Tramp: “Azərbaycan-Ermənistan münaqişəsini həll etməyim Putini təəccübləndirdi”

Tramp: “Azərbaycan-Ermənistan münaqişəsini həll etməyim Putini təəccübləndirdi”
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın əllərindən tutur. Vaşinqton, ABŞ, 8 avqust 2025-ci il.
Reuters

ABŞ Prezidenti Donald Tramp bildirib ki, 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə olunmasına vasitəçilik etməsi Rusiya Prezidenti Vladimir Putini təəccübləndirib.

Tramp bu barədə oktyabrın 9-da Nyu-York ştatının Sirakuz şəhərində keçirilən mitinqdə danışıb.

“Əslində, Putin buna inana bilmirdi. O mənə dedi ki, 10 ildir bu münaqişəni həll etməyə çalışır, amma bacarmayıb. Mən isə bunu iki günə etdim”, – deyə Tramp tərəfdarları qarşısında çıxış edərkən bildirib.

ABŞ Prezidenti Donald Tramp seçkiqabağı mitinqdə iştirak edir. Sirakuz, Nyu-York ştatı, ABŞ, 9 oktyabr 2026-cı il.
Reuters
Tramp Norveç Nobel Komitəsini tənqid edib

ABŞ Prezidenti Donald Tramp çıxışında Nobel Sülh Mükafatına layiq görülməməsindən yenidən narazılığını bildirib.

“Bu, Norveçin və belə biabırçı, utancverici qərar qəbul edənlərin üzərində silinməz ləkədir”, – deyə Tramp bildirib.

Nobel Sülh Mükafatının laureatını Norveç Nobel Komitəsi müəyyən edir. Mükafat hər il Norveçin paytaxtı Osloda təqdim olunur.

Oktyabrın 9-da Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Navi Pillay 2026-cı il üzrə Nobel Sülh Mükafatının laureatı elan edilib. O, İsrailin Qəzza zolağında soyqırımı törətdiyi qənaətinə gələn BMT-nin araşdırma komissiyasına rəhbərlik edib.

Tramp Pillayı tanımadığını bildirib.

“Mən bu şəxs haqqında heç vaxt eşitməmişəm. Heç kim eşitməyib”, – deyə o bildirib.

ABŞ Prezidenti həmçinin heç bir sübut təqdim etmədən Şimali və Cənubi Koreya, Yaponiya və Şimali Koreya, eləcə də Çin və Tayvan arasında müharibələrin qarşısını almağa kömək etdiyini iddia edib.

Mayk Tayson Trampı tərifləyib

Mitinqdə ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson da Trampla birlikdə səhnəyə çıxıb. Onlar tərəfdarları qarşısında bir-birini tərifləyib və zarafat ediblər.

Keçmiş peşəkar boksçu Mayk Tayson seçkiqabağı mitinqdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp onu izləyir. “The Oncenter” kompleksi, Sirakuz, Nyu-York ştatı, ABŞ, 9 oktyabr 2026-cı il.
Reuters

Tayson Trampı dəstəklədiyini bildirib. ABŞ Prezidenti isə Taysonun boks döyüşlərini izlədiyini xatırladıb və onunla rinqə çıxmaq istəməyəcəyini zarafatla deyib.

Mitinq noyabrda keçiriləcək seçkilər ərəfəsində Nyu-York ştatının qubernatorluğuna Respublikaçılar Partiyasından namizəd olan Brüs Bleykmenə və partiyanın digər namizədlərinə dəstək məqsədilə təşkil edilib.

Teqlər