Rusiya: Sibirdə laboratoriya əməkdaşının ölümündən sonra taun aşkarlanmayıb

Rusiya: Sibirdə laboratoriya əməkdaşının ölümündən sonra taun aşkarlanmayıb
Yoluxucu Xəstəliklər üzrə Tibbi Yardım və Xilasetmə Mərkəzi. İrkutsk vilayəti, Şelexov şəhəri, Rusiya, 5 oktyabr 2026-cı il.
Reuters

Rusiya rəsmiləri bildiriblər ki, Sibirdə vəfat edən laboratoriya əməkdaşı ilə təmasda olmuş şəxslər arasında taun aşkarlanmayıb. Yoluxucu xəstəliklərlə bağlı aparılan testlərin əksəriyyəti mənfi nəticə verib, karantində saxlanılanların çoxu isə artıq evə buraxılıb.

Tramp oktyabrın 5-də Ağ Evdən ayrılarkən jurnalistlərə hadisənin Rusiya üçün “böyük problem” olduğunu deyib və “kömək edəcəyik” ifadəsini işlədib.

Hadisə İrkutsk Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunun 28 yaşlı əməkdaşı ilə bağlıdır. Yerli media onun adını Darya Şipilova kimi açıqlayıb. O, hələlik aydın olmayan şəraitdə xəstələnib və daha sonra Şelexov şəhərindəki xəstəxanada ölüb.

Rəsmilər ölümün səbəbini mənşəyi məlum olmayan ağciyər iltihabı kimi göstəriblər. Onların sözlərinə görə, araşdırma zamanı xəstəliklə əməkdaşın institutdakı işi arasında əlaqə aşkarlanmayıb.

Laboratoriya qəzası iddiası rədd edilir

Hadisədən sonra Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin — “Rospotrebnadzor”un rəhbəri Anna Popova təcili görüşlər üçün İrkutsk vilayətinə gedib.

Şipilova ilə təmasda olan şəxslər tibbi müşahidəyə götürülüb. Onun öldüyü xəstəxananın bəzi hissələrinə giriş məhdudlaşdırılıb, ətraf ərazilərdə ehtiyat tədbirləri görülüb.

Rusiya və beynəlxalq media təxminən 200 nəfərin müşahidə altında olduğunu yazıb. Rəsmilər bu rəqəmi açıq şəkildə təsdiqləməyiblər.

Sosial şəbəkələrdə əməkdaşın taun bakteriyası olan sınaq borusunu təsadüfən sındırdığı barədə iddialar yayılıb. “Rospotrebnadzor” bu məlumatları rədd edib və institutda aparılan yoxlamalarda təhlükəli xəstəlik törədiciləri ilə bağlı qəza əlaməti aşkarlanmadığını bildirib.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev sakinləri sakitliyə çağırıb. O bildirib ki, son günlər institutun başqa əməkdaşları tibbi yardım üçün müraciət etməyib. Şipilova ilə təmasda olduğu məlum olan bütün şəxslər müəyyənləşdirilib, müayinədən keçirilib və tibbi nəzarətə götürülüb.

ÜST əhali üçün riski aşağı qiymətləndirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud məlumatlara əsasən, əhali üçün sağlamlıq riskinin aşağı göründüyünü bildirib. Təşkilat əlavə məlumat əldə olunduqca riski yenidən qiymətləndirəcək.

İnstitutda taun və digər təhlükəli yoluxucu xəstəliklərin araşdırılması hadisəyə beynəlxalq diqqəti artırıb. Sibirin bəzi ərazilərində taun bakteriyası vəhşi gəmiricilər və birələr arasında dövr edir. Rusiyada insanların bu xəstəliyə yoluxması nadir hallarda qeydə alınır.

Taunun ağciyər forması tənəffüs damcıları ilə yayıla bildiyi üçün xüsusilə təhlükəli sayılır. Müalicə olunmadıqda ölüm riski yüksəkdir. Lakin erkən mərhələdə antibiotiklərlə müalicə təsirli olur.

ABŞ və Avropa İttifaqı vəziyyəti izləyir

ABŞ-nin Dövlət katibi Marko Rubio Vaşinqtonun hadisəni izlədiyini, lakin təşviş üçün əsas görmədiyini bildirib.

Avropa Komissiyası da Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin mütəxəssisləri ilə əlaqə saxladığını açıqlayıb. Komissiya Rusiya rəsmilərini məlumatları vaxtında və şəffaf şəkildə təqdim etməyə çağırıb. Aİ ölkələrinin taunla bağlı mümkün fövqəladə vəziyyət üçün antibiotik ehtiyatlarının olduğu da bildirilib.

Nə ABŞ, nə də Avropa İttifaqı cavab tədbirləri elan edib.

Şipilovanın xəstəliyinin dəqiq səbəbi hələ açıqlanmayıb. 

Teqlər