Husilər Səudiyyə Ərəbistanının hava limanları ilə bağlı xəbərdarlıq edib

Husilər Səudiyyə Ərəbistanının hava limanları ilə bağlı xəbərdarlıq edib
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanının yanacaq anbarları ərazisindən qatı qara tüstü yüksəlir. 19 sentyabr 2026-cı il.
Reuters

Yəmən husiləri aviaşirkətləri və sərnişinləri Səudiyyə Ərəbistanının hava limanlarından istifadə etməməyə çağırıblar. Onlar hücumların qarşısının alına bilməməsinə görə krallığı günahlandırıblar. Xəbərdarlıq Ər-Riyad hava limanına 12 nəfərin öldüyü hücumdan bir gün sonra edilib.

⦿ 18:04 | YENİLƏNİB

Yəmənin Səna hava limanına zərbə endirildiyi bildirilir

Reuters

Husilərin nəzarətində olan Yəmənin “Əl-Məsirə” telekanalı oktyabrın 11-də Səna Beynəlxalq Hava Limanına zərbə endirildiyini bildirib. Telekanal hücumun Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirildiyini iddia edib.

Səudiyyə Ərəbistanı tərəfi hadisəyə münasibət bildirməyib.

⦿ 17:48 | YENİLƏNİB

Hörmüz boğazında tankerə zərbə endirilib

Reuters

Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) oktyabrın 11-də yaydığı məlumata görə, Hörmüz boğazından çıxmaqda olan tankerin sol tərəfinə naməlum mərmi dəyib.

Zərbə nəticəsində gəmiyə ziyan dəysə də, heyət üzvlərindən heç kim xəsarət almayıb. Ətraf mühitə ziyan dəyməsi barədə də məlumat verilməyib.

⦿ 17:42 | YENİLƏNİB

Rusiya Ər-Riyad hava limanına hücumu pisləyib

Reuters

Rusiyanın Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına hücumu pisləyib. Bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Yaxın Şərqdəki vəziyyət yalnız regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla diplomatik yollarla həll edilə bilər.

⦿ 16:40 | YENİLƏNİB

“Kuwait Airways” Ər-Riyada uçuşları ləğv edib

“Kuwait Airways” aviaşirkəti Səudiyyə Ərəbistanı rəsmilərinin Kral Xalid Beynəlxalq Hava Limanının fəaliyyətini müvəqqəti dayandırmasından sonra oktyabrın 11-də Ər-Riyada və oradan həyata keçirilməsi planlaşdırılan iki reysi ləğv edib.

Bundan əvvəl “Jazeera Airways” Ər-Riyada uçuşlarında fasilələr yarandığını bildirib. Hindistanın “Akasa Air” aviaşirkəti isə Səudiyyə Ərəbistanına bütün uçuşların dayandırılması müddətini oktyabrın 13-dək uzadıb.

⦿ 15:00  | YENİLƏNİB

Ukrayna Ər-Riyad hava limanına hücumu pisləyib

Ukrayna oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən raket hücumunu kəskin şəkildə pisləyib. Hücum nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mülki infrastruktura hücumları beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. O, həlak olanların ailələrinə başsağlığı verib və Ukraynanın Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bir daha vurğulayıb.

⦿ 14:25 | YENİLƏNİB

Yəmən ordusu husilərin mövqelərinə hava zərbələri endirib

Anadolu

Yəməndə hərbi gərginliyin artdığı bir vaxtda ölkə ordusu cənub-qərbdə yerləşən Taiz vilayətində husilərin mövqelərinə hava zərbələri endirib.

Yəmən ordusunun Taiz Hərbi Komandanlığının açıqlamasına görə, hava zərbələri Taiz şəhərinin şərqindəki əl-Məqrami, əl-Caaşa və əs-Səllal təpələrində husilərin mövqelərini, toplaşdıqları əraziləri və nəqliyyat vasitələrini hədəf alıb. Vilayətin cənubundakı Əqruz cəbhəsində yerləşən Hisn əl-Muxaf və Bəlaan bölgələri də hava zərbələrinə məruz qalıb.

Açıqlamada mümkün insan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

⦿ 14:15 | YENİLƏNİB

Pakistan husilərin hücumunu kəskin şəkildə pisləyib

Pakistan Yəmən husilərinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı əsas hava limanına hücumunu kəskin şəkildə pisləyib.

