ABŞ-də immiqrasiya əməliyyatı zamanı beş yaşlı uşağın olduğu avtomobilə atəş açılıb

ABŞ-də immiqrasiya əməliyyatı zamanı beş yaşlı uşağın olduğu avtomobilə atəş açılıb
ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşlarının iştirak etdiyi bildirilən atışmadan sonra bir kişi saxlanılır. Nyu-York, ABŞ, 8 oktyabr 2026-cı il.
Reuters

ABŞ-nin federal immiqrasiya xidmətinin əməkdaşları oktyabrın 8-də Nyu-Yorkun Bronks rayonu ilə həmsərhəd Marbl-Hill ərazisində avtomobildə olan kişiyə atəş açaraq onu yaralayıblar. Avtomobildə beş yaşlı uşaq da olub.

Bu barədə şəhər rəsmiləri, polis və hadisə şahidləri məlumat veriblər.

Hadisə yerli vaxtla saat 16:00 radələrində baş verib. Kişinin aldığı xəsarətlərin həyatı üçün təhlükəli olmadığı bildirilir.

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) məlumatına görə, federal əməkdaşlar əvvəllər cinayətə görə məhkum olunmuş Dominikan Respublikası vətəndaşını həbs etmək üçün əməliyyat keçiriblər. Əməliyyat zamanı ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşı atəş açıb.

Nazirlik həmin şəxsin əsasən dominikan əsilli amerikalılardan ibarət “Trinitarios” cinayətkar dəstəsi ilə əlaqəli olduğunu da iddia edib.

Nyu-York Polis Departamentinin (NYPD) komissarı Cessika Tiş bildirib ki, həmin şəxs 2023 və 2025-ci illərdə şəhərdə iki dəfə həbs olunub.

Nyu-York meri Zöhran Məmdaninin sözlərinə görə, ilkin məlumatlar federal əməkdaşların avtomobili mühasirəyə aldığını və içəridə uşaq olmasına baxmayaraq, bir neçə dəfə atəş açdığını göstərir.

Beş yaşlı oğlan xəsarət almayıb. Polis uşağı ailə üzvlərindən birinin yanında tapıb.

Məmdani bildirib ki, həmin şəxsin azadlığa buraxılması üçün ABŞ Prezidenti Donald Tramp və daxili təhlükəsizlik naziri Markueyn Mallinlə danışıb, lakin danışıqlar nəticə verməyib. O, həmçinin ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətindən (ICE) Nyu-Yorkda immiqrasiya reydlərini dayandırmağı tələb edib.

Yaxınlıqdakı restoranlardan birində çalışan Pedro Almaraz atəş səsləri eşitdiyini və ICE əməkdaşlarına məxsus üç-dörd avtomobil gördüyünü bildirib.

Onun sözlərinə görə, Nyu-York polisi hadisə yerinə təxminən 10 dəqiqə sonra gəlib. Yaralı kişi isə təcili tibbi yardım maşını gəldikdən sonra avtomobildən çıxarılıb.

Donald Tramp 2025-ci ilin yanvarında yenidən prezident vəzifəsinə başladıqdan sonra federal immiqrasiya xidmətinin əməkdaşları azı 21 nəfərə atəş açıblar. Onlardan yeddisi həlak olub.

Tramp administrasiyasını tənqid edənlər bildirirlər ki, deportasiyaların artırılması siyasəti zorakı qarşıdurmaların çoxalmasına səbəb olub.

Tramp miqrantlarla bağlı çıxışlarında onları tez-tez dələduzluq və zorakı cinayətlərlə əlaqələndirir.

Teqlər