Zelenski Şimali Koreyanın 8 mindən çox hərbçisinin Rusiyada olduğunu bildirib

Zelenski Şimali Koreyanın 8 mindən çox hərbçisinin Rusiyada olduğunu bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdə. Nyu-York, ABŞ, 22 sentyabr 2026-cı il.
Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 28-də Şimali Koreyanın 8 mindən çox hərbçisinin hazırda Rusiyada olduğunu bildirib. Onun sözlərinə görə, daha 10 min hərbçinin Rusiyaya göndərilməsinə hazırlıq görülür.

Zelenski son kəşfiyyat məlumatlarına istinadən deyib ki, Rusiyaya göndəriləcək hərbçilər təlim üçün seçilirlər.

Bu açıqlama Pxenyanla Moskva arasında hərbi əməkdaşlığın genişləndiyi bir vaxtda verilib.

Ukrayna və Cənubi Koreyanın hesablamalarına görə, Şimali Koreya 2024-cü ildən bəri Rusiyaya dəstək üçün təxminən 14–15 min hərbçi göndərib. Onların çoxu Ukrayna qüvvələrinin Kursk vilayətinə daxil olmasından sonra oradakı döyüşlərə cəlb olunub.

Şimali Koreya ilə Rusiyanın hərbi əlaqələri

Ukrayna və müstəqil təhlilçilər Şimali Koreyanı Rusiyaya milyonlarla artilleriya və minaatan mərmisi, ballistik raketlər və digər silah sistemləri verməkdə ittiham edirlər.

Zelenski avqustda bildirmişdi ki, gələcəkdə Rusiyaya dəstək üçün 50 minədək Şimali Koreya hərbçisi göndərilə bilər. O, Cənubi Koreyanı Ukraynaya, xüsusilə hava hücumundan müdafiə sahəsində yardımı artırmağa çağırmışdı.

Cənubi Koreya iyulda Ukraynaya 100 milyon dollarlıq yardım paketi elan edib. Paketə döyüş təyinatlı silahlar daxil edilməyib.

Əsir götürülmüş iki Şimali Koreya hərbçisinin Cənubi Koreyaya təhvil verilməsi barədə məlumatın açıqlanması isə Kiyevlə Seul arasında fikir ayrılığına səbəb olub. Ötən həftə Zelenski həmin hərbçilərin Cənubi Koreyaya təhvil verildiyini bildirib.

Seul məlumatın ictimailəşdirilməsindən təəssüfləndiyini və təhvilvermənin məxfi saxlanılması barədə razılaşmanın olduğunu bəyan edib. Ukrayna Prezidentinin Ofisi isə belə bir razılaşmanın olmadığını bildirib. Cənubi Koreya bu açıqlamaya da etiraz edib.

Teqlər