Nobel Sülh Mükafatı: Qalib necə seçilir və bu il kimlər mükafat ala bilər?

Nobel Sülh Mükafatı: Qalib necə seçilir və bu il kimlər mükafat ala bilər?
Nobel Sülh medalının surəti. Oslo, Norveç, 10 oktyabr 2025-ci il.
Reuters

2026-cı il üzrə Nobel Sülh Mükafatının qalibi oktyabrın 9-da açıqlanacaq. Dünyanın ən nüfuzlu mükafatlarından birinin kimə veriləcəyi böyük maraq doğurur.

Hər il minlərlə şəxs və təşkilat Nobel Sülh Mükafatına namizəd göstərilir. Lakin qalibin seçilməsi prosesi ictimaiyyət üçün əsasən qapalı qalır.

Namizədlərin adları onilliklərdir ki, məxfi saxlanılır. Mükafatın kimə veriləcəyinə isə Norveçdə fəaliyyət göstərən beş nəfərlik komitə qərar verir.

Bəs Nobel Sülh Mükafatına namizədlər necə irəli sürülür, qalib hansı meyarlarla seçilir və bu il mükafatı kim qazana bilər?

Bu il kimlər namizəd göstərilib?

2026-cı ildə Nobel Sülh Mükafatına ümumilikdə 287 namizəd irəli sürülüb. Onlardan 208-i şəxs, 79-u isə təşkilatdır.

Lakin namizədlərin kimliyi ictimaiyyətə açıqlanmır.

Namizədlərin və onları irəli sürən şəxslərin adları, eləcə də namizədliklə bağlı məlumatlar 50 il məxfi saxlanılır. Sənədlər Osloda yerləşən Norveç Nobel İnstitutunun zirzəmisindəki xüsusi mühafizə olunan yerdə qorunur.

Bununla belə, bəzi namizədlərin adları ictimaiyyətə məlum ola bilər. Dünyada minlərlə insanın namizəd irəli sürmək hüququ var və onlar təklif etdikləri şəxslərin və ya təşkilatların adlarını açıqlaya bilərlər.

Bu səbəbdən mükafatın elanından əvvəl mediada adı çəkilən şəxslərin rəsmi namizədliyini hər zaman təsdiqləmək mümkün olmur.

Donald Tramp Nobel Sülh Mükafatını qazana bilərmi?

ABŞ Prezidenti Donald Tramp səkkiz müharibəni həll etdiyini əsas gətirərək Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.

ABŞ Prezidenti Donald Tramp FIFA-nın ilk Sülh Mükafatına layiq görülərkən medalla təltif olunur. 5 dekabr 2025-ci il.
Reuters

Kamboca, İsrail və Pakistan liderləri Trampın namizədliyini irəli sürdüklərini açıqlayıb və onun mükafata layiq görülməsini dəstəkləyiblər.

Lakin rəsmi namizədlik sənədləri məxfi saxlanıldığı üçün bu açıqlamaları müstəqil şəkildə təsdiqləmək mümkün deyil.

Ekspertlərin fikrincə, Trampın namizədliyi irəli sürülsə belə, onun qalib gəlmək şansı çox azdır.

Mükafatı qazanmağa əsas namizədlər kimlərdir?

Hər il olduğu kimi, bu dəfə də qalibin elanından əvvəl müxtəlif ehtimallar səsləndirilir.

Bu il mükafata mümkün iddiaçılar kimi Roma Papası XIV Leo, Beynəlxalq Cinayət Məhkəməsi (BCM), Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) və BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanesenin adı çəkilir.

Mümkün namizədlərdən biri də Sudanda vətəndaş müharibəsi zamanı əhaliyə zəruri yardım göstərən yerli icma qruplarını birləşdirən “Emergency Response Rooms” şəbəkəsidir.

Münaqişələrdən zərər çəkən uşaqlara yardım göstərən “Save the Children” (Uşaqların xilası) təşkilatının da adı müzakirə olunur.

Daha qeyri-adi namizədlərdən biri isə Beynəlxalq Kosmik Stansiyadır (BKS).

ABŞ, Rusiya və Avropa ölkələrinin iştirak etdiyi bu layihə siyasi fikir ayrılıqlarına baxmayaraq, dövlətlər arasında əməkdaşlığın mümkün olduğunu göstərən nümunə kimi qiymətləndirilir.

Qalibi kim müəyyən edir?

Nobel Sülh Mükafatının qalibini Norveç parlamentinin təyin etdiyi beş üzvdən ibarət Norveç Nobel Komitəsi müəyyənləşdirir.

Komitəyə əsasən, siyasi fəaliyyətini başa vurmuş şəxslər seçilir. Bununla yanaşı, digər sahələrin nümayəndələri də komitədə təmsil olunurlar.

Norveç Nobel Komitəsinin hazırkı sədri Yorqen Vatne Fridnesdir. O, ifadə azadlığının müdafiəsi ilə məşğul olan Norveç PEN təşkilatına da rəhbərlik edir. Üzvlərdən biri isə akademik sahədə fəaliyyət göstərir.

Komitənin tərkibi Norveç parlamentindəki siyasi qüvvələr nisbətini əks etdirir. Parlamentdə təmsil olunan partiyalar komitə üzvlüyünə namizədlər irəli sürürlər.

Nobel Sülh Mükafatı hansı meyarlarla verilir?

