ABŞ-də Çinə casusluq etməkdə və Tayvan prezidentinin oğlunu izləməkdə ittiham olunan qadın saxlanılıb

ABŞ-də Çinə casusluq etməkdə və Tayvan prezidentinin oğlunu izləməkdə ittiham olunan qadın saxlanılıb
Çin Xalq Respublikasının sədri Si Cinpinin rəsmi qarşılanma mərasimindən əvvəl Ağ Evin ətrafında ABŞ və Çin bayraqları. Vaşinqton, ABŞ, 24 sentyabr 2026-cı il.
Reuters

ABŞ hakimiyyəti Çin hökumətinin adından qeydiyyatdan keçmədən xarici agent kimi fəaliyyət göstərməkdə və Tayvan Prezidentinin oğlunu izləməkdə ittiham olunan Kaliforniya sakini olan qadını saxlayıb. 

Bu barədə Federal Təhqiqat Bürosu (FTB) məlumat yayıb.

Hizer adı ilə də tanınan Vanyin Çjan oktyabrın 4-də Çinə yola düşməzdən əvvəl Los-Anceles Beynəlxalq Hava Limanında saxlanılıb. İrvayn şəhərində yaşayan 34 yaşlı qadına qeydiyyatdan keçmədən xarici agent kimi fəaliyyət göstərmək ittihamı irəli sürülüb.

FTB-nin məlumatına görə,  2025-ci ildə Çin rəsmilərinin göstərişi ilə Sietlə gedərək Tayvan Prezidentinin oğlu və ailəsi haqqında məlumat toplayıb. Prokurorlar bildirirlər ki, o, Çin rəsmilərinə foto və videolar, həmçinin avtomobillərin dövlət qeydiyyat nişanları barədə məlumat göndərib.

Çjan fəaliyyətinin aşkarlanmaması üçün müəyyən üsullardan istifadə edib və xarici hökumət adından fəaliyyət göstərdiyi barədə ABŞ hakimiyyətinə məlumat verməyib.

Qurum əvvəlcə izlənildiyi iddia olunan şəxsin kimliyini açıqlamayıb. “New York Post” həmin şəxsin Tayvan Prezidenti Lay Çinq-tenin ABŞ-də yaşayan oğlu Lay Tinq-yu olduğunu bildirib.

Çjanın Los-Ancelesdə federal məhkəmə qarşısına çıxacağı gözlənilir. Onun vəkilinin olub-olmadığı hələlik məlum deyil. Çinin Vaşinqtondakı səfirliyi və Tayvanın ABŞ-dəki nümayəndəliyi  sorğulara cavab verməyib.

Tayvan Prezident Administrasiyası Çjanın hərəkətlərini transmilli repressiyanın tipik nümunəsi kimi qiymətləndirib və Tayvan vətəndaşlarının təhlükəsizliyinin qorunmasına görə ABŞ hökumətinə təşəkkür edib.

“Ölkəmiz insan hüquqlarına və dövlətlərin suverenliyinə məhəl qoymayan bu cür barbar davranışı ən sərt şəkildə pisləyir”, – Prezident Administrasiyasının sözçüsü Karen Kuo bildirib.

Tayvan-Çin münasibətlərində gərginlik

Hadisə Tayvanla Çin arasında gərginliyin davam etdiyi bir vaxta təsadüf edir. Prezident Lay və onun Demokratik Tərəqqi Partiyası Tayvanın Çindən ayrı kimliyini vurğulayır. Pekin isə bu mövqeyə qarşı çıxır və Tayvanı öz ərazisinin bir hissəsi hesab edir.

ABŞ-nin Tayvanla rəsmi diplomatik münasibətləri yoxdur. Bununla belə, Vaşinqton Tayvanın əsas beynəlxalq dəstəkçisi və silah təchizatçısıdır.

FTB iddia olunan izləmənin daha geniş kəşfiyyat əməliyyatı ilə əlaqəsinin olub-olmadığını açıqlamayıb. Araşdırma davam edir.

Teqlər