Tennesidə uğursuz edam cəhdindən sonra Krista Payk huşsuz vəziyyətdədir

Tennesidə uğursuz edam cəhdindən sonra Krista Payk huşsuz vəziyyətdədir
Krista Payk dairə Cinayət Məhkəməsinə daxil olur. ABŞ, Tennesi, 4 dekabr 2007-ci il.
Reuters

ABŞ-nin Tennesi ştatında qətlə görə məhkum edilən Krista Paykın edam cəhdi uğursuz olub. Məhkuma ölümcül iynə vurulduqdan sonra vəziyyəti kəskin pisləşib. O, hazırda xəstəxanada huşsuz haldadır. 

Krista Payk 1995-ci ildə Tennesi Universitetinin Noksvill kampusundakı peşə məktəbində onunla birlikdə təhsil alan 19 yaşlı Kollin Slemmerə işgəncə verilməsi və öldürülməsində iştirakına görə birinci dərəcəli qətldə təqsirli bilinib.

Cinayət törədilərkən Paykın 18 yaşı olub. O, son 30 ili ölüm hökmünün icrasını gözləyərək keçirib.

Edam baş tutsaydı, Payk Tennesi ştatında 200 ildən çox fasilədən sonra edam edilən ilk qadın kimi tarixə düşəcəkdi.

O, həmçinin ştatda ölüm hökmünün yenidən tətbiqindən sonra yeniyetmə yaşında törətdiyi cinayətə görə edam edilən yeganə şəxs olacaqdı.

Qətlin təfərrüatları və Paykın cinayət zamanı 18 yaşında olması bu işin uzun illər ABŞ-də diqqət mərkəzində olmasına səbəb olub.

Ciddi fəsadlar

Məhkəmə sənədinə görə, Payk ağır vəziyyətdədir. O, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. Həkimlər pentobarbitalın onun orqanizmindən xaric olmasını gözləyirlər.

Vəkillərinin bildirdiyinə görə, damar yolu açmaq üçün dəfələrlə edilən cəhdlər uğursuz olub və nəticədə Paykın hər iki qolunda ciddi xəsarətlər yaranıb.

Onların iddiasına görə, yüksək qələvili və toxumalara zərər verə bilən pentobarbital damara yeridilmək əvəzinə ətraf toxumalara sızıb. Məhkəmə sənədində bunun hər iki qolda ciddi şişkinliyə, yanıqlara və qabarcıqlara səbəb olduğu bildirilir.

Vəkillər bildiriblər ki, həbsxana rəsmilərinə Paykın səhhətindəki problemlər səbəbindən damar yolu açmağın çətin ola biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edilib. Onların sözlərinə görə, Paykın damarları dardır və o, qan dövranına və laxtalanmaya təsir göstərə bilən trombositozdan əziyyət çəkir.

Edam proseduru ilə bağlı suallar

Paykın vəkilləri məhkəməyə müraciətdə bildiriblər ki, edam qrupunun üzvləri damar yollarını düzgün müəyyən edə bilməyiblər.

Vəkillərin sözlərinə görə, şahidlər prosedur zamanı Paykın ağladığını, inildədiyini və ağır nəfəs aldığını eşidiblər. Bu da edam cəhdinin müəyyən edilmiş qaydalara uyğun aparılıb-aparılmadığı ilə bağlı suallar yaradıb.

Son hadisə Tennesi ştatında ölüm hökmü və ölümcül inyeksiya üsulunun etibarlılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. ABŞ-də bu üsulla bağlı son illərdə bir sıra hüquqi mübahisələr yaranıb.

Əfv müraciəti rədd edilib

Bu həftənin əvvəlində Tennessi qubernatoru Bill Li Paykın ölüm hökmünün şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbslə əvəzlənməsi barədə əfv müraciətini rədd edib.

Vəkilləri bildiriblər ki, Payk uşaqlıq illərində ciddi laqeydliklə üzləşib, dəfələrlə cinsi zorakılığa məruz qalıb və psixi sağlamlıq problemləri ilə bağlı müalicə almayıb.

Əfv müraciətində Paykın anasının hamiləlik dövründə çoxlu spirtli içki qəbul etdiyinə dair məlumatlara da istinad olunub. Vəkillərin fikrincə, bu, Paykın beyninin inkişafına və impulslarını idarə etmək qabiliyyətinə təsir göstərə bilərdi.

Əfv tərəfdarları bildiriblər ki, ilkin hökm çıxarılarkən bu amillər tam nəzərə alınmayıb.

Yeni hüquqi addımlar gözlənilir

Paykın vəkilləri məhkəməyə təqdim etdikləri sənəddə prosedurla bağlı tibbi sənədlərin, edam zamanı istifadə edilən avadanlığın və digər sübutların qorunmasını istəyiblər.

Onlar uğursuz edam cəhdinin ABŞ Konstitusiyasında nəzərdə tutulan qəddar və qeyri-adi cəzaya məruz qalmamaq hüququnu poza biləcəyini bildiriblər. Vəkillər əlavə hüquqi addımların atıla biləcəyinə də işarə ediblər.

Ştat rəsmilərinin müstəqil araşdırması və məhkəmələrin hadisənin təfərrüatlarını araşdırması fonunda Tennesi ştatının yaxın tarixində ən ciddi uğursuz edam cəhdlərindən biri olan bu hadisənin diqqət mərkəzində qalacağı gözlənilir.

Teqlər