Silahsızlaşdırılmış zonada mina partlayışı: Seul Pxenyandan üzr tələb edir

Silahsızlaşdırılmış zonada mina partlayışı: Seul Pxenyandan üzr tələb edir
Şimali Koreyanın sərhəd postu Aegibong müşahidə məntəqəsindən görünür. Gimpo, Cənubi Koreya, 29 noyabr 2024-cü il.
Reuters

Cənubi Koreya Silahsızlaşdırılmış Zonada (DMZ) mina partlayışı nəticəsində iki hərbçisinin ağır yaralanmasına görə Şimali Koreyadan rəsmi üzr tələb edir və müvafiq cavab tədbirləri hazırlayır. Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Çung Bin-na bildirib.

Mətbuat katibi Seulun hansı addımları atacağını açıqlamasa da, Cənubi Koreyanın Silahsızlaşdırılmış Zonanı iki hissəyə bölən Hərbi Demarkasiya Xəttinin keçdiyi sərhədlə bağlı fikir ayrılıqlarını müzakirə etmək üçün Pxenyanı danışıqlar masasına dəvət etdiyini qeyd edib.

Sentyabrın 21-də 4 kilometr enindəki zonada kəşfiyyat tapşırığını yerinə yetirən üç Cənubi Koreya hərbçisi mina partlayışı nəticəsində xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Araşdırma partlayışa Şimali Koreya minasının səbəb olduğunu müəyyən edib

Seul partlayışa Şimali Koreyanın yerləşdirdiyi minaların səbəb olduğunu bildirərək BMT Komandanlığı ilə birgə aparılan təhqiqatın nəticələrinə istinad edib. Araşdırma zamanı Hərbi Demarkasiya Xəttinin Cənubi Koreya tərəfində Pxenyana məxsus daha bir aktiv piyada əleyhinə mina aşkar edilib. Koreya müharibəsinin başa çatmasını rəsmiləşdirən barışıq sazişinə nəzarət edən BMT Komandanlığı baş verənləri atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.

Mətbuat katibi Çunq Bin-na Pxenyanın xəttin cənubundakı minaları təmizləməli olduğunu vurğulayıb. O, iki ölkə arasında sərhəd xəttinin keçdiyi dəqiq trayektoriya ilə bağlı fikir ayrılıqlarının olduğunu və bunun gərginliyi artırdığını etiraf edib. Ümumilikdə 1 900 nişanla müəyyən edilən 200 kilometrlik Hərbi Demarkasiya Xəttinin bəzi hissələrini onilliklər ərzində hərəkətin məhdudlaşdırılması səbəbindən dəqiq müəyyən etmək çətindir.

Cənubi Koreya “müvafiq tədbirlər” görəcəyini bəyan edib

Cənubi Koreyanın müdafiə naziri Kanq Şin-çul baş verənlərə görə məsuliyyətin Pxenyanın üzərinə düşdüyünü və Seulun adekvat tədbirlər görəcəyini bəyan edib.

Şimali Koreya isə ittihamları rədd edir. KXDR-in rəsmi KCNA agentliyinin məlumatına görə, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Seulun iddialarını əsassız adlandırıb və Pxenyanın sərhəd zonasında qəsdən mina yerləşdirmədiyini bildirib. O, Cənubi Koreyanı təhqiqatın nəticələrini saxtalaşdırmaqda günahlandıraraq, Şimali Koreya hərbçilərinə atəş açılacağı təqdirdə “dərhal və amansız” cavab veriləcəyini bəyan edib və üzr tələbini rədd edib.

Bu sərt bəyanat Cənubi Koreya Prezidenti Li Çje Myonun Pxenyanı dialoqa dəvət etməsindən sonra münasibətlərin yumşalacağına dair ümidlərə kölgə salır. Qeyd edək ki, 2024-cü ildə Kim Çen In Cənubi Koreyanı ölkəsinin “əsas düşməni” elan etdikdən sonra Şimali Koreya qüvvələri sərhədi tamamilə bağlamaq məqsədilə sərhədyanı zonada minalar yerləşdirib və tank əleyhinə sədlər inşa edib.

Teqlər