2026-cı il.
Reuters

Razılaşma NATO üzvü olmayan ölkələrin Qrenlandiyada şəxsi heyətin olduğu və ya olmadığı hərbi obyektlər yaratmasını, eləcə də adada daimi hərbi qüvvələr yerləşdirməsini qadağan edir.

Sakinlər ABŞ-nin hərbi mövcudluğunun genişləndirilməsindən narahatdırlar

Danimarka parlamentində Qrenlandiyanı təmsil edən deputat Naaya Natanielsen sazişin imzalanmasından rahatlıq duyduğunu, lakin son illərdə yaşanan gərginliyin Vaşinqtona qarşı şübhələri artırdığını bildirib.

“Əvvəllər də Qrenlandiyada ABŞ-nin əhəmiyyətli hərbi mövcudluğu olub. Buna görə də bu, yeni hal deyil”, – Natanielsen jurnalistlərə bildirib.

“Lakin son illərdə yaşanan gərginlik fonunda Qrenlandiyada ABŞ-yə qarşı şübhələr daha da arta bilər”.

Bəzi sakinlər ABŞ-nin hərbi mövcudluğunun genişləndirilməsinin təhlükəsizliyi gücləndirə biləcəyini düşünürlər. Digərləri isə bunun yerli icmalara mümkün təsirindən narahatdırlar.

Narsarsuaqın yerləşdiyi Kuyallek bələdiyyəsinin meri Malene Val Rasmussen bildirib ki, ABŞ-nin hərbi fəaliyyətinin genişləndirilməsi zamanı Qrenlandiyanın ənənələrinə hörmət edilməli, ovçuluq və balıqçılıq qorunmalıdır.

“Sadəcə, sazişi imzaladığımızı və indi sizə yenidən etibar etdiyimizi deyə bilmərik. Bu tərəfdaşlıq çərçivəsində etimad həqiqətən də yenidən qurulmalıdır”, – o, “Reuters”ə bildirib.

Saziş aylarla davam edən gərginlikdən sonra imzalanıb

Razılaşma ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək niyyətini dəfələrlə açıqlamasından sonra yaranan və aylarla davam edən gərginliyin ardınca imzalanıb. Tramp bu istəyini milli təhlükəsizlik, adanın Arktikadakı strateji mövqeyi və mineral ehtiyatları ilə əsaslandırıb.

Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən imzalanma mərasimində Tramp ABŞ-nin münasib ərazilərdə hərbi mövcudluğunu genişləndirmək üçün dərhal hazırlıqlara başlayacağını bildirib. 

Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen. Nyu-York, ABŞ, 22 sentyabr 2026-cı il.
Reuters

Danimarkanın Baş naziri Mette Frederiksen sazişin ABŞ, Danimarka, Qrenlandiya, Avropa və NATO üçün faydalı olduğunu deyib. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə razılaşmanı “hər üç tərəfin qazandığı saziş” adlandırıb.

Sənəd Qrenlandiya ərazisinin ABŞ-yə verilməsini nəzərdə tutmur. Əksinə, Danimarka Krallığının suverenliyini və ərazi bütövlüyünü, eləcə də Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyır.

Razılaşmada Qrenlandiyanın gələcəkdə Danimarkadan müstəqillik qazanacağı təqdirdə, NATO üzvlüyünün saxlanılması şərti ilə sazişin davam etdirilməsi də nəzərdə tutulur. 

Saziş parlamentlər tərəfindən təsdiqlənməlidir

Razılaşmanın qüvvəyə minməsi üçün Danimarka və Qrenlandiya parlamentlərinin təsdiqi tələb olunur.

1951-ci il müdafiə sazişi ABŞ-yə Qrenlandiyada hərbi qüvvələr yerləşdirmək hüququ verirdi. Hazırda Vaşinqtonun adadakı hərbi mövcudluğu Pituffik Kosmik Bazasında cəmləşib.

Tramp əvvəllər Qrenlandiyanı ABŞ-nin təklif etdiyi “Golden Dome” (Qızıl günbəz) raketdən müdafiə sistemi ilə əlaqələndirib. Yeni sazişdə layihənin adı çəkilsə də, onun Qrenlandiyada həyata keçirilməsinə dair konkret plan göstərilmir.

NATO razılaşmanı alqışlayaraq onun Arktika və Şimali Atlantikada təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirib. 

Qrenlandiya üçün saziş Trampın adanı əldə etmək barədə əvvəlki bəyanatlarından qaynaqlanan gərginlikdən sonra yeni əməkdaşlıq çərçivəsi yaradır. Razılaşma Danimarka Krallığının suverenliyini və Qrenlandiya hakimiyyətinin iştirakını qorumaqla ABŞ-nin hərbi mövcudluğunun genişləndirilməsinə imkan verir.

Teqlər