Rusiya NATO-ya Kalininqradla bağlı nüvə xəbərdarlığı edib

Rusiya NATO-ya Kalininqradla bağlı nüvə xəbərdarlığı edib
Rusiya Prezidenti Vladimir Putin Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıxla görüş zamanı. Moskva, Rusiya, 24 mart 2026-cı il.
Reuters

“Reuters” agentliyinin tanış olduğu diplomatik sənədə əsasən, Rusiya NATO-ya xəbərdarlıq edib. Sənəddə Qərb alyansının Baltik dənizi sahilində yerləşən Kalininqrad eksklavını təcrid etməyə cəhd göstərəcəyi təqdirdə, Moskvanın nüvə silahından istifadə etməyə hazır olacağı bildirilir.

NATO-ya göndərilən sənəddə Moskva alyansı birbaşa silahlı münaqişə riskini artıran “təhlükəli və məsuliyyətsiz kurs” yürütməkdə ittiham edib.

Rusiya bildirib ki, münaqişə başlayacağı təqdirdə, NATO-ya üzv olan ölkələrdəki qərarvermə mərkəzlərinə zərbələr endirilə bilər. Moskva həmçinin NATO ölkələrinin Kalininqradı Rusiyanın qalan hissəsindən təcrid etməyə cəhd göstərəcəyi halda bölgəni müdafiə etmək üçün nüvə silahları da daxil olmaqla bütün hərbi imkanlarından istifadə edəcəyini bildirib.

Kalininqrad Polşa və Litva arasında yerləşən, güclü şəkildə hərbiləşdirilmiş Rusiya eksklavıdır.  Onun Baltik dənizindəki coğrafi mövqeyi bu bölgəni Moskva ilə NATO arasında təhlükəsizlik narahatlıqlarının əsas mərkəzlərindən birinə çevirib.

NATO Rusiyanın nüvə xəbərdarlığını rədd edib

NATO-nun Baş katibi Mark Rutte Moskvanın xəbərdarlığını rədd edərək alyansın müdafiə xarakterli olduğunu bildirib və Rusiyanın nüvə təhdidlərini “tamamilə yersiz və faydasız” adlandırıb.

NATO Rusiyanın göndərdiyi sənədə cavabında bildirib ki, alyansın heç bir təlimi və ya fəaliyyəti Rusiya ərazisinə təhlükə yaratmır. Alyans həmçinin Moskvanı Ukraynaya qarşı genişmiqyaslı müharibəni dayandırmağa və NATO üzvlərinə qarşı məsuliyyətsiz davranışlara son qoymağa çağırıb.

Ruttedən Rusiyanın Baltikyanı ölkələrə qarşı nüvə silahından istifadə etməsi ilə bağlı real risk olub-olmadığı soruşulub.

“Xeyr, belə risk yoxdur”, — o, Brüsseldə keçirilən müdafiə konfransında deyib. Rutte əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın NATO-nu məğlub edə bilməyəcəyini bilir.

Yanlış hesablamalar riski

Vyanada fəaliyyət göstərən nüvə məsələləri üzrə analitik və Rusiyanın keçmiş diplomatı Nikolay Sokov bildirib ki, bu xəbərdarlıq Moskvanın Qərbin hərbi fəaliyyəti və Ukraynaya dəstəyi ilə bağlı artan narahatlığını əks etdirir.

Onun sözlərinə görə, Qərb hökumətləri Baltik dənizinə çıxışı məhdudlaşdırmağa yönələn addımları silahlı münaqişə həddinə çatmayan tədbirlər hesab etsələr belə, Rusiya bunu müharibə aktı kimi qiymətləndirə bilər.

Sokov “qarşılıqlı yanlış hesablama” riskinin olduğunu deyib və hər iki tərəfi ehtiyatlı davranmağa çağırıb.

Açıqlamalar Rusiya ilə Avropa ölkələri arasında Ukraynadakı müharibə səbəbindən münasibətlərin ciddi şəkildə gərgin qaldığı, Moskva və NATO-nun isə gərginliyi artırmaqda bir-birini ittiham etdiyi bir vaxta təsadüf edir.

NATO diplomatlarından biri Rusiyanın sənədini Avropa ölkələrini qorxutmaq cəhdi kimi qiymətləndirib, Avropanın yüksəkvəzifəli müdafiə rəsmisi isə xəbərdarlığı ciddi qiymətləndirib.

Teqlər