Qətl hadisəsindən sonra Okinavada ABŞ hərbçilərinə məhdudiyyətlər sərtləşdirilib

Qətl hadisəsindən sonra Okinavada ABŞ hərbçilərinə məhdudiyyətlər sərtləşdirilib
Etirazçı keçirilən aksiyada “Zorakılığın mənbəyi olan ABŞ hərbi bazaları ləğv edilsin” yazılmış plakat tutur. Okinava, Yaponiya, 5 oktyabr 2026-cı il.
Reuters

ABŞ hərbi komandanlığı Yaponiyanın Okinava adasında xidmət edən hərbçilərə tətbiq olunan məhdudiyyətləri sərtləşdirib. Qərar ABŞ dəniz piyadasının qətl törətməkdə şübhəli bilinərək saxlanılmasından sonra qəbul edilib.

Saxlanılan şəxs Okinavadakı Futenma aviabazasında xidmət edən 20 yaşlı ABŞ dəniz piyadası Devin Ceykob Ballarddır.

Yaponiya polisi Ballardı Okinavanın inzibati mərkəzi Naha şəhərində 39 yaşlı Anna Yagini öldürməkdə şübhəli bilir. Hadisənin oktyabrın 3-də səhər saatlarında hoteldə baş verdiyi bildirilir.

İstintaqın məlumatına görə, Yagi boğularaq öldürülüb. Ballard ona qarşı irəli sürülən ittihamları rədd edir. İş prokurorluğa göndərilib.

Hadisədən sonra Okinavadakı ABŞ qüvvələrində 48 saatlıq xüsusi rejim tətbiq olunub. Spirtli içkilərin istifadəsi qadağan edilib, hərbçilərin bazadan kənar fəaliyyəti məhdudlaşdırılıb.

Bundan əlavə, bir aylıq gecə komendant saatı tətbiq olunub. Hərbçilər saat 00:00-dan səhər 05:00-dək bazalarda qalmalıdırlar.

ABŞ Dəniz Piyadaları Korpusunun III Ekspedisiya Qüvvələrinin komandanı general-leytenant Benjamin T. Uotson bildirib ki, hərbçilərin davranışı yerli əhali ilə münasibətlərə və ABŞ-Yaponiya müttəfiqliyinə təsir edir.

48 saatlıq xüsusi rejim müddətində hərbçilər üçün nizam-intizam və davranış qaydaları ilə bağlı məcburi təlimlər keçiriləcək.

Okinavada etirazlar

Hadisə Okinavada yenidən narazılığa səbəb olub. Oktyabrın 4-də etiraz aksiyası keçirilib. İştirakçılar Anna Yaginin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

ABŞ-nin Yaponiyadakı hərbi obyektlərinin böyük hissəsinin Okinavada cəmləşməsi uzun illərdir yerli əhali arasında narazılığa səbəb olur. ABŞ hərbçilərinin iştirakı ilə daha əvvəl baş verən cinayət hadisələri də adada etirazlarla nəticələnib.

Yaponiya hökuməti son hadisə ilə əlaqədar ABŞ tərəfinə etirazını bildirib.

Yaponiyada on minlərlə ABŞ hərbçisi xidmət edir. ABŞ dəniz piyadalarının böyük hissəsi Okinavada yerləşdirilib.

Yaponiyanın müdafiə naziri Şinciro Koizumi bildirib ki, Okinavadakı Kadena aviabazasında keçirilən bəzi uçuş təlimləri bu ayın sonunda müvəqqəti olaraq Tsuiki aviabazasına köçürüləcək.

Koizumi ABŞ hərbi obyektlərinin böyük hissəsinin Okinavada yerləşməsinin yerli əhali üçün ciddi yük yaratdığını bildirib.

Ballardla bağlı cinayət işi üzrə araşdırma davam edir.

Teqlər