Mükafatın verilməsi meyarları bir əsrdən çox əvvəl Nobel mükafatlarını təsis etmiş isveçli sənayeçi Alfred Nobelin vəsiyyətnaməsinə əsaslanır.

Nobel vəsiyyətnaməsində Sülh Mükafatının xalqlar arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi, daimi orduların ləğvi və ya azaldılması, eləcə də sülh konqreslərinin təşkili və təşviqi istiqamətində ən böyük töhfə vermiş şəxsə təqdim edilməsini nəzərdə tutub.

Lakin bu meyarların müasir dünyada tətbiqi həmişə birmənalı deyil.

Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken bildirib ki, mükafatla bağlı qərar verilərkən müasir dövrün reallıqları nəzərə alınmalıdır.

Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken Norveç Nobel İnstitutundakı iş otağında. Oslo, Norveç, 5 oktyabr 2026-cı il.
Reuters

Harpviken komitənin işinə hazırlıq prosesində və müzakirələrdə iştirak etsə də, səsvermə hüququna malik deyil.

O, 2025-ci ildə “Reuters” agentliyinə müsahibəsində seçim prosesini belə izah edib:

“Komitə üzvləri dünyada baş verən hadisələri, qlobal tendensiyaları, əsas narahatlıq doğuran məsələləri və ən perspektivli prosesləri nəzərdən keçirirlər”.

Harpvikenin sözlərinə görə, bu proseslər konkret sülh danışıqlarından tutmuş hazırlanmaqda olan və ya yaxın vaxtlarda qəbul edilmiş yeni beynəlxalq sazişlərə qədər müxtəlif təşəbbüsləri əhatə edə bilər.

Başqa sözlə, komitə yalnız ənənəvi mənada sülhün təmin olunmasına töhfə verən şəxsləri qiymətləndirmir. Sülhə və beynəlxalq əməkdaşlığa daha geniş təsir göstərə biləcək təşəbbüslər, sazişlər və mühüm proseslər də nəzərə alınır.

Kimlər namizəd irəli sürə bilər?

Nobel Sülh Mükafatına namizəd irəli sürmək hüququ kifayət qədər geniş şəxslər dairəsinə verilib.

Onlar arasında hökumət və parlament üzvləri, fəaliyyətdə olan dövlət başçıları, universitet rektorları, tarix, sosial elmlər, hüquq və fəlsəfə professorları var.

Nobel Sülh Mükafatının əvvəlki laureatları da namizəd irəli sürə bilərlər.

2026-cı il üçün namizədliklərin təqdim olunması müddəti yanvarın 31-də başa çatıb.

Norveç Nobel Komitəsinin üzvləri də namizəd təklif edə bilərlər. Lakin onlar bunu fevralda keçirilən ilk komitə iclasından gec olmayaraq etməlidirlər.

Komitə qalibi necə müəyyənləşdirir?

Namizədliklərin qəbulu başa çatdıqdan sonra komitə seçim prosesinə başlayır.

Əvvəlcə bütün namizədliklər nəzərdən keçirilir və namizədlərin qısa siyahısı hazırlanır.

Daha sonra daimi məsləhətçilər və digər ekspertlər siyahıya daxil edilən namizədlərin fəaliyyətini, gördükləri işləri və töhfələrini qiymətləndirirlər.

Komitə namizədləri müzakirə etmək üçün adətən ayda bir dəfə toplanır.

Harpvikenin sözlərinə görə, yekun qərar, əsasən, avqust və ya sentyabr aylarında qəbul edilir.

Komitə üzvləri qərarı qarşılıqlı razılıq əsasında verməyə çalışırlar. Razılıq əldə olunmadıqda isə qalib səs çoxluğu ilə müəyyənləşdirilir.

Seçim prosesi bəzən ciddi fikir ayrılıqları ilə müşayiət olunur.

Sonuncu dəfə komitə üzvlərindən biri 1994-cü ildə etiraz əlaməti olaraq istefa verib. Buna səbəb Nobel Sülh Mükafatının Fələstin lideri Yasir Ərəfat, İsrail siyasətçiləri Şimon Peres və İshaq Rabin arasında bölüşdürülməsi olub.

Qalib nə ilə mükafatlandırılır?

Nobel Sülh Mükafatı laureata beynəlxalq nüfuzla yanaşı, pul mükafatı da qazandırır.

Qalibə qızıl medal, diplom və 12 milyon İsveç kronu (təxminən 1,2 milyon ABŞ dolları) təqdim olunur.

Lakin mükafatın ən mühüm cəhətlərindən biri laureatın fəaliyyətinə beynəlxalq diqqətin artmasıdır.

Qalib nə vaxt açıqlanacaq?

2026-cı il üzrə Nobel Sülh Mükafatının qalibi oktyabrın 9-da Osloda, Norveç Nobel İnstitutunda elan ediləcək.

Qalibin adını Norveç Nobel Komitəsinin sədri açıqlayacaq.

Mükafatlandırma mərasimi isə dekabrın 10-da Oslo meriyasında keçiriləcək. Bu tarix Alfred Nobelin vəfatının ildönümüdür.

Alfred Nobelin büstü Norveç Nobel İnstitutunun binası qarşısında. Oslo, Norveç, 9 sentyabr 2025-ci il.
Reuters

Namizədlərin rəsmi siyahısı məxfi saxlanılacaq. Növbəti Nobel Sülh Mükafatı laureatının kimliyi isə qalibin elanına qədər sirr olaraq qalacaq.

Teqlər