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrın 11-də bildirib: “Mülki şəxslərə və mühüm infrastruktur obyektlərinə qarşı hücumlar qətiyyən qəbuledilməzdir və regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır”.

Şərif əlavə edib: “Bu cür zorakılıq aktları beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və onlara dərhal son qoyulmalıdır”.

⦿ 14:00 | YENİLƏNİB

Aİ rəsmisi təhlükəli eskalasiya barədə xəbərdarlıq edib

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Yəmən husilərinin Ər-Riyad hava limanına son hücumunu təhlükəli eskalasiya adlandırıb. O, bunun hava limanına indiyədək həyata keçirilmiş ən çox insan tələfatına səbəb olan husi hücumu olduğunu bildirib.

“Husilərin Ər-Riyad hava limanına həyata keçirdiyi və indiyədək ən çox insan tələfatına səbəb olan hücum təhlükəli eskalasiyadır”, – Ursula Fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.

“Hücumun qurbanlarının və onların ailələrinin dərdinə şərikik”, – deyən Avropa Komissiyasının Prezidenti Səudiyyə Ərəbistanı və xalqı ilə həmrəy olduğunu bildirib.

⦿ 13:46 | YENİLƏNİB

BMT Baş katibi husilərin hücumunu pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş husilərin Ər-Riyadın əsas hava limanına hücumunu pisləyib. Hücum nəticəsində azı 12 nəfər həlak olub, yüzlərlə mülki şəxs yaralanıb.

⦿ 13:22 | YENİLƏNİB

Suriya Ər-Riyad hava limanına husi hücumunu pisləyib

Anadolu

Suriya oktyabrın 10-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına husilərin təşkil etdiyi və insan tələfatına səbəb olan hücumu pisləyib. Dəməşq Səudiyyə Ərəbistanının təhlükəsizliyinin Suriya və bütün regionun təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Suriya Xarici İşlər Nazirliyinin “X” platformasında yaydığı bəyanatda hücum “Səudiyyə Ərəbistanının suverenliyinin pozulması, ölkənin təhlükəsizliyinə və sabitliyinə, eləcə də mülki şəxslərin, mülki obyektlərin və hava nəqliyyatının təhlükəsizliyinə birbaşa təhdid” kimi qiymətləndirilib.

⦿ 13:12 | YENİLƏNİB

Ər-Riyadda WPC Enerji Konqresi başlayıb

Reuters

Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin məlumatına görə, oktyabrın 11-də Ər-Riyadda 25-ci WPC Enerji Konqresi işə başlayıb.

Tədbirin açılışı paytaxtdakı Kral Xalid Beynəlxalq Hava Limanına insan tələfatı ilə nəticələnən hücumdan bir gün sonraya təsadüf edib. Hücum səbəbindən hava limanında uçuşlar müvəqqəti dayandırılmışdı.

⦿ 12:58 | YENİLƏNİB

ABŞ son hücumları pisləyib

Reuters

ABŞ-nin dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına son hücumları kəskin pisləyib.

O, hücumlar nəticəsində bir ABŞ vətəndaşının həlak olduğunu bildirib.

“Bu qəbuledilməz hücumlar günahsız mülki insanların həyatına açıq-aşkar etinasızlıqdır. Belə hücumlara dərhal son qoyulmalıdır”, – Rubio “X” platformasında yazıb.

⦿ 12:54 | YENİLƏNİB

ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib

Reuters

ABŞ ordusu Oman körfəzində kommersiya yük gəmisini hərəkətsiz vəziyyətə saldığını açıqlayıb. Bildirilib ki, gəminin heyəti xəbərdarlıqlara məhəl qoymayaraq İrana qarşı tətbiq olunan dəniz blokadasını yarmağa çalışıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” platformasında yaydığı açıqlamada deyilir:

“ABŞ-yə məxsus qırıcı təyyarə Panama bayrağı altında üzən ‘Ocean Molica’ (‘Arika Sun’ adı ilə də tanınır) gəmisinin arxa hissəsinə dəqiq idarə olunan döyüş sursatı ilə zərbə endirib. Nəticədə gəminin hərəkət sistemi tamamilə sıradan çıxıb, heyət üzvlərindən isə heç kim xəsarət almayıb”.

CENTCOM-un məlumatına görə, yük gəmisi İran limanlarından birini tərk etdikdən sonra bölgə sularından keçərək blokadanı yarmağa cəhd edib.

Teqlər