Braziliya Prezidenti Lula ikinci turda mübarizəni davam etdirəcək

Sağçı senator Flavio Bolsonaro səsvermədə gözləntiləri üstələyərək hazırkı prezident Luiz İnasio Lula da Silvanı cüzi fərqlə qabaqlayıb və ikinci tura vəsiqə qazanıb. Solçu Lula da Silva ilə sağçı Bolsonaro bu ayın sonlarında keçiriləcək həlledici səsvermədə üz-üzə gələcək.

Bolsonaro seçicilərin 47, Lula da Silva isə 45 faizinin səsini toplayıb. Sağçı namizədin bu gözlənilməz uğuru onun seçki kampaniyasına ciddi təkan verib. Bolsonaronun biznesə meylli siyasətçi olması Braziliyanın maliyyə bazarlarında və milli valyutanın məzənnəsində nikbinlik yaradıb.

Səslərin böyük hissəsi sayıldıqdan sonra Bolsonaro paytaxt Braziliada jurnalistlərə açıqlama verib. O, nəticələrdən çox məmnun olduğunu bildirib: “Braziliya dəyişiklik istəyir. Bu, Lula da Silvanın Fəhlə Partiyası erasının sonudur”.
Flavio Bolsonaro sabiq sağçı prezident Jair Bolsonaronun oğludur. Xatırladaq ki, Jair Bolsonaro 2022-ci il seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhddə təqsirləndirilərək 27 il həbs cəzasına məhkum edilib. İndi isə gənc Bolsonaro oktyabrın 25-də solçu Lula da Silva ilə həlledici mübarizəyə çıxacaq.

Reuters
Seçki prosesinə xarici müdaxilə 

Gərgin seçki rəqabəti fonunda Braziliya hakimiyyəti prosesə xarici müdaxilə iddiaları ilə bağlı genişmiqyaslı istintaq başladıb.

Federal Polisin baş direktoru Andrey Rodriqes Baş Prokurorluğun tələbi ilə araşdırmalara başlanıldığını təsdiqləyib. İstintaq xarici maliyyələşmə iddialarına əsaslanır. Həmin vəsaitlərin Braziliyada siyasi proseslərə təsir etmək və əsas dövlət institutlarını hədəf almaq üçün istifadə edildiyi ehtimal olunur.

Prokurorluğun bu araşdırmasına Britaniyanın “The Guardian” qəzetində dərc olunan iddialar səbəb olub. Braziliya rəsmilərinin məlumatına görə, ABŞ ilə əlaqəli fondlar ölkədə fəaliyyət göstərən təşkilat və şəbəkələrə vəsait yönəldib. Hazırda prokurorlar bu vəsaitlərin ölkənin siyasi mühitinə təsir edib-etmədiyini və ya dövlət institutlarına etimadı sarsıtmaq üçün istifadə olunub-olunmadığını aydınlaşdırır.

Rodriqes işin Federal Polisin kəşfiyyat bölməsinə verildiyini qeyd edib. Hakimiyyət isə 2026-cı il seçki prosesinin şəffaflığını və təhlükəsizliyini qorumaq üçün tədbirləri davam etdirir.

İnsanlar seçkilərdə səsvermə başa çatdıqdan sonra nəticələri gözləyirlər. Rio-de-Janeyro, Braziliya, 4 oktyabr 2026-cı il.
Reuters
Diqqət mərkəzində olan seçkilər

Bu qalmaqallı istintaq səsvermə günü ilə paralel davam edib. Braziliyalılar prezidentlə yanaşı, qubernatorları, senatorları və Konqres üzvlərini də seçiblər.
Dördüncü dəfə Prezident seçilməyə çalışan hazırkı ölkə rəhbəri Luiz İnasio Lula da Silva San-Paulu ştatında səs verib. O, məntəqə çıxışında həm seçici fəallığından, həm də kampaniyasının uğurundan əminliyini ifadə edib. Flavio Bolsonaro isə səsvermə başlayandan dərhal sonra Rio-de-Janeyroda səs verib. Qələbəyə inandığını deyən sağçı siyasətçi, Braziliya ailələrində nikbinliyi bərpa etmək istədiyini vurğulayıb.

Səsvermə ümumilikdə sakit keçib

Bütün ölkə boyu səhər saatlarında açılan seçki məntəqələri gün ərzində fəaliyyət göstərib. Rəsmilər səsvermənin əsasən sakit və nizamlı keçdiyini bildiriblər.

Qadın Braziliyada keçirilən ümumi seçkilərdə səs vermək üçün seçki məntəqəsində uşağı ilə növbə gözləyir. Rio-de-Janeyro, Braziliya, 4 oktyabr 2026-cı il.
Reuters

Buna baxmayaraq, Federal Polis onlarla şəxsin saxlanıldığını açıqlayıb. Onlar səslərin satın alınması və təşviqat qaydalarının pozulması kimi seçki qanun pozuntularında şübhəli bilinirlər.

Seçki rəsmiləri bir sıra məntəqələrdə elektron səsvermə aparatlarında nasazlıqların yarandığını da təsdiqləyib. Prosesin ləngiməməsi üçün xarab olan cihazlar dərhal ehtiyat avadanlıqlarla əvəz edilib.
Amerika Dövlətləri Təşkilatının seçki müşahidə missiyası isə səsvermənin lazımi təhlükəsizlik şəraitində keçdiyini bəyan edib.

Teqlər