Birləşmiş Krallıqda iki iranlı terror aktı hazırlamaqda ittiham olunur

Birləşmiş Krallıqda iki iranlı terror aktı hazırlamaqda ittiham olunur
“Metrolink” tramvayı şəhər mərkəzindən keçir. Mançester, Birləşmiş Krallıq, 25 avqust 2026-cı il.
Reuters

Polisin oktyabrın 2-də verdiyi məlumata görə, iki İran vətəndaşı İngiltərənin şimalında yəhudi icmasını hədəf alan terror hücumu hazırlamaqda ittiham olunub.

35 yaşlı Rəhman Salehi və 36 yaşlı Salam Əhmədyan yəhudi təqvimində ən müqəddəs gün sayılan Yom Kipur ərəfəsində Mançesterdə terror aktı törətməyə hazırlaşmaqda və ya başqa şəxsin belə bir əməl törətməsinə kömək etməkdə ittiham olunurlar.

Terrorla Mübarizə Polisi bildirib ki, həmin şəxslər əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün lazım olan hissə və avadanlıqları əldə etməyə, həmçinin mümkün hədəflər barədə əvvəlcədən məlumat toplamağa cəhd göstəriblər.

Polisin məlumatına görə, onların İranda olduğu ehtimal edilən üçüncü şəxslə əlaqə saxladıqları da iddia olunur.

Hər iki şəxs Vestminster Magistratlar Məhkəməsinə çıxarılacaq.

Polis bu hücum planını RAF Feyrford işindən ayrı araşdırır

Daxili işlər naziri Şabana Mahmud bildirib ki, Birləşmiş Krallıq İranla bağlı bir sıra ciddi təhdidlərlə üzləşir. Onun sözlərinə görə, bunlara yəhudi icmalarının və xaricdə yaşayan İran hakimiyyəti tənqidçilərinin hədəfə alınması cəhdləri də daxildir. İran bu ittihamları rədd edib.

Bu ittihamlar Britaniyadakı ABŞ ilə əlaqəli RAF Feyrford hərbi bazasına qarşı ehtimal edilən hücum planı ilə bağlı narahatlığın artdığı bir vaxtda irəli sürülüb. Britaniya və İran vətəndaşlığı olan bir şəxs həmin araşdırma çərçivəsində saxlanılıb.

Terrorla Mübarizə Polisi iki iş arasında əlaqə olmadığını bildirib.

Birləşmiş Krallığın Baş naziri Endi Börnhem RAF Feyrford işi ilə bağlı İranın iştirakına dair ciddi əlamətlərin olduğunu bildirib. Tehran isə bu işdə iştirakını rədd edib.

Mançesterdəki ittihamlar şəhərin "Heaton Park Hebrew Congregation" sinaqoqunda Yom Kipur zamanı baş vermiş və ölümlə nəticələnmiş hücumdan təxminən bir il sonra açıqlanıb. Birləşmiş Krallıq rəsmiləri 2 oktyabr 2025-ci ildə baş vermiş həmin hücumu terror aktı kimi qiymətləndiriblər.

Polis bildirib ki, son ittihamlar Mançesterdəki yəhudi icmasında narahatlıq yaradıb. Keçənilki hücumun ildönümü bu il yəhudilərin müqəddəs günləri dövrünə təsadüf edir.

Teqlər