Keçmiş şahzadə Endryu Epşteyn işi ilə bağlı saxlanılmasına görə məhkəməyə müraciət edib

Keçmiş şahzadə Endryu Epşteyn işi ilə bağlı saxlanılmasına görə məhkəməyə müraciət edib
Endryu Mauntbatten-Vindzor dövlət vəzifəsində qanunsuz davranış şübhəsi ilə saxlanıldığı gün. Eylşem, Birləşmiş Krallıq, 19 fevral 2026-cı il.
Reuters

Birləşmiş Krallığın kralı III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzor mərhum cinsi cinayətkar Cefri Epşteynə hökumət sənədləri ötürdüyü iddiası ilə bağlı saxlanılmasının qanuniliyinə etiraz edərək Temza Vadisi Polisinə qarşı məhkəməyə müraciət edib.

Mauntbatten-Vindzor fevralda vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıb. Onun 2001–2011-ci illərdə Birləşmiş Krallığın ticarət üzrə xüsusi nümayəndəsi olduğu dövrdə hökumət sənədlərini Epşteynə ötürdüyü iddia edilir.

“The Telegraph”ın məlumatına görə, Mauntbatten-Vindzor polis tərəfindən saxlanılmasının qanuni olub-olmadığının müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edib. O, Sandrinqem malikanəsindəki evində və Vindzordakı keçmiş iqamətgahı “Royal Lodge”da axtarış aparılmasına icazə verən orderlərin qanuniliyinə məhkəmə qaydasında yenidən baxılmasını istəyib.

Keçmiş şahzadə saxlanıldıqdan sonra Temza Vadisi Polisinin müstəntiqləri tərəfindən bir neçə saat dindirilib. Polis həmin vaxt onun ticarət üzrə xüsusi nümayəndə işlədiyi dövrdə Epşteynə sənədlər ötürməsi ilə bağlı iddiaları araşdırdığını bildirmişdi.

Mauntbatten-Vindzor hər hansı qanunsuz əmələ yol verdiyini inkar edib və Epşteynlə dostluq etdiyinə görə təəssüfləndiyini bildirib.

ABŞ maliyyəçisi Cefri Epşteyn Nyu-York ştatının Cinayət Ədliyyəsi Xidmətləri Departamentinin cinsi cinayətkarlar reyestri üçün çəkilmiş fotoda. 28 mart 2017-ci il.
Reuters
Hüquqi mübahisə

Məhkəmə polisin Mauntbatten-Vindzoru saxlayarkən və evlərində axtarış aparmaq üçün order alarkən qanuna uyğun davranıb-davranmadığını araşdıracaq.

“Reuters” “The Telegraph”ın məlumatını müstəqil şəkildə təsdiqləyə bilməyib. Temza Vadisi Polisi və Bukingem Sarayı şərh sorğularına cavab verməyib.

Araşdırma ABŞ Ədliyyə Nazirliyinin Epşteynlə bağlı sənədləri açıqlamasından sonra başlayıb. Sənədlərin yayılması Epşteynin siyasətçilər, iş adamları və digər nüfuzlu şəxslərlə əlaqələrini yenidən diqqət mərkəzinə gətirib.

Mauntbatten-Vindzor Epşteynlə münasibətlərinə görə artan təzyiq fonunda 2019-cu ildə kral ailəsinin üzvü kimi rəsmi vəzifələrinin icrasını dayandırıb. Sonradan Kral III Çarlz onu şahzadə titulundan və York hersoqu titulundan məhrum edib.

Hökumət sənədlərinin Epşteynə ötürüldüyü barədə iddialarla bağlı polis araşdırması davam edir.

Teqlər