Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunda azı 19 nəfər ölüb

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunda azı 19 nəfər ölüb
Fövqəladə hallar xidmətinin əməkdaşları Rusiya raketinin vurduğu yaşayış binasında sakinləri xilas edirlər. Priluki, Ukrayna, 7 oktyabr 2026-cı il.
Reuters

Rusiya gecə saatlarında Ukraynaya müharibənin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində azı 19 nəfər həlak olub. Ölkəyə təxminən 70 raket və çoxsaylı pilotsuz uçuş aparatı buraxılıb.

Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib ki, Priluki şəhərində Rusiya raketinin beşmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 13 nəfər, o cümlədən dörd uşaq həlak olub.

Onun sözlərinə görə, hücum zamanı daha 50 nəfər yaralanıb. Bundan əvvəl rəsmilər Kiyevdə iki, Poltava vilayətində isə daha iki nəfərin öldüyünü bildirmişdilər.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin mərkəzində yerləşən Oleksandriya bölgəsində də iki nəfər həlak olub.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücumların əsas hədəfi ölkənin enerji infrastrukturu olub.

“Rusiya ağır və nümayişkaranə zərbə endirmək istəyirdi”, – Zelenski “Telegram”da yazıb.

“Rusiyanın ballistik raketləri bizim üçün ən böyük problemlərdən biri olaraq qalır. Hazırda hava hücumundan müdafiə sistemləri bizim üçün həyati əhəmiyyət daşıyır”, – o əlavə edib.

Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində yaşayış binalarına, sənaye müəssisələrinə və digər infrastruktur obyektlərinə də ziyan dəyib.

“Ukrayna gecə boyu yenidən Rusiya raketlərinin hücumuna məruz qalıb”, – Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets “Telegram”da bildirib.

“Daha bir yuxusuz gecə, daha bir terror aktı. Bütün bunlara baxmayaraq, insanlar səhər yenə də gündəlik həyatlarına davam etməli və işə getməlidirlər”, – o əlavə edib.

Rusiya “kütləvi zərbə” endirdiyini bildirib

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hücum zamanı 130 PUA, 48 qanadlı raket, həmçinin ballistik və gəmi əleyhinə raketlərdən istifadə edib. Hava hücumundan müdafiə qüvvələrinin ümumilikdə 161 hava hədəfini vurduğu və ya zərərsizləşdirdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə qüvvələrinin Kiyev və Ukraynanın digər bölgələrində yerləşən hərbi-sənaye obyektlərinə “kütləvi zərbə” endirdiyini açıqlayıb.

Fövqəladə hallar xidmətinin əməkdaşları Rusiya raketinin vurduğu yaşayış binasının dağıntıları altından sakinləri xilas edirlər. Priluki, Ukrayna, 7 oktyabr 2026-cı il.
Reuters

Nazirliyin məlumatına görə, hədəflər arasında Ukraynanın “Fire Point” müdafiə şirkətinin “Flamingo” qanadlı raketləri, eləcə də orta və uzaqmənzilli PUA-lar istehsal etdiyi və saxladığı obyektlər olub.

Ötən həftə Zelenski Ukraynanın “Fire Point” şirkətinin istehsal etdiyi ilk yerli ballistik raketdən döyüş şəraitində istifadə olunduğunu bildirmişdi.

Hücum Zelenskinin xəbərdarlığından sonra baş verib

Hücumdan bir neçə saat əvvəl Zelenski sosial şəbəkədə yayımladığı videoda Rusiyanın “kütləvi zərbə” hazırladığı barədə xəbərdarlıq etmişdi.

“The Kyiv Independent” yerli mənbələrə istinadən yazıb ki, yerli vaxtla saat 03:15 radələrində Kiyevdə bir neçə partlayış səsi eşidilib.

Hücumdan sonra dağıntılar. Kiyev, Ukrayna, 7 oktyabr 2026-cı il.
Ukraine's State Emergency Service

Kiyev meri Vitali Kliçko bildirib ki, zərbələr şəhərin cənub-şərqində yerləşən Darnitski və şimal-qərbində yerləşən Podilski rayonlarına dəyib. Hücumdan sonra baş verən yanğında ofis və anbar binası dağılıb.

Ukraynanın şimal-şərqində yerləşən Xarkova hücum nəticəsində iki nəfər yaralanıb. Bu barədə vilayətin rəhbəri Oleq Snequbov məlumat verib.

Prilukidə Rusiya raketinin beşmərtəbəli yaşayış binasına düşməsindən sonra yerli hakimiyyət əvvəlcə azı dörd nəfərin öldüyünü, 20 nəfərin yaralandığını və dağıntılar altında insanların qala biləcəyini bildirmişdi.

Görüntülərdə xilasedicilərin insanları dağıntılar altından çıxardığı görünür.

Ukrayna rəsmiləri və hərbi kəşfiyyatın əvvəlcədən etdiyi xəbərdarlıqlardan sonra Kiyev sakinlərinin bir çoxu şəhərin dərin yeraltı metro stansiyalarına sığınıb.

Ukrayna Rusiyanın neft obyektlərinə zərbə endirib

Bu arada Zelenski bildirib ki, Ukrayna Perm, Samara və Həştərxan bölgələrində Rusiyanın iki neft müəssisəsinə və bir hərbi təlim poliqonuna zərbə endirib.

“Bunlar Rusiyanın xalqımıza qarşı bütün hücumlarına verilən əsaslandırılmış cavablardır”, – Zelenski sosial şəbəkədə yazıb.

Aİ Ukraynaya PUA müdafiəsi üçün 1,24 milyard avro ayırıb

Avropa Komissiyası daha sonra Ukraynaya PUA-ların, onlar üçün sursat və raketlərin, eləcə də PUA əleyhinə sistemlərin alınması üçün 1,24 milyard avro, yəni təxminən 1,4 milyard dollar ayrıldığını açıqlayıb.

Sakin Rusiyanın raket zərbəsinə məruz qalan şəxsi avtomobil qarajlarının ərazisindən keçir. Kiyev, Ukrayna, 7 oktyabr 2026-cı il.
Reuters

“Rusiya məqsədli terror strategiyası yürüdür. İnsanları və infrastrukturu qorumaq üçün Avropa dəstəyini artırır. Digər tərəfdaşlar da öz dəstəyini gücləndirməlidir”, – Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib.

Qara dənizdə hücumdan sonra gəmi batıb

Bundan əvvəl Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında iki mülki gəminin hücuma məruz qaldığı bildirilmişdi. Gəmilərdən biri batıb, digərinə isə ciddi ziyan dəyib.

Zelenski bildirib ki, Bolqarıstan Hərbi Dəniz Qüvvələri ilə birgə aparılan araşdırma hücumun arxasında Rusiyanın dayandığını göstərib.

Lakin “Reuters”in məlumatına görə, Bolqarıstanın Baş naziri Rumen Radev PUA-ların Rusiyaya, yoxsa Ukraynaya məxsus olduğunun hələ müəyyən edilmədiyini bildirib.

Dəniz təhlükəsizliyi üzrə mənbə ilkin qiymətləndirmənin hücumun böyük ehtimalla Rusiya tərəfindən həyata keçirildiyini göstərdiyini deyib. Moskva hadisə ilə bağlı açıqlama verməyib.

Rusiyanın Ukraynaya son zərbələri Kiyevin Moskva və ətraf bölgələrə endirdiyi hücumdan sonra baş verib. Həmin hücum nəticəsində iki nəfər ölüb və iri yanacaq obyektində yanğın başlayıb.

Teqlər