Avstraliyalı Rik Lindsi 1929-cu il “Pontiac”ı ilə Parkinson tədqiqatlarına vəsait toplayır

Avstraliyalı Rik Lindsi 1929-cu il “Pontiac”ı ilə Parkinson tədqiqatlarına vəsait toplayır
Anewz

Təqaüddə olan avstraliyalı inşaatçı Rik Lindsi 1929-cu il istehsalı “Pontiac Roadster” avtomobili ilə Banqkokdan İstanbula səyahəti zamanı Bakıya çatıb. O, bu səyahətlə Parkinson xəstəliyi üzrə tədqiqatlara vəsait toplamağı qarşısına məqsəd qoyub.

Lindsi “Pontiac”ı Avstraliyada bir ağacın altında atılmış vəziyyətdə tapdıqdan sonra bərpa edib. O, avtomobili sahibindən alıb və inşaatçı kimi işlərinin azaldığı COVID-19 pandemiyası dövründə onu təmir edib.

“Əslində, onu bir ağacın altında tapdım. Avtomobili sahibindən aldım və COVID dövründə bir qədər təmir etdim”, – Lindsi bildirib.

Lindsi Asiya boyunca minlərlə kilometr yol qət edərək Azərbaycana çatıb. O, Bakıdan Gürcüstana, oradan isə İstanbula yollanmağı planlaşdırır.

Parkinson xəstəliyi üzrə tədqiqatlara vəsait toplayır

Bu səfərin məqsədi yalnız 1929-cu il istehsalı avtomobillə qitələrarası səyahət etmək deyil. Lindsi eyni zamanda bu tədqiqatlara vəsait toplayır.

O bildirib ki, səyahətləri zamanı xəstəlik haqqında daha çox məlumat əldə edib və tədqiqatlara dəstək vermək əzmi daha da güclənib. 

“Bu tədqiqat üçün vəsait toplayırıq və tədqiqatçılar məqsədə çox yaxındırlar. Sözün əsl mənasında, buna cəmi bir neçə ay qalıb. Buna görə alim və tədqiqatçılara bu mərhələyə çatmaqda kömək etmək üçün mümkün qədər çox vəsait toplamağa çalışıram”, – Lindsi deyib. 

Təxminən 100 yaşlı avtomobillə uzun yol

Təxminən 100 yaşlı “Pontiac”la belə uzun məsafə qət etmək bir sıra texniki çətinliklər yaradır.

Avtomobilin taxta təkərləri, köhnəlmiş yanacaq sistemi və digər texniki problemləri var. Lindsi mexanik olmadığını, lakin yolda qarşılaşdığı problemləri həll etmək üçün özü ilə kifayət qədər alət götürdüyünü bildirib.

“Bu avtomobilin təxminən 100 yaşı var. Təsəvvür etdiyiniz kimi, taxta təkərlərlə və yanacaq sistemi ilə bağlı müəyyən problemlər var”, – o bildirib. 

Lindsi indi “Pontiac”la Azərbaycanın dağlıq ərazilərinə yollanmağı, daha sonra Gürcüstandan keçərək səyahətin son dayanacağı olan İstanbula çatmağı planlaşdırır.

Daha ətraflı:

Teqlər